azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Qəsəbə və kəndləri

Kərkicahan qəsəbəsi

Kərkicahan qəsəbəsi 28 dekabr 1991-ci ildən erməni silahlı qüvvələrinin işğalı altındadır. Dağlıq Qarabağ Muxtar Vilayətinin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb ərazini Xankəndi şəhərinə (Stepanakert) birləşdirmişdilər. Azərbaycanlılar yaşayan bu qədim kəndə şəhər tipli qəsəbə statusu verilmişdir. Azərbaycanda Kərki, Kərkicahan, Kərkibaşlı və s. kəndlər vardır ki, bunlar da özündə qədim türk tayfasının adını birləşdirir. Yer adlarının öyrənilməsi adların mənsub olduğu xalqın siyasi-ictimai baxışlarını, həyat və məişətini, etnik tərkibini, coğrafi mövqeyini, tarixini, maddi və mənəvi sərvətlərini, təsərrüfatını, dil xüsusiyyətlərini, xarakterini və başqa cəhətlərini də dərk etməyə kömək edir. Mənfur niyyətlərinə həmişə sadiq qalan ermənilər Kərkicahanın adını “Qırqıjan”, “Kirqijan” kimi təhrif edərək dəyişdirməyə çalışsalar da, buna nail ola bilməmişdilər. Əsli “kərkican” olan bu etnotoponim “kərki” tayfa adından və yer, məkan bildirən – “can” topoformantından ibarət olub, "kərki tayfasının məskəni" mənasındadır.
Kərkicahan qəsəbəsi tarixi keçmişinə və strateji ərazidə yerləşməsinə görə həmişə ermənilərin narahatçılığına səbəb olmuşdur. Xankəndi, Şuşa, Qaybalı, Xəlifəli, Kosalar və Cəmilli ilə həmsərhəd idi. Kərkicahana həm Şuşadan, həm də Xankəndindən şosse yolu var idi.
İkinci dünya müharibəsi zamanı Kərkicahandan 79 nəfər həlak olmuş, 20 nəfər itkin düşmüş və 32 nəfər müharibə əlili olmuşdur.
İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil etmişdir. 2 məktəb, 1 uşaq bağçası, 1 kitabxana, 1 klub, 1 ATS, 1 poçt, 10 dükan, 1 tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan 5 sex və digər məişət-iaşə obyektləri dağıdılaraq ələ keçirilmişdir. Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olmuşdur.