Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Erməni vandalizmi ::: 31 Mart Soyqırımı ::: Quba qırğını :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

31 Mart Soyqırımı

Quba qırğını

Armenian terror in Quba

Rusiyanın himayədarlığı ilə istədikləri əməlləri həyata keçirən ermənilər, Qafqaza gəlmə bir xalq olmalarına baxmayaraq, bu qədim və zəngin ərazidə yurd salmaq, dövlət yaratmaq üçün hər cür yola-hiyləyə, fitnə-fəsada əl atmışlar.
Bu haqda rus tarixçiləri İ.Dyakonov və N.Şavrov belə demişlər: “Qədim ermənilər, təxminən bizim eradan əvvəl birinci minillikdə, Fərat çayının yuxarı vadisi zonasında meydana gəlmişlər” (İ.Dyakonov. Erməni xalqının ilkin tarixi. Yerevan, 1968, s. 237). “XX əsrin başlancığında Zaqafqaziyada yaşayan 1 mln. 300.000 ermənidən 1 milyondan artığı bu rayonun yerli əhalisi deyildir: onlar buraya bizim tərəfimizdən köçürülmüşlər” (N.Şavrov. Zaqafqaziyada rus mənafeyi üçün yeni təhlükə. Sankt-Peterburq. 1911, s. 61).
“Ermənilər, əsasən, müsəlman mülkədarların torpaqlarında yerləşmişlər»-deyən vəzri-muxtar, diplomat və dramaturq A. Qriboyedovun “Ermənilərin İrandan bizim əyalətlərə köçməsi -haqqında qeydlər”ini oxumaq kifayətdir (A. Qriboyedov. Seçilmiş əsərləri, II c., Moskva, 1977, s. 399-444).
Ermənilərin Qafqazın aboroken xalqı olmamaları barədə vaxtilə mənşəcə erməni alimlərinin özləri də etiraf etmişlər.
Tarixçi B. İşxanyan “Qafqaz xalqları” əsərində yazır: “Antik dövrdə ermənilərin əsl vətəni olan Böyük Ermənistan Kiçik Asiyada, yəni Rusiyadan kənarda yerləşirdi” (B. İşxanyan. Qafqaz xalqları. Petroqrad, 1916, s. 18).
Məhşur alim, Ermənistan SSR EA-nın ilk prezidenti İ.Orbelinin qeydinə diqqət yetirək: “İndiki Dağlıq Qarabağ orta əsrlər Albaniyasının bir hissəsi olmuş, sonradan erməni feodalları tərəfindən zəbt edilmişdir” (İ.Orbeli. Seçlmiş əsərləri. Yerevan, 1963, s. 358).
Ermənilərin kim olduqlarını və harada təşəkkül tapdıqlarını fikrimizcə onların tanınmış alimi Manuk Abeqyan daha dəqiq və düzgün ifadə etmişdir: “Erməni xalqının əsli nədir; necə və nə vaxt, haradan və hansı yollarla o, buraya (İrəvan torpaqlarına - V. A.) gəlib, erməni olmazdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə, etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bunları subuta yetirən aydın və dəqiq dəlillər yoxdur”. M. Abeqyan. Erməni ədəbiyyatı tarixi. Yerevan, 1975, s. 11.
Hansı dona, hansı cildə istəsən girməyi bacaran erməni daşnakları 1917-ci ildə belə bir plan hazırlamışdılar ki, istər Şimali Azərbaycanda, istər tarixi Azərbaycan torpaqlarında, istərsə də Qafqazın digər ərazilərində yaşayan azərbaycanlıları bütünlükdə məhv etsinlər. Ermənilərin əsas məqsədi bir xalq və millət kimi azərbaycanlıların ən dəhşətli soyqırımını təşkil etmək idi. Daha doğrusu, erməni daşnak partiyasının liderləri 1918-ci ilin ilk aylarından etibarən Bakıdan başlayaraq Tiflisə qədər məskunlaşan azərbaycanlıları qırıb Kür çayına, Qubadan Astarayadək yaşayanları isə Xəzər dənizinə tökməyi planlaşdırmışdılar.
Həmin plana uyğun olaraq 1918-ci ilin mart-may aylarında Bakıda, Şamaxıda, Qubada və Göyçayda ermənilər yerli əhaliyə qarşı kütləvi qırğın tədbirlərinə əl atdılar.
Həmin günlərin acı həqiqətlərini qocaman müəllim Məmmədhüseyn Axundov belə xatırlayır: “Ermənilər azərbaycanlıları qıra-qıra Göyçaya çatmışdılar. Onlar görülməmiş vəhşiliklər törədir, hamilə qadınların qarnını yarıb uşağı nizəyə keçirir, divara sancır, camaatı məscidə doldurub yandırır, qız və gəlinlərin kürəyinə qaynar samovar bağlayır və başqa vəhşiliklər edirdilər”. 1917-ci ildə Rusiyada çar hökuməti devrildikdən sonra alman və Avstriya cəbhələrində xidmət edən minlərlə” erməni əsgəri öz silahları ilə (o vaxtlar rus ordusuna azərbaycanlılar hərbi xidmətə çağırılmırdı.Əvəzində dövlətə vergi verilirdi) daşnakların niyyətlərini həyata keçirmək üçün Bakıda cəmləşdilər. Hətta, xatirələrdən məlum olur ki, 1918-ci ilin yanvar-fevral aylarında özlərinə çox arxayın olan daşnak zabit və əsgərləri Bakının küçələrində belə bir mahnı oxuya-oxuya gəzirlərmiş:

