azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Xəbərlər

Azərbaycanın işğal altındakı ərazilərinin gələcək inkişaf konsepsiyası təqdim olunub
3 Mart 2017

Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” (Ağdam şəhərinin timsalında) adlı layihənin təqdimatı olub.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin sədr müavini Bahar Muradova, təhsil naziri Mikayıl Cabbarov, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova və digər rəsmilər iştirak edib.

Əvvəlcə qonaqlar universitetin foyesində hazırlanmış layihənin sərgi hissəsi – 27 planşetdən ibarət stendlərlə tanış olublar.

Universitetin rektoru Gülçöhrə Məmmədova qeyd edib ki, layihənin əsas məqsədi işğal altında olan torpaqlar azad edildikdən sonra böyük qayıdış zamanı tələbələrin bu işə bütün imkanları ilə verə biləcəkləri töhfəni nümayiş etdirməkdir: “Bu, Qarabağın davamlı inkişafının layihələndirmə konsepsiyasıdır”.

Layihənin ideya rəhbəri, universitetin Ekologiya kafedrasının müdiri Fəqan Əliyev bildirib ki, layihə AzMİU-nun SABAH qruplarında təhsil alan tələbələrlə professor-müəllim heyətinin birgə işidir. Daha sonra tələbələr Ağdam şəhərinin nümunəsində işğal altında olan ərazilərdə gələcəkdə aparılacaq bərpa və quruculuq işlərinin planı təqdim olunub.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qeyd edib ki, Ağdam nümunəsində “Qarabağın davamlı inkişafı” layihəsini hazırlamaqla tələbələr uzaqgörənlik nümayiş etdiriblər.

Təhsil naziri Mikayıl Cabbarov uzunmüddətli əməyin nəticəsi olan layihənin sadəcə peşəkar yanaşmanın deyil, həmçinin yetişən gəncliyin ölkənin taleyüklü məsələlərinə laqeyd yanaşmamasının, vətənpərvərlik və təəssübkeşliyinin bariz nümunəsi olduğunu bildirib.

Milli Məclisin sədr müavini Bahar Muradova və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov çıxışlarında layihəni yüksək qiymətləndirərək onu dünyaya mesaj kimi qəbul ediblər.

Memarlıq fakültəsinin Dizayn kafedrasının müəllimi, memarlıq üzrə fəlsəfə doktoru Yeganə Hacıyeva layihədə iştirak edən SABAH qruplarında təhsil alan tələbələrə uğurlar arzulayıb. Y.Hacıyeva bu işin ərsəyə gəlməsində onlara verdiyi dəstəyə görə AzMİU rəhbərliyinə təşəkkürünü bildirib.

Trend