azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

31 Mart Soyqırımı

Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım

«Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir».
Heydər Əliyev

Kaspi qəzetinin Nikolayevski (müasir İstiqlaliyyət) küçəsində binası Mart hadisələrində baş vermiş yanğından sonra

Tarixi hadisələrin düzgün işıqlandırılması problemi bu gün bəşəriyyəti düşündürən vacib məsələlərdəndir. Azərbaycan xalqının həyatında isə elə böyük tarixi faciələr var ki, onlar haqqında hələ də gənc nəslin, eləcə də dünya ictimaiyyətinin lazımi səviyyədə məlumatı yoxdur. Ziyalılarımız, alimlərimiz uzaq və yaxın keçmişimizdə baş verən hadisələri yazmaq, təfsilatı ilə gələcək nəslə çatdırmaq üçün öz vətəndaşlıq borcunu yerinə yetirməlidirlər. Bu mənada ermənilərin əsrlərdən bəri bəşəriyyət əleyhinə törətdikləri cinayətləri, xüsusilə azərbaycanlılara qarşı apardıqları soyqırım siyasətini araşdırıb beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq mühüm vəzifələrdəndir.
Hər il 31 mart ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi anılır. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qırılmasını, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixinin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 31-də Bakı kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş vəhşiliklər törətmişlər. Bu soyqırımı əsl hüquqi-siyasi qiymətini Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra almışdır. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində verilən fərman erməni təcavüzkarlarının terror hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından, bir növ, proqram sənədidir. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə martın 31-nin azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması təsbitlənmişdir. Fərmanda deyilirdi: «Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir.
Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir». Ötən illər ərzində Azərbaycan dövləti bu tarixi gerçəklikləri, xalqın iki əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində xeyli iş görmüşdür. Fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulmuş, mərhələlərlə törədilmiş soyqırımı və terror siyasəti dolğun əksini tapmışdır. Tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən ruserməni işbirliyinin nəticəsi olmuşdur. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq, tarixi Azərbaycan torpaqlarını ələ keçirmək, bu torpaqlarda erməni dövləti qurmaq məqsədi güdmüşlər.
XIX əsrin ikinci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmışdır. Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində «Böyük Ermənistan» dövləti qurmağa niyyətlənən ermənilər «Daşnakstyun» (1880, Tiflis), «Erməni vətənpərvərləri ittifaqı» (1885, Nyu-York), «Qncaq» (1887, Cenevrə) kimi siyasi-terror təşkilatlarını bu istiqamətə yönəltmişdirlər. Sözügedən təşkilatların fəaliyyət proqramında azərbaycanlılara qarşı ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək məramı əsas yer tuturdu. 1905–1907-ci illərin Rusiya inqilabı bu təşkilatların fəaliyyəti üçün «geniş imkanlar» açdı.
Qarışıqlıqdan istifadə edən ermənilər Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda kütləvi qırğınlar törətmiş, 75 azərbaycanlı kəndini talan etmişlər.
1905–1907-ci il inqilabından sonra azərbaycanlıların deportasiyası və soyqırımı prosesi davam etdirilmişdir. Bunu Rusiya imperiyasının o vaxtkı statistik məlumatları da təsdiqləyir. 1916-cı ildə nəşr olunan məlumatlara əsasən, İrəvan quberniyasının əhalisi 1830–1914-cü illər ərzində 40 dəfə artaraq 570 min nəfər təşkil etmişdir. Lakin bunun müqabilində bölgənin azərbaycanlı əhalisinin sayı cəmisi 4,6 dəfə artmışdır. Hətta bu qədər sıxışdırılma və deportasiya müqabilində yenə 1916-cı ildə İrəvan əhalisinin təxminən 45 faizi, yəni 247 min nəfəri azərbaycanlılardan ibarət olmuşdur. 1914-cü ildə başlanan Birinci dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar (1917-ci il) ermənilərin «Böyük Ermənistan» iddiası üçün əlverişli şərait yaratmışdır. 1915-ci ilin əvvəlində Türkiyənin şimal-şərq bölgələrinin erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı kütləvi qırğınlara başlamışdı. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin o ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr vermişdi.
