azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Ermənilərin persiyadan (irandan) bizim vilayətlərə köçürülməsi haqqında məktub

A.S.Qriboyedov

Alihəzrətinizə ermənilərin Persiyadan köçürülməsi üçün tətbiq edilən üsullar haqqında və onların indi bizim vilayətlərdə yerləşdirilməsi barədə mənim vasitəmlə daha mötəbər məlumat almağınız lazımdır. Həmin predmet üzrə mənə məlum olan həqiqət budur: polkovnik Lazarev özünü bu mühaçirliyin əsas təşviqedicisi saymışdır, bu barədə, bizə məlum olduğu kimi, o, kifayət qədər aşkar, lakin əsassız öz fikrini izah etmişdir, ona görə ki, onun barədə ermənilərin heç bir anlayışı yox idi, onlar təkcə Rusiyaya etibar etməklə və onun qanunları altında olmaq arzusu ilə hərəkət edirdilər. Traktat onlara bunun üçün tam hüquq verirdi. Köçürülmə zamanı fəal vasitələr: knyaz Arqutinski, Qamazov olmuşlar, tabeçilikdə olan digər zabitlər isə artıq onların təsiri altında hərəkət edirdilər. Polkovnik Lazarev yalnız olduqca yersiz proklamasiyalar (bəyannamələr) uydurulması barədə, nizami erməni könüllü qoşunları formalaşdırılması barədə düşünürdü, hərçənd xoş niyyətlə, lakin düşünmədən hətta öz rəhbərliyinə malik Qarabağın özünü və digər vilayətləri öz niyyətləri dairəsinə daxil etməyi fikirləşirdi ki, oralarda çoxdan təsis edilmişlərdən olanlara xüsusi səlahiyyət verilə bilməzdi. Knyaz Arqutinski bir neçə dəfə ona rəftarı barədə, onun necə lovğa, yüngül və faydasız olması barədə göstərmişdir. Polkovnik Lazarevin bütün başqa işləri də bu cür olmuşdur və onlar barədə geniş danışmağa dəyməz. Yalnız onu əlavə etmək lazımdır ki, o, mənasız adamdır, lakin pozğun deyil, dövlət pullarını xəlvəti mənimsəmək və qəsdən zərər vurmaq qabiliyyətli deyil. Urmiyadan gəlmələrə pul müavinəti paylanarkən bir çox qarışıqlar baş vermişdi, lakin sui-istifadə olmamışdı: yoxsullara az, varlılara çox verilmişdir.

Bu bizim qoşunların həmin əyaləti tələsik tərk etdiyinə görə baş vermişdi. Tələsərək araşdırmadan hərəkət etmişdilər və odur ki, pullar az kömək etdi, çünki pis paylanmışdı. Bu, söz gəlişi, mənə məlum olan yeganə hadisədir. Köçürülmə zamanı belə olmuşdur, lakin onların bizdə yeni yerlərdə yerləşdirilməsi zamanı isə hər şey mənasız, fərsiz və bağışlanılmaz edilmişdir. Onları idarə etmək üçün komitet təsis edilmişdir, o, heç şeydən xəbərdar olmamış və xüsusən məzəmmətə layiqdir ki, alihəzrətinizdən onun bu halda necə hərəkət etməsi barədə ən dəqiq və ətraflı təlimat almışdı: 1) Ermənilərin çox hissəsi müsəlman mülkədarlarının torpaqlarında məskunlaşdırılmışdır. Buna hələ yayda yol vermək olardı. Torpaqların sahiblərinin, müsəlmanların çox hissəsi köç düşərgələrində olmuşlar və başqa dinli yad gəlmələrlə əlaqə saxlama halları az olmuşdur. 2) Ağac (odun) tədarük edilməmişdir və köçürülmələrin möhkəm yerləşdirilməsi üçün digər yerlər ayrılmamışdır. Bütün bunlar vaxtında əldən verilmişdir. Bu il üçün səhvi düzəltmək gecdir. Köçürülənlər özləri darısqallıqdadırlar və müsəlmanları sıxışdırırlar, onlar isə əsaslı narazılıq edirlər. Alihəzrətinizə məlumdur ki, ümumiyyətlə buradakı sakinlərin hamısı birlikdə köçkün hesab edilməlidir, çünki onların hamısı sərdar tərəfindən müharibə vaxtı köçürdülmüşlər və ən kasıb vəziyyətdədirlər. 3) Dövlət pul yardımları tamamilə ağılsız paylanmışdır: ehtiyacı olanların sayı və kimə nə qədər lazım olması barədə doğru məlumat olmadan, dilənçilər kimi, hər nəfərə bir, iki rubl paylamışlar. Birdəfəlik verilən 25 rubl müxtəlif vaxtlarda hissə-hissə verilən məbləğdən on dəfə əhəmiyyətlidir. Heç bir ümumi tədbir, məsələn, bütöv cəmiyyətin saxlanması üçün, habelə gələn ilin əkini üçün taxıl alınması və digərləri kimi tədbirlər görülməmişdir. Alihəzrətinizə köçürmə komitəsinin dəyərsiz hərəkətlərini göstərməklə, mən ədalət naminə qeyd etməliyəm ki, əgər orada indi heç olmayan qabiliyyətli adamlar da otursaydılar, onlar da böyük çətinlik çəkərdilər. Vilayət idarəsində hətta hələ Arazın o tərəfindəki torpaqların və kəndlərin səthi siyahısı da yoxdur. Arazın bu tərəfindəki mahallarda da hələ sakinlərin sayı məlum deyil. Malikanələr barədə heç deyiləsi deyil: kimə nə məxsus olmasını heç kim bilmir.

