azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Sənaye müəssisələri

İşğala qədərki dövr ərzində Dağlıq Qarabağ Muxtar Vilayəti sosial-iqtisadi cəhətdən Azərbaycanın ən yüksək inkişaf etmiş regionlarından biri olmuşdur. Çoxsahəli sənayenin, kənd təsərrüfatının, sosial-infrostrukturanın inkişafı sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Vilayətin iqtisadiyyatının möhkəmlənməsində, iqtisadi əlaqələrin ümumi dövriyyəsində Azərbaycanın digər regionlarının xüsusi çəkisi 90 faizdən çox olmuşdur. Bəhs olunan işğala qədərki dövrdə Ermənistan SSR-in bu sahədəki payı isə 2 faizdən də az olmuşdur ki, bu da guya DQMV-nin Ermənistan SSR-in iqtisadi həyatından tam asılılığı barədə akademik A.Aqanbeqyanın və digərlərinin fikirlərinin əsassızlığını əyani şəkildə sübut edir. Xankəndi Azərbaycanın müasir sənayeyə malik şəhərlərindən biri idi. Sənayenin əsasını ipəkçilik, tikinti materialları sənayesi, elektrotexnika, ayaqqabı, maşınqayırma, toxuculuq, musiqi alətləri, mebel, ət-süd sənayesi, qənnadı və un məmulatıları, konyak, şərab və s. təşkil edirdi. Xankəndi şəhəri ipək istehsalına görə respublikamızın ikinci mərkəzi idi. Çox təəssüflər olsun ki, erməni şovinistlərinin Azərbaycana qarşı ərazi iddiaları və bütün bunların nəticəsində yaranan qarışıqlıq sənayenin digər sahələri kimi ipəkçiliyə də ağır zərbə vurdu.
Xankəndi şəhərində ipək parça məhsullarının, geniş çeşidli trikotaj, tikiş məmulatları və digər hazır məhsul istehsalının həcmi artırdı. “Qarabağ ipək kombinatı”nda 12 adda ipək parça hazırlanırdı. Kombinat respublika ipəkçilik sənayesi məhsullarının 36 faizini verirdi. Xammala olan çatışmazlıq Ukraniyadan, Özbəkistandan, Tacikistandan, həmçinin Dağlıq Qarabağ Muxtar Vilayətinə qonşu olan rayonlardan almaq hesabına aradan qaldırırdı. Xankəndi tikinti materialları kombinatında yüksək keyfiyyətli mişar daşı, kərpic, üzlük tavanlar, mərmər bloklar istehsal olunurdu.
Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılan sənaye müəssisələrindən biri Xankəndi ayaqqabı fabriki idi. Əsası 1970-ci ildən qoyulan və tam olaraq 1972-ci ildə istifadəyə verilmişdir. Dinamik inkişaf edən sənaye sahələrindən biri də şərabçılıq sənayesi idi. Vilayətdə 5 yeni şərabçılıq zavodları tikilib istifadəyə verilməsi, burada hər bir avadanlığın quraşdırılması yüksək keyfiyyətli, beynəlxalq standartlara uyğun məhsulların istehsalına zəmin yaratmışdır.
Elektrotexnika zavodu şəhər sənayesində mühüm yerlərdən birini tuturdu. Müəssisədə stolüstü ventilyatorlar, müasir tipli elektrik çıraqları, lampalar, ümumilikdə isə 14 növ məhsul istehsal olunurdu.
60-cı illərin sonlarında Mebel fabrikinin fəaliyyətə başlaması ilə sənayedə yeni bir canlanma yarandı. Fabrikdə qiymətli ağac növlərindən mebel, masa, kürsü, kreslo, çarpayı, məişət əşyaları və digər məmulatlar istehsal olunurdu.
Xankəndi tikiş fabrikində yeni korpusların yaradılması və avadanlıqların yeniləri ilə əvəz olunması istehsal həcmini daha da artırmışdı. Fabrikin istehsal etdiyi məhsullara respublikada və onun hüdudlarından kənarda böyük tələbat var idi.
1980-ci illərin əvvəllərində istehsal artımına görə fərqlənən sənaye müəssisələrindən biri də Xankəndi süd kombinatı idi. Kombinatın bütün sexlərinin yeni avtomat qurğularla təmin edilməsi nəticəsində süd və süd məhsullarında, pendir və yağ istehsalında böyük artım müşahidə edilmişdi. Süd kombinatında quru süd zərdabı hazırlayan sex fəaliyyət göstərirdi ki, bu da respublikada yeganə belə sex idi. Süd və süd məhsullarının adam başına düşən istehsal səviyyəsinə görə Xankəndi şəhəri Azərbaycan SSR-in şəhərləri arasında ilk yerlərdən birini tuturdu.