Türkiyə ərazisindən erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura çoxlu sayda erməni əhalisi də köçüb gəlmişdi. (Bu barədə rəsmi sənədlərə əsaslanan dəqiq məlumatlar növbəti monoqrafiyada ətraflı şəkildə şərh olunacaq – S.M.) Rusiya ordusuna arxalanan ermənilər əvvəlcə Naxçıvanda və İrəvanda, ardınca isə Qarabağda, Azərbaycanın digər bölgələrində azərbaycanlılara divan tutmuşlar.
1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri başıpozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhalisinə zülm etmişlər. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi tamamilə dağıdılmış və yandırılmışdı. Bu ərazidə yaşayan 135 min Azərbaycan türkünün bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşlar.
Bu qırğınlara 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz ilşəri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. Belə bir vəziyyət S.Şaumyana cənubi Qafqazda sovetləşmə siyasətini həyata keçirmək üçün real imkanlar verirdi. Böyük qırğınlara başlamağa yalnız bəhanə lazım idi: nəhayət, müsəlman əsgərlərin Lənkəranda olan könüllülərə silah göndərmək istəməsi Şaumyana bu bəhanəni verdi. O, Lənkərana silah göndərilməsinin qarşısını almaq əmrini verdi. Başlanan atışmalarda ölən və yaralananlar oldu. Şaumyan bu hadisəni bəhanə edərək ruslarla erməniləri azərbaycanlılara qarşı misli görünməmiş qırğınlar törətməyə sövq etdi.
Martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri şəhəri gəmilərdən yaylım atəşinə tutdular. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər.
Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi xarakter aldı. Üç gün ərzində Bakıda 30 min insan qətlə yetirildi. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını talan etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan «İsmailiyyə»nin binasına od vurmuşdular. Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı (onlardan 2560-ı qadın, 1277-si uşaq idi) qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insan həyatına son qoyulmuşdu.
Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törətmişdirlər. 1918-ci ilin martaprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 100 min azərbaycanlı qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdular. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdü. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş, əhali üzərində heç nəyə məhəl qoymadan qətliam həyata keçirilmişdi. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində («Əməkçi» qəzeti № 231, 2 noyabr 1919-cu il) bildirilir: «Biz erməni təcavüzkarlarına qarşı mübarizəyə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi».
Göründüyü kimi, azərbaycanlılara qarşı aşkar soyqırımı həyata keçirən ermənilər Bakı da daxil olmaqla, bütün Azərbaycanı özlərinin ərazisinə çevirmək niyyətində idilər. Xalqımız uzun illər bu gerçək tarixdən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənmişdir. Dəhşətli genosidin qurbanı olmuş minlərlə soydaşlarımızın uyuduğu qəbiristanlığın üstünü betonlayaraq üzərində Kirovun heykəli ucaldılmış, ətrafda istirahət parkı salmışdılar.
Bu mənada, ümummilli lider Heydər Əliyevin 9 il bundan əvvəl imzaladığı fərman 200 illik işğal və soyqırımı siyasətinə qarşı çıxarılan tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və vətənə bağlılığı baxımından da çox əhəmiyyətlidir. Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Bunun nəticəsində ermənilər ötən illər ərzində özlərinin saxta iddialarını ictimailəşdirməyə, «erməni soyqırımı» adlı avantüranı geosiyasi amilə çevirməyə cidd-cəhdlə çalışmışlar. Lakin tarixi faktlar onu göstərir ki, öz havadarlarına arxalanan ermənilər bu faktları dünya ictimaiyyətindən gizlətsələr də, tarix bu faktları çağdaş zəmanəmizə qədər qoruyub saxlamışdır. Bu mənada azərbaycanlılara qarşı törədilən soyqırım hadisələrindən bəzi məqamları oxucuların diqqətinə çatdırmağı zəruri hesab edirik.
Odur ki arxiv sənədlərinə əsaslanan bəzi mənbələrə istinadən bir neçə faktik hadisələrə nəzər yetirək. Müvafiq məxəzlərlə tanışlıq zamanı ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar barədə məlumatları oxuduqca, insanlıq əleyhinə yönəlmiş vəhşi xislətli həmin əməl sahiblərinə qarşı nifrət birə-min artır. Məsələn, Naxçıvanın Əmovu kəndində törədilən dəhşətli faciələr bu mənfur kütlə tərəfindən xüsusi qəddarlıqla həyata keçirilmiş soyqırım siyasəti idi. Andranikin quldur dəstəsi Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı edilən vəhşilikləri Naxçıvanda da törətmişdir. Əmovu kəndinin başına açılan müsibətlərin yalnız müəyyən qismini qələmə alan G.Məmmədova yazır: «Daşnaklar kəndin altında nəhəng tonqal qaladılar. Qadınları, kişiləri sürüyüb tonqalın ətrafına gətirirdilər.
