azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Muxtar vilayətin inzibati-ərazi bölgüsü Dağlıq Qarabağda "ermənıləşdırmə sıyasətı"

Azərbaycanın Zəngəzur bölgəsinin Ermənistan tərəfindən ələ keçirilməsi, Naxçıvanın digər Azərbaycan torpaqlarından ayrı salınması

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın tarixi-coğrafi ərazi bölgüsü ənənələrinə sadiq qalaraq Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını Qarabağ general-qubernatorluğunda birləşdirmişdi və bu regiona vahid inzibati ərazi kimi baxırdı. Azərbaycan SSR hökuməti də, artıq yuxarıda qeyd edildiyi kimi, 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi. Lakin sonralar, sovet dövründə, müəyyən məqsədlər əsas götürülərək Zəngəzurun Qarabağdan ayrı olması təsəvvürünün yaradılmasına başlandı. Bu həmin torpaqların taleyinin həllində Azərbaycana təzyiqi gücləndirmək məqsədi güdürdü. Hadisələrin sonrakı gedişi göstərdi ki, Sovet Rusiyasının təzyiqi nəticəsində 1920-ci ilin aprelindən noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmasınadək olan dövrdə Zəngəzura münasibətdə mövqe dəyişdi. Azərbaycan İnqilab Komitəsinin Ermənistan Sovet Respublikasına 30 noyabr tarixli teleqramı və 1 dekabr bəyannaməsində ("Nərimanov Bəyannaməsi"), artıq, Zəngəzurun Ermənistana verilməsindən bəhs olunur. Lakin həqiqətdə Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisindən1 3.105 kv.versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv.verstlik hissəsi isə Ermənistana verilmişdi. Azərbaycanın tarix ədəbiyyatında bu problem kifayət qədər həllini tapmamışdır.2 Bu məsələ hələlik A.M.Skubitskinin yuxarıda adı çəkilən məqaləsində müəyyən dərəcədə əks olunmuşdur. O yazırdı: "N.Nərimanovun Zəngəzur qəzasını "Sovet Ermənistanının ayrılmaz hissəsi elan edən Bəyannaməsi" ilə bağlı əsaslı bir düzəliş də bu gün diqqətimizdən yayınır. Bu "Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddaratlarını təyin etmək üçün tam hüquq verilməsi" haqqında Azərbaycan hökumətinin Bəyanatıdır. Bu gün həmin Bəyanat ancaq Muxtar Dağlıq Qarabağ Vilayətinə aid edilir. O vaxtlar isə bütövlükdə Dağlıq Qarabağa və özü də təkcə Azərbaycan sərhədləri daxilində yaşayan ermənilərə yox, həmçinin Ermənistana təklif edilən Zəngəzur qəzasının daxilində kürdlərə muxtariyyət verilməsini nəzərdə tuturdu… Ermənistan İnqilab Komitəsinin sədri Ş.İ.Kasyan… qəzanın kürdlər yaşayan şərq hissəsinin Azərbaycanda qalmasını daha ağıllı və məqsədəuyğun hərəkət saymışdır".3 Bu baxış Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosu tərəfindən qəbul edilmişdi. Ermənistana verilmiş hissə Zəngəzur adını saxlamış, Azərbaycan SSR inzibati bölgüsündə isə dəyişiklik baş vermişdi.

Azərbaycana vurulan ən ağır zərbə, həyata keçirilən ən böyük düşmənçilik aktı isə bu idi ki, Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanla Azərbaycanın digər torpaqları arasında əlaqələr kəsildi, Naxçıvan Azərbaycandan ayrı salındı. Digər tərəfdən, bu ermənilərin Naxçıvanla bağlı gələcək məkirli niyyətlərinin həyata keçirilməsi üçün bir hazırlıq xarakteri daşıyırdı.

