azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Dağliq Qarabağ Muxtar Vilayətinin etnik tərkibi, sosial-iqtisadi, mədəni inkişafi

Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin etnik tərkibi (əhali siyahıyaalmaları üzrə; min nəfərlə)

Etnik tərkib1939195919701979
mütləq%mütləq%mütləq%mütləq%
Bütün əhali150,8100130,4100150,3100 162,3100
ermənilər132,888,1110,184,4121,180,5 123,175,9
azərbaycanlılar14,19,418,013,827,218,1 37,323,0
ruslar3,22,11,81,4 1,30,9 1,30,8

Qaynaq: Достижения Нагорного Карабаха в девятой пятилетке. Стат. сб. Степанакерт, 1976, с.8, Самед-заде З. Указ.соч., с.31
SSRİ-nin dağılması ərəfəsində keçirilən 1989-cu il əhali siyahıyaalması dövrün təsirinə məruz qalsa1 da, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi həmin siyahıyaalmanın materialları əsasında Dağlıq Qarabağ Muxtar Vilayətinin etnik xəritəsini çap etdirmişdir. Həmin xəritədən aydın olduğu kimi 1989-cu il sovet əhali siyahıyaalmasının yekunlarına görə Dağlıq Qarabağ Muxtar Vilayətinin 187,8 min nəfərlik əhalisinin 145,4 mini (77%) erməni, 40,3 mini (21,5%) azərbaycanlı olmuşdur.

Göründüyü kimi, 1939-1979-cu il əhali siyahıya almalarına görə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisi içərisində azərbaycanlıların sayı müəyyən dərəcədə artmışdır. Bu erməni separatçılarının təqiblərinə baxmayaraq, azərbaycanlıların öz doğma torpaqlarına bağlılığı və onların içərisində təbii artımın üstün olması ilə əlaqədar olmuşdur.2 Ermənilərin isə, əksinə, miqrasiyaya meylli olmaqları ilə bərabər, təbii artımları da aşağı olmuşdur. 1989-cu il əhali siyahıyaalması ərəfəsində Mərkəzdən bütün vasitələrlə himayə olunan erməni separatçılarının vilayətin etnik tərkibində azərbaycanlıların sayını süni şəkildə azaltmaq cəhdləri isə azərbaycanlıların nisbi sayının 23%-dən 21,5%-ə endirilməsinə səbəb olmuşdur.