Dəstələrə bölünmüş daşnaklar kəndin ətrafında, dağlara üz tutan qadınları haqlayır, saçlarından tutaraq sürüyə-sürüyə tonqala gətirir, gücləri çatmayanları elə oradaca baltalayır, doğrayırdılar...».
Ürək ağrısıyla qeydə alınan digər bir məqamda isə deyilir: «Saqqallı əsgər yapoya (erməni cəlladına verilmiş təxəllüsdür–H.H.) sözünü qurtarmağa aman vermədi. İti baltanı gəlinin sinəsindən aşağı çəkdi və körpə isti ana bətnindən yumrulanıb yerə düşdü. Saqqallı süngü ilə uşağa diqqətlə baxdı, ucadan hırıldadı:
– Mən düz tapmışam. Yapo, bu, əsgər olacaqdı, oğlan uşağıdır. Saqqallı əti çimçəşmədən yumurunu süngünün ucu ilə götürüb tonqala atdı...»
Yuxarıda göstərilən və bundan da dəhşətli hadisələr minlərlədir. Sual yarana bilər ki, erməniləri türklərin soyqırımına təhrik edən düşüncə tərzi yaxın illərdənmi formalaşıb? Birmənalı şəkildə demək lazımdır ki, əlbəttə, yox! Ermənilərin soyqırım siyasəti əsrlərdən bəri formalaşmış, onun ideya daşıyıcıları isə ardıcıl şəkildə təbliğatlarını aparmış və onlar üçün əlverişli məqam yetişdikdə həmin andaca soyqırım hadisələri törətmişlər. Bu ideyanın daşıyıcılarından və yeri gəldikdə onu real şəkildə həyata keçirənlərdən biri əvvəldə qeyd olunduğu kimi məhz S.Şaumyan olmuşdur. Ümumilikdə götürdükdə, məskunlaşma dinamikası haqqında tarixi ədəbiyyatlarda kifayət qədər elmi cəhətdən əsaslandırılmış məlumatlar olduğundan, bunun geniş təhlilinə ehtiyac duyulmur. Lakin erməni-daşnak ideologiyasının uydurma fikirlərinə cavab olaraq, təkcə onu göstərmək kifayətdir ki, Türkmənçay müqaviləsinə qədər bu şəhərlərdə ermənilər son dərəcə az olmuşlar və onları barmaqla saymaq olardı.
Təbii olaraq, türklərin soyqırımını qarşılarına məqsəd kimi qoyan bu cür ideoloqların sayıqlamaları həmin siyasətin həyata keçirilməsində çox zaman ermənilərə vasitə olmuşdur. Hesab edirəm ki, rəsmi sənədlərə əsasən bir məqamı da oxucuların nəzərinə çatdırmaq zəruridir. Məsələn, əlverişli məqamlardan məharətlə istifadə edən erməni şovinistlərinin 1918-ci ilin mart qırğınlarından bəhs edən mənbələrin birində (H.Baykara, «Azərbaycan istiqlal mübarizəsi tarixi») yazılır: «Türklərin mağazaları talan edildi, evlər yandırıldı. Bu barədə mənim üçün yazmaq olduqca ağırdır. Türk qadınları saç-saça bağlanaraq çılpaq gəzdirildikdən sonra müxtəlif şəkildə təcavüzlər, öldürmələr və daha başqa cinayətlər... törədildi.