Bir, iki, Qafqaz oldu bizimki,
Bir, iki, Bakı oldu bizimki,
Dənizdən dənizə,
Qara dəniz, Aralıq dənizi
Üstəlik Kirit adası.
Şimal sərhədimiz Voronej şəhəri
Paytaxtımız Tiflis şəhəri
Yaşa,çox yaşa Andronik paşa,
Andronik paşa, səni çox yaşa ...

Göründüyü kimi, ermənilərin iştahası çox böyük imiş. Bu da təsadüfi deyildi. Çünki onların Rusiyada V.İ.Lenin kimi himayədarları, Qafqazda isə S.Şaumyan və A.Mikoyan kimi arxaları vardı.

STEPAN ŞAUMYANIN
GÖSTƏRİŞİ İLƏ

Armenian terror in Quba

1918-ci ilin mart ayının son günləri Azərbaycan xalqının qanlı və faciəli günləri kimi tarixə düşmüşdür. Azərbaycanın istiqlaliyyəti tarixinin görkəmli araşdırıcısı Cahangir Zeynaloğlu mart hadisələri barədə belə yazır; “Daşnak” firqəsi xüsusi bir proqram daxilində müntəzəm şəkildə Bakıda müsəlmanları qırdı. Bu qırğına “bolşevik-müsavat firqə mübarizəsi” adı verildi və qətl edilənlərin malları yağma edildi və yandırıldı. Martın 31-də başlayan bu qırğın üç gün davam eylədi... “İsmailliyyə” deyilən böyük və gözəl milli saray yandırıldı. “Təzə pir” və sair camelər də bombardman edildi, Şəhidlərin miqdarı 35 minə qədər təxmin edilməkdədir. Qətllərdən qurtulan müsəlmanlar ətraf göylərə və da çəkildilər” (Müxtəsər Azərbaycan tarixi. Bakı, 1992 s.110).
Bakıda azərbaycanlıların kütləvi qırğınından sonra oyuncaq hökumətin (daşnakların və ermənipərəst komissarların daxil olduqları Bakı kommunasının) başçısı S.Şaumyan özünün Baş planını (azərbaycanlıların bir millət kimi məhvi barədə) həyata keçirmək məqsədilə Quba, Şamaxı, Salyan və Göyçay bölgələrində törədiləcək qırğınları həyata keçirməyə başladı.
Ermənilərin Bakıda qazandığı uğurlar S.Şaumyana qol-qanad verdi. Öz hərəkətlərinə haqq qazandırmağa çalışan daşnak lideri Rusiya proletariatının başçısından da xeyir-dua almışdı. O vaxtlar V.İ.Lenin S.Şaumyana yazdığı xüsusi məktubda Bakıda mart qırğınında S.Şaumyanın möhkəm və qəti siyasətinə məftun olduğunu bildirir və həmin siyasəti davam etdirməyi məsləhət görürdü. Daha sonra bolşeviklərin rəhbərləri tapşırırdı ki, bu siyasəti çox ehtiyatlı bir diplomatiya ilə birləşdirmək unudulmamalıdır. V.İ.Leninin fikrincə belə etdikdə qələbənib təmin olunacağına böyük inam bəsləmək olar.
1918-ci ilin aprelində Bakı şəhəri və Bakı quberniyası bolşeviklərin əlinə keçdiyi bir vaxtda S.Şaumyanın tapşırığı ilə Quba əyalətində hakimiyyəti ələ keçirmək üçun tədbirlər görülməyə başlandı.