Dağlıq Qarabağın bir tərəfdən Azərbaycanın, tarixi torpaqları kimi onun tərkibində saxlanması və bununla da digər Azərbayan torpaqları ilə tarixi bağlılıq ənənələrini davam etdirməsi, digər tərəfdən Dağlıq Qarabağ Muxtar Vilayətinə Azərbaycanın göstərdiyi xüsusi qayğı bu diyarın sovet hakimiyyəti illərində sosial-siyasi və iqtisadi inkişafı üçün müstəsna şərait yaratdı. Lakin 1980-ci illərin sonlarında Dağlıq Qarabağı Azərbaycandan ayırmağı qarşılarına məqsəd qoymuş erməni "ideoloqları" və onların himayəçiləri bunu açıq-aşkar inkar etməyə başladılar. Lakin faktlar faktlığında qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində nə qədər yüksək inkişafa nail olması Vilayət Statistika idarəsinin Stepanakertdə nəşr etdirdiyi statistik məcmuələrdə əksini tapmışdır.3 Sonralar məhz həmin Stepanakert bu nəşrlərə göz yummağa çalışmışdır. Halbuki onlara göz yummaq deyil, daha diqqətlə yanaşmağa böyük ehtiyac vardır. Statistik məcmuələrdən biri muxtar vilayətin yaranmasından keçən 40 il ərzində (1923-1963) mədəniyyət, iqtisadiyyat, səhiyyə və s. sahələrdəki vəziyyət barədə yazmışdır: İnqilaba qədər (yəni 1917-i il Oktyabr çevrilişinədək) Dağlıq Qarabağda orta ixtisas təhsilli müəssisələr, kütləvi kitabxanalar, teatrlar yox idi. Şuşa şəhərində yalnız üç xüsusi mədəni-maarif müəssisəsi və bir xüsusi kinoteatr var idi. Hazırda Dağlıq Qarabağ Muxtar Vilayətində min nəfər şagirdin təhsil aldığı beş xüsusi orta təhsil müəssisəsi vardır. 930 min nüsxədən çox kitab fondu olan 164 kitabxana fəaliyyət göstərir. Kütləvi kitabxanalardan 150-si kənd yerlərindədir, onların kitab fondu 630 min nüsxəyə çatır. Stepanakert şəhərində M.Qorki adına Erməni Dövlət dram teatrı, Dövlət mahnı və rəqs ansamblı vardır. Vilayətdə 176 klub müəssisəsi vardır… Dağlıq Qarabağ elmi müəssisələrə də malikdir… Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranmasının ilk günündən ana dilində (erməni dilində) "Sovetakan Karabax" qəzeti çap olunur.4 Kənd təsərrüfatından bəhs olunarkən Dağlıq Qarabağın xış diyarından traktor və kombayn diyarına çevrildiyi təsdiq olunur. 1963-cü ilin əvvəllərində Dağlıq Qarabağın kənd təsərrüfatında 1,4 min ədəd traktor, 224 kombayn, 670 yük avtomobili və minlərlə digər müasir kənd təsərrüfat maşını olduğu göstərilir.5 40 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətinin sənaye potensialının reallaşdırılmasında da xeyli iş görülmüşdü. 1940-cı ilə nisbətən 1962-ci ildə bütün sənayenin ümumi məhsulu 341%, elektrik enerjisi 945 % və sairə artmışdı.6 1960-cı illərin ortalarından sonra da vilayətin sosial-iqtisadi həyatı dinamik inkişaf etmişdi.

1965-1987-ci illərdə bütövlükdə Azərbaycan SSR, o cümlədən onun Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə iqtisadi və sosial inkişafa dair göstəricilərin müqayisəsi həmin dövrdə muxtar vilayətin nə qədər yüksək templə tərəqqi etdiyini çox aydın göstərir.7 Buradan aydın olur ki, 1987-ci ildə hər 10 min nəfərdən sənayedə çalışanların sayı respublika üzrə 686, Naxçıvan MSSR üzrə 387 olduğu halda, Dağlıq Qarabağ Muxtar Vilayətində 657 olmuşdu. Adambaşına düşən ümumi kənd təsərrüfatı məhsulları müvafiq olaraq 588, 501 və 692 (!) idi və i.a. Sosial inkişafa dair göstəricilərə gəldikdə isə bu rəqəmlər nəinki Azərbaycan SSR, hətta Ermənistan SSR və bütövlükdə SSRİ üzrə rəqəmlərdən də xeyli yüksək idi. Hər 10 min nəfərə xəstəxana çarpayısı ilə təminat Ermənistan SSR-də 86,2, Azərbaycan SSR-də 97,7 olduğu halda Dağlıq Qarabağ Muxtar Vilayətində 101,7 idi və s.8 Hətta, erməni separatçılarının Mərkəzdəki himayəçilərinin xüsusi cidd-cəhdləri nəticəsində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafına dair qəbul etdiyi 1988-ci il 24 mart tarixli qərarının preambulasında da vilayətdə sosial və iqtisadi inkişaf sahəsində əldə edilmiş nailiyyətlər xüsusi qeyd edilirdi.9