Beləliklə, komitə istifadə etməli olduğu lazımi məlumatları heç yerdən ala bilməmişdir. Buradakı vilayət rəisi deyir ki, o, yeni gəlmiş ermənilərin çoxunu Arazın o tərəfinə köçürmək istəyirdi, lakin onlar alihəzrətinizdən ilk dəfə onları yerləşdirdikləri yerlərdə qalmağa icazə verməyi xahiş etmişlər və buna sizin razılığınızı almışlar. Lakin podpolkovnik knyaz Arqutinski həmin tədbirin yerinə yetirilməsinin mümkün olacağından ümidini itirmir. Bu məmur özünün idarəetmə bacarığına və sədaqətliliyinə görə rəhbərliyin tam etimadına layiqdir. 30 min rubl gümüşlə və 2 min qızıl əşrəfi yenidən köçürülənlərə yardım üçün təyin edilmişdir, artıq xeyli tələbkarlıqla istifadə ediləcəkdir. Əgər alihəzrətiniz ən yaxın vaxtda həmin predmet üçün daha iki o qədər buraxmaq qərarı versəniz, göstərilən gəlmələrin rifahını tamamilə sabitləşdirərdiniz. Yalnız yardım tələb edənlərin sayını buyurun düşünməyə qəbul edin ki, onların hamısı vaxtilə xəzinəyə vergi ödəyəcək. Rusiyada bu sayda adamların orta vergi qiymətilə müqayisə edin və alihəzrətinizin bu işə verdiyi bütün məbləğ onun gətirməli olduğu fayda ilə müqayisədə nəinki mötədil, hətta cüzi görünəcəkdir. Bilmirəm, alihəzrətinizə həmin iş məhz bu nöqteyi-nəzərdən təqdim edilmişdirmi və siz onu bəyənəcəksinizmi.

Yardımın xəzinədən heç bir xərc tələb etməyən daha bir mühüm mənbəyi sərdar mal-qarası ola bilər, o, hazırda 30 min ədədə qədərdir, vaxtilə sərdar tərəfindən sakinlərə vergi öhdəliyi kimi saxlamaq üçün paylanmışdı. O. sahibkar kimi onlardan öz növbəsində yağ, yun, bala artımını və başqalarını alırdı. Həmin mal-qaranın mövcud olması barədə mən çoxlarından eşitmişəm və vilayət idarə heyətinin üzvləri Petrikovdan və Mendoksdan qəti yəqin etmişəm. Həmin sərdar təsərrüfatını davam etdirmək xəzinə üçün səmərəli deyil və bizim inzibatçılığımızda sadəcə mümkünsüzdür, əsgərlərə yemək üçün paylamaq isə biryolluq sərf etmək deməkdir; lakin həmin mal-qaranın köçkünlərə paylanması onların təsərrüfatını hiss olunacaq dərəcədə artırar və yaxşılaşdırar. Mən kənardan nə qədər çalışdımsa da və məhz bunun üçün hədsiz qabiliyyətli olan tərcüməçim Dadaşev vasitəsilə, bu məqsədlə onu keçib getdiyimiz kəndlərdə, Eçmiədzində, burada adamlardan soruşmağa məcbur etməklə pulların paylanması zamanı hansısa sui-istifadələr olması barədə öyrənim, heç kim bu barədə şikayət etmədi və o, həqiqətən olmamışdır. Vilayət rəisinin tərcüməçisi Mirzə Tatus tanınmış fırıqldaqçıdır, lakin ona bu iş barədə heç bir tapşırıq verilməmişdir; eynilə onun qardaşı, Sürməli mahalının rəisi də belə hamının tanıdığı yaramazdır, indi mən onun barəsində söz gəlişi xatırladıram, lakin köçürülmə zamanı o da heç nəyə qarışmamışdır. Gəlmələrin yerləşdirilməsinə indi rəhbərlik edənlərin, xüsusilə knyaz Arqutinskinin səylərindən çox şey gözlənməlidir; artıq o, yəqin ki, öz sələfi mayor Vladimirovun səhvləri səviyyəsinə düşməyəcək. Biz onunla həmçinin müsəlmanları necə inandıracağımız barədə çox düşünürdük ki, onları indiki sıxıntılarla (çətinliklərlə) barışdıraq və inandıraq ki, bu uzunmüddətli olmayacaq və ermənilərin ilk dəfə buraxıldıqları torpaqları həmişəlik zəbt edəcəkləri barədə onların (müsəlmanların) qorxusunu aradan qaldıraq. Bu barədə mən polismeysterə, idarə heyəti üzvlərinə və burada mənim yanımda olmuş xanlara da demişəm. Əgər alihəzrətiniz Tiflis dövlət ekspedisiyasına buraya bir neçə məmur göndərməsini tapşırsanız, həqiqi xeyirxahlıq edərsiniz.

Burada iş görməli olan heç kim, hətta mirzə, həmçinin tərcüməçilər yoxdur. Mən belə düşünürəm ki, bunun üçün Tiflisdəki erməni məktəbindən bir neçə şagird seçmək olardı. Yenə də köçürülənlərə qayıdaraq, mən hesab edirəm ki, onlar bizim Gürcüstan ermənilərindən, ümumiyyətlə xəzinəyə heç bir fayda verməyən alverçilərdən xeyli faydalıdırlar, Persiyadan (İrandan) köçənlərin isə çox hissəsi sənətkarlar və əkinçilərdir

1828-ci il