Qarabağın digər torpaqlarının inzibati bölgüsində dəyişikliklər
1920-1923-ci illərdə məqsədyönlü surətdə həyata keçirilən proseslər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibinə daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi-coğrafi vahidliyini və ya bütövlüyünü itirdi. Azərbaycanın 1917 və 1921-ci il kənd təsərrüfat siyahıya almalarının materialları əsasında nəşr edilmiş yaşayış məskənləri siyahısında ölkə ərazisi 15 qəzaya ayrılır. Qarabağ ərazisində Cəbrayıl (Karyagin), Cavanşir, Qubadlı (keçmiş Zəngəzur qəzasının bir hissəsi), Şuşa qəzalarının olduğu göstərilir.4 Göründüyü kimi, bu mərhələdə artıq Zəngəzur qəzasının bölünməsi öz əksini tapır, digər qəzaların əraziləri isə hələlik əvvəlki sərhədləri daxilində qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili nəticəsində Cavanşir, Şuşa və Qubadlı qəzalarının bəzi yaşayış məskənləri ənənəvi inzibati bölgüsündən qoparılaraq onun tərkibinə verildi. Nəticədə yeni inzibati bölgü aparmaq tələbi meydana gəldi. Bu məsələ Dağlıq Qarabağ Muxtar Vilayəti Əsasnaməsini hazırlayan komissiyanın iclasında müzakirə edildi. Aran (düzən) Qarabağın idarə forması və inzibati bölgüsünə dair 3-cü məsələ üzrə belə bir qərar çıxarıldı: Tərkibinə Cavanşir qəzasının aran hissəsi, Şuşa, Qubadlı və Karyagin (Cəbrayıl) qəzalarının daxil olduğu Aşağı Qarabağ Vilayət İcraiyyə Komitəsi yaratmaq, ona RSFSR-in quberniya icrakomları haqqında 1923-ci il əsasnaməsini tətbiq etmək, Aran Qarabağ vilayətinin rayonlaşdırılmasını Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Xüsusi komissiyaya həvalə etmək. Bu iclasda Kürdüstanın idarə forması və inzibati bölgüsi haqqında 4-cü məsələ də müzakirə olundu.5 Buradan aydın olduğu kimi, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldığı dövrdə Aran Qarabağın da xüsusi bir inzibati-ərazi vahidində birləşdirilməsi fikri olmuşdu. Lakin az bir vaxt keçdikdən sonra bu fikir dəyişmişdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi sədri Qasımov, Xalq Komissarları Soveti sədrinin müavini M.Quliyev və Daxili işlər naziri İ.Sviridovun imzaladığı Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 6 avqust tarixli əmrinə əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra Qarabağın qalan hissəsindən Ağdam, Cəbrayıl və Kürdüstan qəzaları yaradılmışdı. Həmin sənədə görə Ağdam, Cəbrayıl və Kürdüstan qəzalarının ərazilərinin tərkibi, mərkəzləri, qəza icrakom sədrləri və b. məsələlər müəyyənləşdirilmişdi, Qubadlı qəzası isə ləğv edilmişdi.6

Azərbaycan Mərkəzi Statistika idarəsi Azərbaycan SSR-də həyata keçirilən bu və digər inzibati-ərazi bölgülərini nəzərə alaraq 1921-ci il kənd təsərrüfatı siyahıya almasının materialları əsasında onların ərazisinin sahəsi, əhalisinin milli tərkibi və b. məsələlər üzrə hesablamalar aparmışdı. Həmin hesablamalara görə Qarabağın tarixi ərazisindən (xanlığın sərhədləri üzrə) Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti - 4.160,5 kv.km., Cəbrayıl qəzası - 4.268,5 kv.km., Ağdam qəzası - 4.135,4 kv.km., Kürdüstan qəzası - 3.432,4 kv.km. (cəmi 15.996,9 kv.km.) qalmışdı7 Qarabağın tarixi ərazilərindən bir hissə isə Azərbaycandan qoparılaraq Ermənistana verilmişdir. Sonrakı inzibati-ərazi bölgüləri prosesində Zəngəzur qəzasının Azərbaycan SSR tərkibində qalan hissəsində Zəngilan (0,7 min kv.km.), Qubadlı (0,8 min kv.km.), Laçın (1,8 min. kv.km.) rayonları yaradıldı. Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam (1, 1 min. kv.km.), Bərdə (1,0 min.kv.km.), Ağcabədi (1,8 min. kv.km.), Tərtər (0, 4 min.kv.km.), Cəbrayıl (1,0 min.kv.km.) rayonları yaradıldı.8 Beləliklə, Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Qarabağ xanlığının ərazisi parçalanaraq bir hissəsi Ermənistana verildi, Azərbaycanda qalan hissəsində isə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.