Separatçıların uydurduqları saxta məlumatların baş alıb getdiyi dövrdə də Azərbaycan onun tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi vəziyyətinə dair faktları olduğu kimi geniş ictimaiyyətin müzakirəsinə çıxarmaqdan çəkinməmiş, əksinə mövcud vəziyyətin daha da aydınlaşdırılmasında maraqlı olmuşdu. Buna görə də 1988-ci ilin gərgin mart günlərində Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə institutunda Dağlıq Qarabağ Muxtar Vilayətinin iqtisadiyyatı: problemlər və perspektivlər mövzusunda "dəyirmi stol" təşkil edilmiş, onun materialları çap olunub geniş ictimaiyyətə çatdırılmışdı.10 Buna görə də həmin faktları burada sadalamağa ehtiyac görmürük. Yalnız həmin "dəyirmi stol"da SSRİ Elmlər Akademiyasının akademiki, "Əsas fondlar, kapital qoyuluşu və yeni texnikanın iqtisadi səmərəliliyi" problemi üzrə elmi şuranın milliyyətcə erməni olan sədri T.S.Xaçaturovun müzakirələrin sonundakı çıxışına diqqəti yönəltmək istəyirik. O, real vəziyyəti təsdiq edərək demişdir: Dağlıq Qarabağın məhsuldar qüvvələrinin daha da inkişafına dair məsələlər üzrə həmkarlarımla fikir mübadiləsi etmək mənim üçün çox xoş oldu. Etiraf edim ki, mən bu məsələ üzrə kifayət qədər tam informasiyaya malik deyildim və bizim söhbətimiz bu boşluğu müəyyən qədər doldurmağa imkan verdi.11 Göründüyü kimi, iqtisadçı(!) akademik T.S.Xaçaturov belə mühüm məsələdə kifayət qədər informasiyası "olmadığını" etiraf edir. Belə olduğu halda, digərlərindən bəhs etməyə dəyərmi?! Əslində isə Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda mübarizədə erməni separatçılarına real vəziyyəti əks etdirən informasiya deyil, əksinə informasiyasızlıq lazım idi.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa muxtariyyət verildikdən sonra da istər Dağlıq Qarabağ, istər Ermənistan, istərsə də bu hüdudlardan kənardakı ermənilər separatçılıq fəaliyyətini dayandırmadılar. Erməni "siyasətçilərinin" susduqları dövrdə yazıçılar, şairlər və başqa zümrədən olanlar strateji məqsədin-separatçılığın daşıyıcılarına çevrildilər, daha doğrusu "siyasətçilər" onları qabağa verdilər (bu erməni separatçılığının "tarixi" ənənəsidir!). Tanınmış erməni yazıçısı M.Şaginyan (1888-1982) Dağlıq Qarabağa muxtariyyət verilməsindən az sonra "Dağlıq Qarabağ" adlı kitabça (1927) çap etdirdi.12 Bu "kitabçada" tarixi həqiqəti açıq-aşkar təhrif etdi; Ümumittifaq oxucusuna saxta və tendensiyalı məlumat verdi: "Нагорный Карабах страна армянская..." (с.3); "Нагорный Карабах - феодальная область, дворянский кусочек(?) Армении" (с.5) və i.a.

1920-30-cu illərdə istədiklərinə nail ola bilməyən ermənilər 1941-1945-ci illər müharibəsindən sonra yenidən fəallaşdılar. 1945-ci ilin noyabrında Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi katibi Qr.Arutinov İ.Stalinə müraciət edərək Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti adı altında Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında məsələ qaldırdı.13 Həmin müraciətin mətnini Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi katibi G.M.Malenkov 1945-i il 28 noyabrda Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinın birinci katibi M..Bağırova göndərdi. Malenkov Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qaldırdığı məsələyə öz rəyini bildirməsini ona təklif etdi.14 Bağırov bununla əlaqədar 1945-i il dekabrın 10-da cavabını Moskvaya bildirdi. Bağırov cavabında yazırdı: "Tam məxvidir. Malenkov yoldaşa.

Ermənistan Kommunist (bolşeviklər) Partiyası MK-nın katibi Arutinov yoldaşın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədar Sizin teleqramınıza cavab olaraq məlumat verirəm:

Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-ci ildə Qarabağlı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olmuşdur.

1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və Qubadlı qəzalarının tərkibində olmuşdur.

1918-1920-ci illərdə müsavatçıların Azərbaycanda və daşnakların Ermənistanda ağalığı dövründə musavat hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general-qubernatorluq təşkil edilmişdir.

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk dövrlərdə bütün Qarabağın təsərrüfat-siyasi həyatına rəhbərlik vahid Vilayət İnqilab Komitəsi tərəfindən həyata keçirilirdi.