QUBA CAMAATI BOLŞEVİK
HAKİMİYYƏTİNİ İSTƏMİR

Aprelin ortalarında S.Şaumyan özünün sadiq məsləkdaşı David Gelovanini iki yüzə yaxın silahlı əsgərlə (ermənilərdən ibarət) Qubaya göndərir. Burada özünü Quba Qəza Komissarı elan edən D.Gelovank yerli əhaliyə bildirir ki, onlar mütləq bolşeviklərin hakimiyyətini tanımalıdırlar. Vəziyyətin çox ağır olduğunu dərk edən qubalılar bu təkliflə razılaşırlar. Bir neçə gündən sonra Qubada sakitliyin yarandığını görən D.Gelovani yerli camaatın tərksilah, edib həbsxanada saxladıqları iki yüzdən artıq ermənini azadlığa buraxdırır.
D.Gelovaninin Qubada bolşevik idarə üsulu uzun çəkmir. Bir neçə gündən sonra şəhərin özünün və ətraf kəndlərin camaatı bolşevik komissara silahlı müqavimət göstərib onun ya Qubanı tərk etməsini, ya da təslim olmasını təklif edirlər. Arxadan köməyə gələn toplu-pulemyotlu xüsusi hərbi dəstə belə D.Gelovaniyə kömək edə bilmir.
D.Gelovani Qubanı tərk etmək məcburiyyətində qalır. Şəhərdən çıxarkən, o, buradakı erməniləri də özü ilə aparır. Qubalılar bu hadisələr zamanı həm şəhərdə yaşayan, həm də D.Gelovaninin əsgərlərindən olan ermənilərdən az da olsa Bakı qırğınının hayıfını çıxırlar.

DAŞNAK AMAZASPIN QUBA
MAHALINA HÜCUMU

Armenian terror in Quba

D.Gelovani Qubadan qovulduqdan iki həftə sonra xəbər gəlir ki, bolşeviklərin bu mahala yeni və güclü təcavüzü hazırlanır.
May ayının 1-də məhşur daşnak zabiti Amazaspın başçılığı ilə ancaq ermənilərdən ibarət olan böyük hərbi dəstəsi Qubanı mühasirəyə alaraq şəhəri toplardan və pulemyotlardan atəşə tuturlar. Məlum olduğu kimi, Amazaspın dəstəsi elə belə adi əsgərlərdən ibarət olmamışdır. Onlar xususi “Cəza dəstəsi” adı altında birləşən, vəhşilikləri ilə seçilən ermənilərdən ibarət qoşun hissələri idi.
Amazaspı “Cəza dəstəsi” ilə Qubaya şəxsən S.Şaumyan göndərmiş və bu barədə o, digər komissarlarla heç məsləhətləşməmişdi. Bu dəstəni tərtib edən yalnız hərbi komissar Qriqori Korqanov olmuşdur. Q.Korqanov S.Şaumyanın təklifi ilə Amazaspın dəstəsinə yalnız “Daşnaksütyun” partiyasının üzvü olan əsgərləri (iki min nəfər) daxil etmiş və ona qatı millətçi Venuntsu dəstə komissarı, Nikolay adlı hərbiçini isə köməkçi təyin etmişdi.
Amazaspın Qubanı işğal etdikdən sonra şəhər camaatına hədə-qorxu müraciətində onun dəstəsinin bu yerlərə hansı məqsədlə göndərildiyi açıq şəkildə ifadə olunur. O vaxt Amazasp demişdir: “Mən erməni xalqının qəhrəmanı və onun marağının müdafiəçisiyəm. Mən buraya-Qubaya xüsusi cəza dəstəsi ilə ona görə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülən ermənilərin hayıfını sizdən alım. Mən buraya qayda-qanun yaratmaq üçün, Sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm.
Bu yerlərdə erməniləri qırdığınıza görə Xəzər dənizinin sahillərindən tutmuş Şah dağına qədər olan ərazidə yaşayan bütün müsəlmanları məhv etmək barədə mənə göstəriş verilib. Mənə sizin yurd-yuvanızı yerlə yeksan etmək, Şamaxıda törətdiklərimizi sizin də başınıza açmaq, erməni qardaşlarımızın qanının intiqamını almaq tapşırılıb”.