Dağlıq Qarabağ 1923-1980-cı illərdə

İndiyədək Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsindən bəhs edilərkən demək olar ki, onun ərazisinin inzibati bölgüsü tarixinin ən mühüm hadisələrinə lazımi diqqət yetirilməmişdir. Təhlil göstərir ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi real tarixi əks etdirən elmi-coğrafi prinsiplər əsasında deyil, xüsusi məqsəd güdən volyuntarist yanaşma əsasında formalaşdırılıb, yəni o, erməni yaşayış məskənlərinin üstün olduğu lokal əraziləri muxtar qurum adı altında birləşdirilmək yolu ilə təşkil olunub. (Yeri gəlmişkən qeyd edək ki, bu "prinsip" əsasında ermənilər kompakt yaşadıqları başqa ölkələrin ərazisində də özlərinə "muxtariyyət" tələb edə bilərlər!). İş o yerə çatmışdı ki, Kəlbəcərə məxsus Ağdaban, Füzuliyə məxsus Yuxarı Veysəlli kəndləri Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri daxilində qalmış, inzibati tabeçilik dəyişdirilmişdi. Dağlıq Qarabağ muxtariyyətinin Əsasnaməsini hazırlayan komissiyanın qərarına əsasən onun tərkibinə 170-dən çox yaşayış məskəni verilmişdi.9 Azərbaycan Mərkəzi Statistika İdarəsinin 1924-cü ilə aid məlumatında isə artıq həmin məskənlərin sayının 200-dən çox olduğu göstərilir.10 Q.Koçaryan familiyalı erməni isə 1925-ci ildə nəşr edilmiş kitabçada bu məskənlərin sayının 215 olduğunu bildirir.11 Bu faktlar Dağlıq Qarabağ muxtar vilayətinin ərazisinin rəsmi sənədlərin əksinə olaraq genişləndirildiyini və yeni yaşayış məskənləri hesabına əhalisinin sayı və etnik tərkibinin ermənilərin xeyrinə dəyişdirildiyini sübut edir.

Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra onun tərkibinə verilmiş yaşayış məskənləri rayon-volost-kənd pillələri əsasında inzibati baxımdan aşağıdaki kimi bölünmüşdü: 1. Dizaq rayonu. Bu rayonun tərkibində 5 volost (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi; 2. Vərəndə rayonu. Bu rayonun tərkibində 5 volost (Tağavert, Sus, Çartaz, Noraşen) və 46 kənd var idi. 3. Şuşa rayonu. Şuşa şəhəri və Malıbəyli volostundan (12 kənd) ibarət idi; 4. Xaçın rayonu. Bu rayonun tərkibində 4 volost (Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və 53 kənd var idi. 5. Ceraberd rayonu. Bu rayonun tərkibində 4 volost (Marquşevan, Orataq, Dovşanlı, Aterk) və 53 kənd var idi.12 Yeni inzibati-ərazi bölgüsi həyata keçirilərkən DQMV-də dəyişiklik baş verir. 1930-cu ilin avqustunda DQMV ərazisi yenə də 5 rayona bölünür: 1. Ceraberd, 2. Martuni, 3. Stepanakert, 4. Dizaq, 5. Şuşa. Göründüyü kimi Vərəndə Martuni adlandırılır, Xaçının ərazisi isə Stepanakertə aid edilir. 1939-cu il avqustun 17-də Ceraberd Mardakert, Dizaq isə Hadrut adlandırılır. Başqa sözlə, Azərbaycan dövləti olan Qafqaz Albaniyası dövrünə aid olan Dizaq, Vərəndə, Xaçın, Ceraberd kimi tarixi-coğrafi adlar unutdurulur və xüsusi məqsədlə Rusiya işğalları dövründə bura köçürülüb gətirilmiş ermənilərə məxsus adlarla əvəz olunur. 1960-cı illərin əvvəllərində rayonların iriləşdirilməsi siyasəti həyata keçirilərkən əsas zərbə Şuşaya vurulur. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilir, onun ərazisi Stepanakert rayonuna verilir. Lakin N.S.Xruşşovun13 hakimiyyətdən uzaqlaşdırılmasından sonra inzibati ərazi bölgüsündə yeni dəyişiklik baş verir. 1965-ci il yanvarın 6-da Şuşa rayonu yenidən təşkil olunur.14 1978-ci ildə Heydər Əliyevin qətiyyəti sayəsində Stepanakert rayonu əsasında Əsgəran rayonu təşkil edilir. SSRİ-nin dağılmasınadək Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi bölgüsü belə idi.