1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı dağlıq hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistandan yalnız azərbaycanlıların yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur rayonları ilə ayrılması səbəbindən, partiya orqanlarının göstərişi əsasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.

Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və hazırda da bitişik deyildir.

Azərbaycanda Sovet hakimiyyəti illərində Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və mədəni inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu inkişafın ən parlaq nümunələrindən biri - DQMV-ın hazırki mərkəzi Stepanakert şəhərinin başlı-başına buraxılmış və dağıdılmış bir kənddən Azərbaycanın ən gözəl, abad və mədəni şəhərlərindən birinə çevrilməsidir.

Azərbayan SSR-nin bütün ali təhsil məktəbləri və texnikumları tələbələrinin 20,5%-ni, əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətindən olan ermənilər təşkil edir.

Respublikanın partiya, sovet, təsərrüfat rəhbərləri - Azərbaycan K(b)P MK-nın katibləri, müavinləri, xalq komissarları, xalq komissarları müavinləri və s. arasında Dağlıq Qarabağdan olan yoldaşlar da az deyildir.

Bununla belə biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə qatılmasına etiraz etmirik, lakin Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistan SSR-ə verilməsinə razı deyilik.

Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynamışdır.

Ən qaniçən fatehlərdən biri, Zaqafqaziya xalqlarının cəlladı Ağa Məhəmməd şah Qacar məhz Şuşada öldürülmüşdür.

Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşmışdır. İbrahim xan, Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adları onunla bağlıdır.

Eyni zamanda, ÜİK(b)P MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-ın Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbayan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.

Bu rayonların mədəni və iqtisadi cəhətdən son dərəcədə geridə qalmasını nəzərə almaqla, bunların Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitini və ona mədəni-siyasi xidmət işini yaxşılaşdırmağa imkan yaradardı.

ÜİK(b)P MK-dan yuxarıda göstərilənlərdən əlavə aşağıdakı məsələlərə baxılmasını xahiş edirik:

Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-in Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-in tərkibinə daxil edilməsi məsələsini qoyurlar.

Göstərilən rayonlarda əhalinin ümumi sayı 79.000 nəfər olduğu halda cəmi 9.000 gürcü-inqiloyun yaşamasına baxmayaraq biz bu məsələyə baxılmasına etiraz etmirik, lakin bu məsələ ilə bir zamanda, Gürcüstan SSR-in demək olar yalnız azərbayanlıların yaşadığı və bilavasitə Azərbaycan SSR-ə bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.

Və nəhayət biz, Dağıstan SSR-in keçmişdə Azərbaycanın bir hissəsi kimi Bakı quberniyası tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-ə bitişik olan Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR tərkibinə qatılması məsələsini nəzərdən keçirmənizi xahiş edirik. Bu rayonların əhalisi əsasən azərbayanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarıdan çoxu ilin 9 ayını Azərbaycan ərazisində keçirir.

Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə marağı olan hər bir respublikadan nümayəndələr daxil edilməklə ÜİK(b)P MK komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik.

Azərbaycan K(b)P MK katibi M.C.Bağırov10 dekabr 1945-ci il№ 330, Bakı şəhəri ".15

Bu cavab bir sıra tədqiqatçıların diqqətini cəlb etmiş və onun barəsində müəyyən mülahizələr söylənmişdir.16 Lakin buna yenidən qayıtmağa ehtiyac vardır. Bu sənəddə diqqəti çəkən məsələlər hansılardır?! Hər şeydən əvvəl: 1) O zamankı partiya bürokratiyası şəraitində Malenkovun təklifi kimi mürəkkəb məsələyə qısa müddətə cavab verilməsi diqqəti cəlb edir. Bu göstərir ki, belə bir təklif Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi üçün gözlənilməz olmamışdır. 2) Mətnin siyasi, elmi-tarixi və tekstoloji təhlili də zəruridir. Bunların üzərində ləngimədən bir vacib məqama diqqət yetirək. Buradan aydın olur ki, bəzən iddia olunduğunun əksinə olaraq, Azərbaycan rəhbərliyi belə bir problemdən heç zaman qaçmamış, əksinə ən yüksək səviyyədə onun müzakirəsinə və konkret təkliflərlə çıxış etməyə hazır olmuşdur və s. Məhz belə bir əsaslandırılmış mövqe o zaman Moskvanı Azərbaycana təzyiqdən çəkindirmişdi. Bununla belə, Ermənistan rəhbərliyi məqsədindən əl çəkməmiş, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən - oz ata-baba torpaqlarından kütləvi surətdə deportasiyasına nail ola bilmişdi.17

