Şəhidlərimiz
Səfərov Osman Aydın oğlu
(1964-1991)
Osman 1964-cü ildə Kərkicahan qəsəbəsində anadan olmuşdur. Qarabağda erməni təcavüzü başlanan gündən qardaşı Orduxan kimi əlində silah ermənilərə qarşı mübarizəyə qalxmışdı. 1991-ci ildə könüllü Kərkicahan polis bölməsinə daxil olmuşdu. Doğma kəndinin və digər yaşayış məntəqələrinin keşiyində ayıq-sayıq dayanırdı.
1991-ci il dekabrın əvvəllərində Kərkicahanda qanlı döyüşlər gedirdi. Polis bölməsi Xankəndinə bitişik erməni evlərinin yaxınlığında idi. Bu post həmişə ermənilərin diqqət mərkəzində saxlanılır və Yağlı təpədən oranı atəşə tuturdular.
1991-ci il dekabrın 2-də ermənilərlə qanlı döyüşdə ön sırada qəhrəmancasına vuruşan Səfərov Osman gözlənilməz bir mövqedən düşmən gülləsinə tuş gəldi. Kərkicahanın cəsur oğlanlarından biri də torpaq uğrunda şəhid oldu. Kənd qəbiristanlığında dəfn etmək mümkün olmadığından məzarı şəhid Şuşa qəbiristanlığındadır.