Təcavüzlər bununla bitmədi. Erməni, rus könüllü dəstələri Şamaxı, Salyan, Kürdəmir, Quba və Lənkərana da hücum etdilər, bu yerlərdə də Bakıda olduğu kimi, qırğınlar, talanlar və tarixdə görünməyən cinayətlər törədildi». Bax həmin soyqırımın təşkilatçıları və onu real şəkildə həyata keçirənlər hadisələr başlamazdan əvvəl, martın 15-də tapşırıq almışdılar. Çünki 1918-ci il martın 15-də etdiyi çıxışında S.Şaumyan, guya, ölkədəki vəziyyətdən narahatlığını bildirərək demişdi: «Bakı Soveti vətəndaş müharibəsinin Zaqafqaziyada başlıca dayağı və mərkəzi olmalıdır». Çıxışdakı motivlər onu göstərirdi ki, artıq azərbaycanlıların soyqırımına başlamağın vaxtı çatıb. Buna ermənilər tam hazırlıq da görmüşdülər. Planlı şəkildə yerinə yetirilən proses Bakıdan əvvəl Şamaxıda keçirilmişdir. Tarixi qaynaqlara və arxiv sənədlərinə əsasən demək olar ki, Novruz bayramı ərəfəsində Şamaxı əhalisinə dəhşətli divan tutulmuşdur. 1918-ci ilin ilk aylarından başlayaraq hazırlanan soyqırım planını yerinə yetirməyi S.Lalayana tapşırmışdılar. Erməni daşnaklarının yekdil fikri bu idi ki, Şamaxının müsəlman əhalisi tamamilə məhv edilməlidir. Şamaxı şəhərində bu qanlı aksiyanı yerinə yetirən Lalayanın terrorçu quldur dəstəsi eyni vəziyyəti kəndlərdə də davam etdirdi və şəhərin 58 kəndi xarabazara çevrildi. Hadisələrlə bağlı 21 oktyabr 1918-ci il tarixli «Azərbaycan» qəzetində ürək ağrısıyla yazılırdı: «... Biz, Şamaxı əksinqilabçılarının başına nə gəldiyini bilmirik, amma onu bilirik ki, başda sosialist «Əmirov və Lalayev» olmaqla qırmızı sosialist dəstəsi Şamaxıdakı bütün müsəlman əhalisini kəsib doğramış, kəndləri dağıtmışdılar. Lalayevin Şamaxı müsəlmanlarına qarşı törətdiyi vəhşiliklər bu müddət ərzində gördüklərimiz bütün dəhşətləri kölgədə qoydu».
Gətirdiyimiz iqtibasdan görünür ki, Şamaxıya göndərilən erməni silahlı dəstələri, guya, əksinqilabçıları cəzalandırmağa gəlmişdilər. Lakin onlar, əslində, bu ad altında bütün müsəlman əhalisinə divan tutmuşdular. Ermənilərin belə bir siyasət yeridərək soyqırım niyyətlərini reallaşdırdıqları barədə sonralar N.Nərimanov yazırdı: «Müsəlman bolşevik olsaydı belə, ona aman vermirdilər.
Daşnaklar deyirdilər: «Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olmağın kifayətdir.». Onlar kefləri istəyən adamı öldürür, evləri dağıdır, xaraba qoyurdular... Bolşevizm bayrağı altında daşnaklar müsəlmanlara qarşı hər cür vəhşiliyə yol verirdilər. Nəinki kişilərə, hətta hamilə qadınlara belə rəhm etmirdilər».
Statistik rəqəmlər də Şamaxı qırğınlarının hansı qəddarlıqla törədildiyini əks etdirir. Şamaxı kəndlərində azərbaycanlılara qarşı törədilən qırğınların göstəricilərinə bir daha diqqətimizi yönəldək.