Lakin ermənilər bununla da Dağlıq Qarabağ ilə bağlı separatçılıq fəaliyyətindən əl çəkmədilər. 1960-cı illərdə SSRİ-də antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə yenidən bu problemi ortaya atdılar. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min nəfərin "imzaladığı" petisiya Moskvaya təqdim edilmiş, bunun əsasında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyi Ermənistan və Azərbaycana bu barədə məsələ hazırlamağı tapşırmışdı. Erməni separatçıları belə hesab edirlər ki, buna Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibi M.Suslov mane olmuşdur.18 1969-cu ildə Heydər Əliyevin Azərbayan rəhbərliyinə gəlməsi ilə onun cəsarətli və qətiyyətli mövqeyi sayəsində ermənilərin separatçılıq təşəbbüsləri və bu niyyətlə Mərkəzdə göstərdikləri "fəaliyyət" uzun müddət heç bir nəticə vermədi. SSRİ-nin 1977-ci il Konstitusiyasının qəbulu zamanı da ermənilər eyni inadla bu problemi ortaya atmağa çalışdılar.19 Lakin bu dəfə də heç nəyə nail ola bilmədilər. H.Əliyevin qətiyyəti sayəsində onun Azərbaycana rəhbərliyi (1969-1982) və SSRİ rəhbərlərindən biri olduğu dövrdə (1982-1987) erməni separatçılarının niyyətlərinin canlanmasına yol verilmədi.

1984-cü ildə İrəvanda Z.Balayanın "Oçaq" kitabının çap edilməsi, onun Qarabağın tarixinə və müasir dövrünə dair məqsədyönlü təhrifləri, millətçi-separatçı çağırışları ehtirasları yenidən qızışdırdı.20 Bu əhval-ruhiyyə erməni millətçiləri tərəfindən əhatə olunmuş M.S.Qorbaçovun elan etdiyi "aşkarlıq və yenidənqurma" şəraitində sovet rəhbərliyində (M.S.Qorbaçovun timsalında!) böyük dəstək qazandı və yeni mərhələyə qədəm qoydu. Moskvadan hərtərəfli dəstək alan erməni separatçıları və terrorçuları tərəfindən idarə olunan Dağlıq Qarabağ 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, yenə də Azərbaycan xalqına qarşı xəyanət yolunu tutdu.

Dağlıq Qarabağ Muxtar Vilayəti və Qarabağın aran (düzən) hissəsinin inkişafına ümumi bir baxış

Özünün bütün əvvəlki tarixi dövrlərində Qarabağ Azərbaycanın vahid təbii - coğrafi regionu kimi iqtisadi və siyasi inkişafına, oxşar adət-ənənələrinə, həyat tərzinə və məişətinə görə bir-birini tamamlayan tarixi vilayət olmuşdur. Lakin Qarabağın Dağlıq hissəsinə - Dağlıq Qarabağa muxtariyyət verilməsi ilə vəziyyətdə köklü dəyişiklik əmələ gəldi.

