azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

İşğal tarixi

Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsi idi. Ona görə də ermənilər, "ənənələrinə" sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar.
Qarabağ hadisələri, ermənilərin separatçı hərəkatı keçmiş DQMV-in mərkəzi Xankəndi şəhərində başladı və ilk zərbəni də Xankəndində yaşayan azərbaycanlılar aldılar. Azərbaycanlılar iş yerlərinə buraxılmadı, şagirdlər məktəbə gedə bilmədilər. İlk itirilən şəhər də Xankəndi oldu.
1987-ci ildə ermənilər Dağlıq Qarabağın Ermənistana verilməsi tələbi ilə imza toplamağa başladılar. Bu tələblərin qarşısını almaq məqsədilə azərbaycanlılar prokurorluğa, DTK-ya, Ali sovetə, Daxili İşlər Nazirliyinə dəfələrlə müraciətlər etdilər. Lakin bütün bu müraciətlərə məhəl qoyulmadı.
Hadisələr 1988-ci ilin fevralından daha aqressiv məcraya yönəldi. Fevral ayında İrəvanda və Xankəndində separatçılar və erməni millətçilərinin mitinqlər dalğası başladı. Ayın 13-dən etibarən isə ermənilər maşınlarla Əsgərandan DQMV-nin Partiya Komitəsinin binasına gələrək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə orada çadır qurdular. Vilayət Partiya Komitəsinin sədri Aslanov Armais Armenakoviçi tutduğu vəzifədən azad etdirdilər və onun yerinə vəzifəyə Osipov gətirildi. May ayının 25-dən etibarən isə Vilayət Partiya Komitəsində məsul vəzifədə çalışan azərbaycanlılar işdən çıxarıldı.
İlk olaraq ermənilər 1988-ci ilin 18 sentyabrında Xocalıya hücum etdilər. Güclü müqavimətlə rastlaşdıqdan sonra onlar Xankəndində olan azərbaycanlıların evlərinə basqınlar təşkil etdilər. Mayor Şahbazyanın başçılığı altında həm yerli milis idarəsində, həm də Ermənistanda çalışan milis işçilərindən ibarət dəstələr yaradıldı. Azərbaycanlıların yaşadıqları evləri yandırmaq məqsədilə bu dəstələrdən hər biri bir küçəyə nəzarət edirdi.
Zavodskoy küçəsi, Puşkin küçəsi, Ü.Hacıbəyov küçəsi, Özbəkistan küçəsi, Bazarnaya küçəsi, DQMV-50 küçəsində evlərə hücum edərək müxtəlif vasitələrlə onları yandırmağa başladılar. Sabir və Lesnoy küçələrinə də hücum edən ermənilər orada müqavimətlə rastlaşdıqlarından geri çəkilməyə məcbur oldular. Daha sonra M.Paşayev, Timiryazev, Magilyevski və Admiral İsakov küçələrində də yanğınlar törətdilər. Ümumilikdə isə 59 ev yandırıldı. Kərkicahan qəsəbəsinə də talanlar törətmək məqsədilə hücum edən ermənilər orada da müqavimətlə rastlaşdıqlarından burada öz çirkin niyyətlərinin həyata keçirə bilmədilər.
Xankəndinin mərkəzindəki küçələrdə 270-ə qədər azərbaycanlıların yaşadığı mənzillər qarət olundu, orada yaşayanları döyərək yaşadıqları evlərdən çıxarırdılar. Sentyabr ayının 18-də 20-nə kimi ermənilər talan və qarətlərinin davam etdirdilər. Sentyabr ayının 20-də Moskvadan əmr gəldi və Xankəndində komendant saatı tətbiq edildi. Bununla bağlı Xankəndinə gələn general öz işinə ciddi yanaşdığından və komendant saatına lazımi qaydada əməl olunduğundan ermənilərin çirkin əməllərinə bir müddət ara verildi. Lakin daha sonra ermənilər həmin generalın geri göndərilməsinə nail ola bildilər. Ermənilərin bu hücumlarından zərər görən azərbyacanlı ailələr Xankəndini tərk edərək Ağdam, Şuşa, Xocalı və digər ətraf rayonlara pənah gətirdilər.
Bir müddət sonra SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də Azərbaycan konstitusiyasına zidd olaraq 10025 saylı qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətində "Xüsusi İdarə Komitəsi" yaratdı. Komitənin tərkibinə 8 nəfər daxil edildi. Komitənin sədri Arkadi Volski təyin edildi.
Ermənilər Xüsusi İdarə Komitəsinin fəaliyyətini sabotaj edərək Azərbaycan dəmiryolları və avtomobil yollarına qarşı təxribatlar törətməyə, Dağlıq Qarabağ regionunda kütləvi talanlar etməyə, təbii sərvətləri dağıtmağa və meşələri qırmağa başladılar. Həmçinin A.Volskinin baş verən hadisələrə birtərəfli münasibəti ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə yeni-yeni imkanlar açdı. Nəticə etibari ilə belə bir komitənin yaradılması regionun Azərbaycanın nəzarətindən çıxmasında əsas rol oynadı.
İki əsrdən artıq müddətdə qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edən təcavüzkar erməni millətçilərinin etnik təmizləmə və soyqırımı siyasətinin nəticələrini bütövlükdə iki milyondan çox azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir. "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni ideoloqları illər boyu tarixi saxtakarlıqlara əl atmış, faktları təhrif edərək qondarma fikirlər irəli sürmüş, dünya ictimaiyyətini çaşdırmağa çalışmışlar. XIX əsrdən başlayaraq ermənilər torpaqlarımızda kütləvi şəkildə məskunlaşdırılmış, sonradan onlar tərəfindən azərbaycanlılar qədim ata-baba yurdlarından qovulmuş, soydaşlarımıza qarşı soyqırımı və deportasiya prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.
Öz saxtakarlıqlarından əl çəkməyən ermənilərin və Ermənistanın bu və ya digər formada Azərbaycana qarşı təcavüzü bu gün də davam edir. Məlumdur ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim Ermənistan Respublikası tərəfindən bölgənin azərbaycanlı icmasına qarşı etnik təmizləmə siyasəti nəticəsində yaradılmış qanunsuz strukturdur. Müasir dövrdə özünü "sivilizasiyalı" dövlət kimi qələmə verən Ermənistanın Azərbaycana qarşı təcavüzü, soyqırımı, öz mənfur niyyətlərinə çatmaq üçün həyata keçirdikləri, törətdikləri hər bir əməl təkcə Azərbaycan üçün deyil, bütün bunlara göz yuman dünya ictimaiyyətinə meydan oxumaq deməkdir.