QUBADA ERMƏNİ VƏHŞİLİKLƏRİ

Amazaspın dəstəsi istər Qubaya gələrkən bütün yol boyu, istər şəhərə girərkən, istərsə də mahalın digər ərazilərində olarkən çox dəhşətli və qansız hərəkətlər etmişlər. Ermənilər, qarşılarına çıxan kəndləri, obaları, yurd yerlərini dağıdır, yandırır, rastlaşdıqları kişiləri, qadınları, uşaqları qəddarcasına qətlə yetirirdilər. Qubada bir-bir evlərə girib bəzən butün ailəni məhv edən ermənilər hətta hamilə və uşaqlı qadınlara belə rəhm etməmişlər. Məsələn, onlar Kərbəlayı Məmməd Tağı oğlunun 14 nəfərdən ibarət ailəsinin, Məhəmməd Rəsul oğlunun 5 nəfərlik ailəsinin başlarını kəsmiş, Hacı Dadaşbala Qasım oğlunun arvadı Məşədi Bibixanımın və oğlu Abdul Qasımı diri-diri oda ataraq yandırmış, Kərbəlayı Abuzər Məstan oğlunu və iki qızı - Hökuməni və Bustanı qucaqlarındakı körpələrlə birlikdə tikə-tikə doğramış, Məşədi Qənbər Molla Məhəmməd Saleh oğlunu, onun arvadını və beş körpə uşağını şaqqalamışlar.
Qubanın o vaxtkı ağsaqqallarından Molla Şahbaz, Usta Məhəmməd Rəsul Bayram oğlu, Məşədi Musa Zeynal oğlu, Məşədi Əli Məşədi Feyzulla oğlu, Kərbəlayı Dadaş Bağır oğlu, Cabbar Məmməd Əli oğlu, Səfərli Məşədi Talıb oğlu və onlarca digər ailə başçısı qətlə yetirilmişdir.
Hər cür vəhşilik və talanlarla yanaşı, ermənilər ən alçaq və rəzil hərəkətlərə də əl atmaqdan çəkinmirdilər. Belə ki, qansız erməni əsgərləri şəhərin hörmətli ağsaqqallarına əmr etmişlər ki, onlara əylənmək üçün müsəlman qadın və qızları gətirsinlər. Bununla qəti şəkildə razılaşmayan Əlipaşa Kərbəlayı Məhərrəm oğlu və onun oğlu yerindəcə vəhşicəsinə güllələnmişlər. Bəzən ermənilər onların əmrlərini yerinə yetirməyən kişilərin gözlərini çıxarmış, qarınlarını xəncərlə doğram-doğram etmişlər. O vaxt şəhərdə iki mindən artıq kişini öldürən azğın erməni əsgərləri yüzə yaxın qadın və qızı zorlamış, namusuna toxunmuşlar...
Şəhər əhalisinin əmlakı tar-mar edilərək oğurlanmışdır. Təkcə Qubanın özündə Amazaspın əsgərləri dörd milyon manat nəğd pul, xeyli qızıl pul, qızıl və qiymətli daş-qaş-və beş milyon manatlıq əşya-mal, iyirmi-beş milyon manatlıq ərzaq ehtiyatı ələ keçirmişdilər. (Xatırladaq ki, həmin qızılların və qızıl pulların bir hissəsi sonralar S.Şaumyan öz məsləkdaşları ilə birlikdə həbs edilərkən onun yük çamadanlarındakı 80 milyon məbləğindəki qızıl pulun içərisində olmuşdur). Təkcə Qubanın özündə Amazaspın dəstəsi 105 ev yandırmışdır. İbrahim bəy Şıxlarlıya, Məşədi Əli Hüseynova, Orucəli Məmmədova, Bəkir Mehrəliyevə, Səttar Məmmədyarova, Hidayət Əmirbəyova, Qafar Orucova, Əlibəy Zizikliyə, Rəcəb Orucova, Yusif bəy Abdulsəlimbəyova, İsgəndər Abdullayevə məxsus böyük mülk evlərin, şəhərdəki məscidlərin, bir sıra idarə və digər inzibati binaları yandırılıb külə döndərillməsi əhaliyə olduqca ziyan vurmuşdur.