Beləliklə, yuxarıdakı faktlardan Azərbaycanın Qarabağ torpağına köçürülüb gətirilmiş ermənilərin özgə torpaqlarında özlərinə dövlət yaratmaq hiyləsinin anatomiyası çox aydın görünür. Ermənilər vaxtı ilə Qərbi Azərbaycanda - köç saldıqları İrəvan xanlığının ərazisində də belə etmişdilər, indi Qarabağda da bu hiyləni işlətmək niyyətindədirlər.

Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixində ermənilər tərəfindən ən çox saxtalaşdırılan məsələlərdən biri onun əhalisinin say dinamikası və etnik tərkibi ilə bağlı olan məsələdir. Bu barədə erməni müəlliflərinin mövqeyini əyani göstərmək üçün prof.Y.Barseqovun təqdim etdiyi bir cədvələ nəzər yetirək.

Dağılq Qarabağ Muxtar Vilayəti əhalisinin faktik (əhali siyahıya almalar üzrə) sayı və prof. Y.Barsaqovun guya əhalinin təbii hərəkəti əsasında müəyyən edilmiş "hesablama" sayının müqayisəsi (əvvəlki dövrə nisbətən artıma dair hesablama bizimdir).

illərErmənilər faktik sayhesablama sayıAzərbaycanlılar faktik sayhesablama sayı
1921128 060128 0607 5947 594
1939132 800 (3,7%)*208 317 (62,7%)14 100 (77,2%)9 875 (24,1%)
1959110 100 fh(-17,1%)375 677 (80,3%)18 000 (27,6%)15 803 (60%)
1970121 100 (10%)517 223 (37,7%)27 200 (51,1%)22 312(41,2%)
1979123 100 (1,6%)620 238 (19,9%)37 200 (36,7%)27 176 (21,8%)
1989 731 959 (18%) 32 548 (19,7%)

Qaynaq: Барсегов Ю.Г. Право на самоопределение-основа демократического решения межнациональных проблем. К проблеме Нагорного Карабаха. Ереван,1989,с.101. Əvvəlki dövrə nisbətən artım.

Y.Barseqov oxucunu çaşdırmaq üçün yalnız mütləq rəqəmləri verir, şərhin daha aydın olması üçün isə nisbi rəqəmlərə ehtiyac vardır. Cədvələ belə hesablamaları əlavə etdikdə onun nə dərəcədə absurd olduğu aşkara çıxır. Bu hansı məntiqə uyğundur ki, 1921-1939-cu illər arasında ermənilərin faktik artımı 3,6% olduğu halda, hesablamalarla 38,5%-ə qaldırılsın, azərbaycanlılarda isə faktik artım 46,1% olduğu halda, hesablamalarla 23,1%-ə endirilsin. Belə yanaşma həqiqətin qəsdən təhrifinə yönəlib və elə kobud şəkildə həyata keçirilib ki, bu oxucunu ələ salmaqdan başqa bir şey deyildir! Biz isə problemi elmi məcraya yönəltmək üçün belə bir hesablamaya müraciət edək.