Cəyirlidə 75, Ərəbqədim kəndində 378, Cəmcəmlidə 26, Qaravəllidə 120, Kürdəmirdə 25, Ovçuluda 27, Bağırlıda 370, Təklədə 922, Dilmanda 585, Sulutda 44, Nuranda 117, Sündüdə 250, Ağsuda 200, Bəklədə 316 nəfər və s. adını çəkmədiyimiz Şamaxının digər kəndlərində minlərlə günahsız insan vəhşicəsinə qətlə yetirilmişdir. Tarixi sənədlərin araşdırılması göstərir ki, S.Lalayan Şamaxıda törətdiyi qırğınlarla kifayətlənməmiş, ətraf ərazilərdə, o cümlədən Göyçay və Kürdəmir rayonlarında da soyqırım əməllərini davam etdirmişdir. Kürdəmirdə aparılan istintaq sənədlərində göstərilir ki, Kürdəmiri yandıran və əhalinin əmlakını talan edib dağıdan ermənilər Şamaxı qəzası tərəfindən gəlmişlər. Ermənilər «Daşnakstyun» partiyasının rəhbərliyi altında bolşevizm bayrağı adı ilə milli siyasətlərini həyata keçirirdilər. Erməniləri Kürdəmirə Stepan Lalayan gətirmişdi. O, müsəlmanlara qarşı törətdiyi yanğınların, qətllərin və talanların təşəbbüskarı və təşkilatçısıdır. Kürdəmirdə yaşayan Mövsüm bəy Sadıqbəyov istintaq zamanı ermənilərin vəhşilikləri barədə belə ifadə vermişdir: «Mən bir neçə ildir ki, Kürdəmirdə yaşayıram. Əslən Şamaxıdanam, Şamaxı hadisələrindən üç həftə əvvəl mən bura köçmüşdüm. Hələ Kürdəmirdə yaşadığım vaxt eşitmişdim ki, ermənilər Bakıdan çoxlu silah daşıyıb gətirmişlər. Müsəlmanlar öz etirazlarını bildirdikdə ermənilər deyirdilər ki, biz özümüzü qorumaq məqsədilə silah toplayırıq...
1918-ci il martın 15-də Meysəri kəndində ermənilərlə müsəlmanlar arasında ilk toqquşma baş verdi. Ertəsi gün ermənilər və müsəlmanlar arasında sülh müqaviləsi bağlandı. Əhalidə belə arxayınçılı__________q yarandı ki, artıq təhlükə sovuşmuşdur. Lakin martın 18-də Mədrəsə kəndindən Şamaxıya top atəşi açıldı. Tezliklə malakanlar da müsəlmanlara qarşı çıxış etdilər... Şəhər bütünlüklə dağıdılmışdı.
Bütün bu qırğınların başlıca təşkilatçısı və təşəbbüskarı Stepan Lalayan, Mixail Arzumanov, Qaraoğlanov olmuşlar». Son illərdə respublikamız bu sahədə fəaliyyətini gücləndirmiş, rəsmi sənədlərə əsasən ermənilərə qarşı ədalətli effektiv fəaliyyətə başlanmışdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı bu işlərin vahid və sistemli surətdə aparılmasına imkan yaratmşdır. Bu sərəncam uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açmış, xalqımızın qan yaddaşını təzələmişdir.
Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də qətiyyətlə davam etdirilir. Dövlət başçısının soyqırımı ilə bağlı xalqa miraciətində vurğuladığı kimi: «Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqırımı siyasətini yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik. Əminəm ki, Xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların dünya ictimaiyyətinə çatdırılması prosesində önəmli rol oynayacaqdır”.
Tövsiyə olunmuş müraciətin nəticəsidir ki, Heydər Əliyev Fondu soyqırım ilə bağlı 100-dək materialın xaricdə sərgisini təşkil etmişdir. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunmuş kitab və bukletlər xaricdə yayımlanmışdır.
Eyni zamanda, 2009-cu ilin fevralında İslam Konfransı Təşkilatının Gənclər Fondunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət” kampaniyası ötən bir il ərzində uğurla davam etmiş, bu aksiyaya dünyanın əksər ölkələrində könüllülər qoşulmuşdur.
Göründüyü kimi, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım düşünülmüş plan əsasında mərhələlərlə həyata keçirilmiş, xalqların dinc-yanaşı yaşamaq prinsipinə daim sadiq qalan soydaşlarımız isə bu cür faciələrin heç vaxt baş verməyəcəyinə inanaraq bəşər tarixində görünməyən fəlakətlərə düçar olmuşlar. Bu gün dünya ictimaiyyətinin hər bir üzvü, xüsusilə hər bir Azərbaycan vətəndaşı xalqımızın başına gətirilən bu faciələrdən xəbərdar olmalı və tarixdən ibrət dərsi götürməyi bacarmalıdır. Bəşəriyyət əleyhinə cinayətlərdən sayılan ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım hadisələrinə veriləcək qiymət isə bu problemi tarixi faktlara əsasən dünya ictimaiyyətinə çatdırmağımızdan, onun doğru-düzgün təbliğindən asılıdır.

Sadir Məmmədov. Mart soyqırımı. Bakı, “Kitab aləmi”, 2010. – 16 s .