DAĞIDILMIŞ VƏ YANDIRILMIŞ
YAŞAYIŞ MƏNTƏQƏLƏRİ

Qubada Soyqırım abidəsi

Amazaspın “Cəza dəstəsi” Qubaya gələrkən Bakı-Xaçmaz dəmiryolunun sağ və sol tərəflərində yerləşən kəndləri dağıtmış, yandırmış, əmlakını qarət etmiş, qaçıb canını qurtaranla bilməyənləri isə qətlə yetirmişdi. Bəzən, hətta olub ki, bu və ya başqa yaşayış məntəqəsində camaat ermənilərlə dil tapmağa, danışıqlar aparmağa cəhd göstərmiş, lakin əvəzində düşmən güllələrinin qurbanı olmuşlar. Məsələn, Dəvəçi icmasının Dəvəçi bazar və Qızılburun camaatı 15 nəfərdən ibarət ağsaqqallar heyətini erməniləri duz-çörəklə qarşılamağa göndərmiş, lakin Amazaspın göstərişi ilə onların hamısı güllələnmişlər.
Ermənilər bütün kəndlərdə ki, məscidləri dağıdaraq müqəddəs Quran kitablarını təhqir etmək məqsədilə ayaqlar altına atmış və yandırmışlar. Bütünlüklə Quba mahalında daşnaklar yüz iyirmi kəndi dağıtmış, yandırmış, viran qoymuşlar. Həmin yaşayış məntəqələri bunlardır: Dəvəçi, Sədan Çalxana, Dəvəzarat, Sağolcan, Eynibulaq, Ağasıbəyli, Kolanı, Uqah, Nardərə, Siyəzən, Rəhimli, Çurlaq, Aygünlü, Qaraqurdlu, Qaraçı, Nərəcan, Xudat, Aşağı Buduq, Xaçmaz, Təzə və Köhnə Xaçmaz, Mürşüdoba, Xaspoladoba, Babalı, Mehralıqışlaq, Bəyqışlaq, Canaxır, Qobuqırıq, Mürsəlliqışlaq, Çarxı, Xırdaoymaq, Qaraçallı, Yergüc, Hülövlü, Həsənəfəndi, Ərəbqarabağlı, Çaxmaqlı, Cığatay, İlxıçı, Avaran, Xuray Çiləgir, Həzrə, Əcəxur, Dütahir, Həsənqala, Urva, Aşağı Əlik, Aşağı Ləkər, Köhnə Xudat, Əvəcük, Zeyxur, Kuzunqışlaq, Gədəzeyxur, Yasab, Nügədi, Əmsar, İqrıq, Əski İqrıq, Daşlıyataq, Təkyə, Qımılqışlaq, Əlibəyqışlaq, Əniq, Aşağı Xuc, Alpan, Digah, Zizik, Mirzəməmmədkənd, Üçgün, Hacıqaib, Susay, Xucbala, Cimi, Rustol, Yenikənd, Güləzi, Çiçi, Söhüb, Nohurdüzü, Zərqova, Afuruca, Xəlfələr, Cek, Qırızdəhnə, Nabran, və s. O vaxtlar ermənilərin Quba mahalında yandırdıqları bir sıra kəndlər Əlixanlı, Ərəbəbəlməmməd, Ərəb-Xəmvə, qulamlar, Butbud, Tura, Əzizlər, Bişbişi, Aşalı, Kürəşqışlaq, Yusifqışlaq, Dəndəlik, Xızı, Fəriz, Ərəb Sofu, Qərəblər, Əbilə, büsbütün dağıdılmış, heç sonralar da dirçələ bilməmişdir. Bəzi kəndlərdə, məsələn, Nardərə, Qarabulaq, Nığır düzü kimi qədim yaşayış məskənlərində hətta indinin özündə 3-5 ev qalıb. Adları çəkilən məntəqələrdə elə bizim günlərdə təzə binaların özülü qazılarkən 75 il əvvəl ermənilərin yandırdıqları binaların külü üzə çıxır.
Daşnaklar Quba mahalında yandırmaqla yanaşı, həm də qadın və uşaq da qırmış yerli camaatın bütün əmlakını tar-mar etmişlər.