Ermənilərin Ermənistanda və Y.Barseqovun Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin "hesablama" yolu ilə müəyyən edilmiş sayı üzrə DQMV-də orta sıxlığı və onların müqayisəsi (hər kv.km.-ə)

Ermənilər orta sıxlığı 
illərErmənistanda (faktiki)DQMV-da (Y.Barseqovun
hesablamasına görə)
 cəmiErmənistanla
müqayisədə fərq
1921-29,1-
192625--
193733,8--
193935,647,3+11,7
195952,185,4+33,3
197074,1117,5+43,4
197991,4141+49,6
1989103,4166,4+63

Qaynaq: Всесоюзная перепись населения 1926 г. Закавказская СФСР.т.ХЫВ. М., 1929, с.11-13; Вестник статистики, 1990, 7, с.77; "Правда" от 2 июня 1939 г; Итоги Всесоюзной переписи населения 1959 г. Армянская ССР. М., 1963, с.11, 102-103; Численность и состав населения СССР. По данным Всесоюзной переписи населения 1979 г. М., 1984; Ходжабекян В.Е. Армянская Советская Социалистическая республика. Население союзных республик. М., 1977, с.278

Y.Barseqovun hesablamalarının qeyri-elmiliyi elə bir dərəcəyə çatır ki, adından da məlum olduğu kimi 4,4 min kv. km-lik dağlıq ərazidə, yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində ermənilərin orta sıxlığı üçün astronomik rəqəmlər irəli sürür! Beləliklə, erməni müəllifləri (daha doğrusu millətçiləri!) tarixi o dərəcədə təhrif edirlər ki, həqiqəti aşkar etmək müşkül bir işə çevrilir. Həqiqətdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin say dinamikasının real vəziyyəti aşağıdaki kimi olmuşdur.

1926-1988-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin say dinamikası

illərƏhalinin sayı,
min nəf.
Əvvəlki dövrə görə artım
min nəf.
faizləDövr ərzində orta
illik artım, faizlə
1926125,3---
1939150,825,520,41,45
1959130,4-20,4-13,5-0,7
1970150,319,915,31,3
1979162,211,98,10,85
1988182,420,212,51,3

Qaynaq: Самедзаде З. Нагорный Карабах: неизвестная правда (О некоторых аспектах социально-экономического и демографического развития региона). Баку, 1995, с. 31

Rəsmi sovet əhali siyahıya almalarının (1989-cu il istisna olmaqla) nəticələrinə əsaslanan yuxarıdakı cədvəl real vəziyyəti daha doğru əks etdirir və erməni müəlliflərinin xüsusi məqsədlə uydurduqları (daha doğrusu şişirtdikləri!) qondarma rəqəmlər onları təkzib edə bilməz.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu

İstifadə olunmuş ədəbiyyat:

2. İ.Musayev "Azərbaycanın Naxzıvan və Zənqəzur bölgələrində siyasi vəziyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər)" adlı monoqrafiyasının (Bakı, 1998) "Zənqəzurun bir hissəsinin Ermənistana verilməsi prosesi" paraqrafında (s.300-335) bu problemin bəzi aspektlərinə toxunmuşdur.
3. Скибицкий А.М. Указ. соч.
4. Список населенных мест Азербайджана (по материалам сельско-хозяйственный переписей 1917 и 1921 гг.) Баку. 1922
5. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР, с. 165-166
6. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР, с. 174-175
7. Азербайджанская сельскохозяйственная перепись 1921 г. Итоги по сельским обществам во вновь образованных уездах АССР, Нагорного Карабаха и по тем (основным) уездам, в которых произошли изменения границ. т. III. Вып. XVIII, Баку, 1924, с.9
8. Азербайджанская ССР. Административно-территориальное деление. Баку, 1979
9. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР, с. 164-166
10. Азербайджанская сельскохозяйственная перепись 1921 г. т. III. Вып. XVIII, Баку, 1924
11. Кочарян Г.А. Нагорный Карабах. Баку, 1925
12. Кочарян Г.А. Нагорный Карабах. Баку, 1925, с. 48-51
13. Хоскинг Дж. История Советского Союза. 1917-1991. М., 1995, с. 337-372. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu müəllif Dağlıq Qarabağda baş verən hadisələrin mahiyyətini düzgün izah edə bilmir // Yenə orada, s. 484-486
14. Azərbaycan SSR. İnzibati ərazi bölgüsü. 1968-ci il iyunun 10-dək olan vəziyyətə görə tərtib edilmişdir. Bakı, 1968; Azərbaycan SSR inzibati ərazi bölgüsü. Bakı, 1979