Dağlıq Qarabağ Muxtar Vilayəti onun üçün yaradılmış müstəsna şərait nəticəsində inkişaf etmiş aqrar-sənaye bölgəsinə, Qarabağın azərbaycanlılar yaşayan aran rayonları və digər rayonlar isə onun xammal bazasına çevrilməyə başladı. Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı azərbaycanlılar yaşayan rayonlar, əsasən, pambıq istehsalı ilə məşğul olmağa istiqamətləndirildi, emaledici sənaye sahələrinin inkişafı geri qalmağa başladı. Bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətində həyat səviyyəsinin Qarabağın digər rayonlarına nisbətən sürətlə yüksəlməsinə səbəb oldu. Kurort-istirahət mərkəzlərinin Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşməsi də aran rayonların əhalisinin yay dövründə buraya yönəlməsinə səbəb oldu və Dağlıq Qarabağın iqtisadiyyatını daha da inkişaf etdirdi. Bu da külli miqdarda vəsaitin Dağlıq Qarabağ Muxtar Vilayəti büdcəsinə daxil olmasına gətirib çıxarırdı. Bütün regionda yeganə ali məktəb - Pedaqoji İnstitut da Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Stepanakertdə idi.

Tarixi Qarabağın başqa rayonlarından fərqli olaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin əldə etdiyi iqtisadi üstünlük muxtar vilayət statusunun siyasi üstünlüyünün artması ilə də müşayiət olunurdu. Azərbaycanlı - müsəlman əhalinin yaşadığı aran rayonları əsasən xristian-ermənilərin yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən sovet rejiminin təzyiqlərinə, ayrı-seçkiliyə daha çox məruz qalırdı.

Bütün bunlar Moskvadan və Ermənistan SSR-dən kömək alan Dağlıq Qarabağ ermənilərinin etnik eqoizmini artırır, azərbaycanlılara qarşı açıq həqarət mühiti yaradırdı. Beləliklə, 1905-1906 və 1918-1920-ci illərdə olduğu kimi, xüsusi mərkəzlərdən idarə edilən ermənilər daha yaxşı təşkil olunurdu. Əlaltdan ermənilərin sürətlə silahlandırılması da həyata keçirilirdi. Bu amillər başqa şərtlərlə birlikdə, sonralar Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı digər rayonların Ermənistanın hərbi qüvvələri və Dağlıq Qarabağın erməni separatçı-terrorçuları tərəfindən işğalında həlledici faktorlardan oldu.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu

İstifadə olunmuş ədəbiyyat:

1. Демографический ежегодник СССР. 1990. М., с. 3
2. Бондарская Г.А. Рождаемость в СССР (Этнодемографический аспект). М., 1977; Мамедов К.В. Нагорно-Карабахская автономная область // Демографический энциклопедический словарь. М., 1985, с. 266
3. Aaoui: Достижения Советского Нагорного Карабаха за 40 лет в цифрах. Статистический сборник. Степанакерт, 1963; Нагорный Карабах за 50 лет (1923-1973 гг.). Степанакерт, 1974; Достижения Нагорного Карабаха в девятой пятилетке. Степанакерт, 1976 и др.
4. Достижения Советского Карабаха за 40 лет в цифрах., с 11-12
5. Достижения Советского Карабаха за 40 лет в цифрах., с. 43
6. Достижения Советского Карабаха за 40 лет в цифрах., с. 7
7. Самедзаде З. Нагорный Карабах: Неизвестная правда. Баку, 1995, с.18-19
8. Самедзаде З. Нагорный Карабах: Неизвестная правда. Баку, 1995, с. 54
9. Бакинский рабочий, 1988, 24 марта
10. Бакинский рабочий, 1988, 11 марта
11. Бакинский рабочий, 1988, 11 марта
12. Шагинян М. Нагорный Карабах. М.; Л., 1927
13. Карабахский вопрос, с. 77-78
14. Azərbaycan Respublikası Dövlət Siyasi partiyalar və ictimai hərəkatlar arxivi
(ARDSPİHA), f.1,siyahı 169, iş 249, v.7
15. Yenə orada, v.8-12
16. Nəcəfov B. Deportasiya. Bakı, 1998, s.39-42; Исмаилов Э. Власть и народ. Послевоенный сталинизм в Азербайджане. 1945-1953. Баку, 2003, с. 294 və b.
17. Paşayev A. Köçürülmə. Bakı, 1995; Nəcəfov B. Göst. əsər və s.
18. Карабахский вопрос, с. 9
19. Карабахский вопрос, с. 10
20. Балаян З. Очаг. Ереван, 1984