QUBA QIRĞINI İLƏ BAĞLI
DAHA BİR NEÇƏ SÖZ

Ermənilərin Quba mahalında törətdikləri vəhşilikləri öz gözləri ilə görən, yaralanan, həm də təsadüf nəticəsində salamat qalan adamlar da olmuşdur. Onların söylədikləri daşnak əməllərinin necə dəhşətli və qansız hərəkətlər olduğunu bir daha sübut edirdi. Sonralar Quba şəhəri sakinlərindən, eləcə də mahalın digər yerlərində yaşayan əhalinin nümayəndələrindən Quba hadisələrinin tədqiq edən, öyrənən Fövqəladə İstintaq Komissiyası bir sıra ifadələr almışdır. Həmin komissiyanın üzvü A.Novatskinin hazırladığı məruzə erməni vəhşiliklərini kifayət qədər əks etdirmişdir. O, hətta məruzəsinin sonunda Quba qırğınını törədənlərin ən ağır cəzalara layiq olduqlarını da qeyd etmişdir. Lakin belə bir qiymətli sənəd uzun müddət xalqdan gizlədilmişdir...
1918-ci il hadisələrinin çoxu qəsdən unuduldu. Xüsusən Şimali Azərbaycanda bolşeviklər hakimiyyət başına gəldikdən sonra ermənilərin Bakıda, Şamaxıda və Qubada törətdikləri vəhşiliklər barədə heç danışılmadı da. Azərbaycanda ən məsul vəzifələrə irəli çəkilən ermənilər və ermənipərəst “azərbaycanlılar” olub keçənləri çox böyük ustalıqla ört-basdır edə bildilər. Xalqdan gizlədilən həqiqətlər xatirələrdən, silindi.
Vaxtilə, görkəmli ədibimiz Üzeyir bəy Hacıbəyli 1918-ci ilin mart-may aylarında ermənilərin qansız və vicdansız hərəkətləri ilə bağlı yazırdı ki, əgər Osmanlı turk qəhrəmanları vaxtında köməyə gəlməsəydilər, azğınlaşmış ermənilər nəinki Bakıda, Şamaxıda, Qubada, bəlkə də bütün Azərbaycanda daşı daş üstə qoymazdılar... Bəli, o vaxt erməni vəhşiliklərinin qarşısına türklər Göyçay bölgəsində sədd çəkdilər, daşnakların bütün dəstələri darmadağın edildi.
Daşnaklar Şimali Azərbaycanın bütün bölgələrindən qovulub çıxarıldı. Qarşıdan isə 28 may günü gəlirdi...
Bakıda mart hadisələri, Qubada və Şamaxıda törədilən qırğınlar tarixçilərimiz tərəfindən bir-birinə zidd mövqedən qiymətləndirilmişdir.
Bunun da bəzi səbəbləri var. Hələ o vaxtlar qeyri-bolşevik partiyaların əksəriyyəti bu hadisələri bütünlüklə milli qırğın hesab edir, bolşevikləri, erməni millətçilərinin müsəlmanlara qarşı törətdikləri cinayətdə təqsirləndirirdilər. Bolşeviklər isə mart-may hadisələrini, əsasən, sinfi düşmən qüvvələrinə qarşı mübarizə, Sovet hakimiyyətinin möhkəmləndirilməsi yolunda əksinqilab üzərində böyük qələbə, vətəndaş müharibəsi hesab edirdilər.
Lakin bu gün-qanlı faciələrdən 75 il keçdikdən sonra bizim üçün hər şey aydınlaşır. Törədilən vəhşiliklərin, cinayətlərin başbilənləri, əlləri qana bulanmış düşmənlərimiz haqqında çox şey bilirik,
Tarix necə də təkrar olunurmuş. Əgər 1918-ci ildə yenicə çarizm əsarətindəi yaxasını qurtarmış azərbaycanlılar erməni vəhşiliklərinə qarşı mübarizədə duşmənə qalib gəlməyə çətinlik çəkirdisə, 1988-ci ildən başlayaraq Sovetlər İttifaqının cəngindən zorla qoşmağa nail olan, müstəqillik və demokratiya yollarında addımlar atmağa başlayan suveren Azərbaycan Respublikası da bizim günlərdə erməni təcavüzünə qarşı mübarizədə çox böyük sıxıntılar keçirir. Lakin an yaxşı ibrət tarixin dərsləridir. Əgər xalqın müstəqillik, suverenlik uğrunda mübarizəyə böyük inamı varsa, onu heç nə və heç kim qıra bilməz. Bu gün Azarbaycan xalqının müstəqillik və demokratiya uğrunda mübarizə ruhu, yenilməzliyi həmişəkindən qat-qat güclüdür, tukənməzdir.

VAQİF ARZUMANLI

V. Arzumanlı, V. Həbiboğlu, K. Muxtarov.

1918-ci il qırğınları. Tarixi araşdırmalar
B.: “Öyrətmən”. 1995. 90 səh.