azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Xocalı Soyqırımı

Xocalı soyqırımı beynəlxalq cinayət kimi

"Soyqırım" anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri bildirir:
- belə bir qrupun üzvlərinin qətlə yetirilməsi;
- belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi;
- hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması;
- belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər;
- uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.
Soyqırım cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır.
Bu obyektiv cizgi soyqırım cinayətinin digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırım cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, belə bir hərəkətin törədilmə niyyətinin vaxtı və onların mümkün nəticələrinin ümumi dərki onların soyqırım kimi tövsif olunması üçün kifayət deyil.
Burada hərəkətin mənfi nəticələri ilə bağlı cinayətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini üzə çıxarmaq tələb olunur. Xilas olmağa can atan Azərbaycan mülki əhalisinin əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu yerlərindən avtomatlardan, pulemyotlardan və digər silah növlərindən atəşə tutulması soyqırım niyyətini sübut edir. Bu cinayətin məhz azərbaycanlı milli qrupuna qarşı yönəlmiş olduğu göz önündədir.
Soyqırım cinayətinin təhlili zamanı onun 3 əsas hissəsi üzə çıxarılır:
- məlum, milli, etnik, irqi və ya dini qrupun varlığı;
- belə bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətinin olması (mens rea);
- məlum qrupa münasibətdə soyqırım kimi təfsir olunan hərəkətlərdən hansısa birinin törədilməsi (actus reus).
Deməli, soyqırım aktı mütləq milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlmiş olmalıdır. Digər qrupa qarşı, məsələn siyasi və sosial qrupa qarşı yönəlmiş belə hərəkətlər soyqırım kimi tövsif oluna bilməz.
Soyqırım anlayışı qadağan olunmuş hərəkətin ümumi nəticələri üzrə konkret niyyətin olmasını tələb edir.
Soyqırım cinayətinin tövsif olunmuş əlaməti olaraq niyyət özündə bir neçə fərqli tərkib hissələrini birləşdirir:
- niyyət bu və ya digər konkret qrupa mənsub şəxslərin təsadüfi olaraq bir nəfərinin və ya bir neçə nəfərinin məhv edilməsindən ibarət olmamalı, bütövlükdə qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırım qurbanlarının müəyyən edilməsinin həlledici əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur;
- niyyət qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırım bütöv bir insan qrupunun mövcudluğa hüququnu tanımaqdan imtina etməkdir. Ayrıca bir insanın qətlə yetirilməsi (soyqırım) ayrıca bir fərdin yaşamağa hüququnu tanımaqdan imtina kimi xarakterizə olunur. Müvafiq olaraq, actus reus (qadağan edilmiş hərəkat) bir adamla məhdudlaşa bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğuna qarşı yönəlmiş olmalıdır;
- niyyət qrupun məhz tamamilə və ya qismən məhvindən ibarət olmalıdır;
- niyyət məhz milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır.
Soyqırım cinayətinə görə, məsuliyyətin tövsif olunması üçün bütöv qrupun məhv edilməsi kimi son nəticəyə nail olunma tələb edilmir.
Bunun üçün etnik qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətlərdən birini törətmək yetərlidir.
Soyqırımın obyektiv tərəfi olan "məhv etmək" anlayışı fiziki və ya bioloji təsir yolu ilə həyatdan məhrum etmək mənasına gəlir.
BMT-nin beynəlxalq məhkəməsi "Barselona Traction" işi üzrə qərarında soyqırım aktının qadağan edilməsi üzrə öhdəliyi erga omnes öhdəlikləri adlandırmışdır.
Beynəlxalq məhkəmə "Soyqırım cinayətlərinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyasının əsasında duran prinsipləri bütün dövlətlər üçün məcburi xarakterli normalar kimi tanımışdır.

Xocalı hadisələrinin beynəlxalq hüquq tərəfindən soyqırım cinayəti aktı kimi tanınmasının hüquqi əsasları

Aşağıdakı sənədlər Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi tövsif etməyə imkan verir:
1. BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyası.
2. Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (hərçənd Nizamnamədə soyqırım cinayətinə birbaşa isnad edilməsə də, soyqırımı təşkil edən hərəkətlər onda bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif olunur).
3. Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4).
4. Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi (maddə 1).
5. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6).
6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103).
7. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı.

Xocalı soyqırımı şahid ifadələrindən

Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyitlər isə tikə-tikə doğranmışdır.
Heydərov Camal Əbdülhüseyn oğlu - "Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar".
Heydərov Şahin Zülfüqar oğlu - Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyit görüb. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdir. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında olmuşdur.
Hümbətov Cəlil Hümbətəli oğlu - Ermənilər onun gözü qarşısında həyat yoldaşı Firuzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişlər.
Paşayeva Kübra Adil qızı - Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdür. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşayev Şura Tapdıq oğlu, oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olmuşdur.
Əmirova Xəzəngül Təvəkkül qızı Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırmışlar.
Əliyeva Zoya Əli qızı 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donaraq ölmüşdür.
Mustafayeva Kübra Əliş qızı - "Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələmişlər".
Kərimova Səidə Qurban qızı - "12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər".
Nəcəfov Əli Ağami oğlu - "Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələmişlər".

Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyası