azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Qaradağlı faciəsi

Faciənin canlı şahidləri

Bu hadisənin canlı şahidi, kəndin müdafiəsində sona qədər iştirak etmiş, 118 nəfər kənd sakini ilə birlikdə ermənilər tərəfindən girov götürülmüş və Telman Tağıyevin göstərdiyi qəhrəmanlıq sayəsində düşmən caynağından xilas olmuş Qaradağlı sakini Vidadi Hüseynov belə xatırlayır:
“Ermənilər bizi girov götürərkən onların yanında ağ xalatlı həkim qrupu da var idi. Erməni əsgərləri cərgədə yanımıza gəlib saatlarımızı, pullarımızı və qiymətli əşyalarımızı tələb edirdilər. Arxadan 10-15 nəfərin üstbaşını yoxladılar. Sonra yoxlamanı davam etdirmədilər. Kolxoz idarə binasınıi həyətındə biri “Ural”, o birı KAMAZ markalə iki yük maşını dayanmışdı. Bizə maşınlara tərəf hərəkət əmri verildi. Bir erməni zabiti qocaları və qadınları KAMAZ - a, cavanları isə üstü çadırlı “Ural”a münmələrini əmr etdi. Mən 14 yaşlı məktəbli Avtandil Nağıyevə maşına çıxmağa kömək etdim və özum ən axırıncı olaraq maşına çıxdım. Oturmağa yer olmadığından Faiq məni özunə tərəf çəkdi və mən onun dizləri üstündə oturdum. Birdən bir mulki geyimdə olan orta yaşlı erməni maşına yaxınlaşıb dedi: “Mən burda 3 nəfər turk öldurməliyəm”. Sonra Eldarı adla çağırdı. Eldar Dadaşov yerə düşən kimi tapança ilə onu alnından vurdu. O biri maşından da bir nəfər düşürüb vurdular. Bundan sonra kimi çağırdılarsa heç kim cavab vermədi. Maşınlar hərəkətə gəldi. Bəylik Bağını və ondan sonra gələn Tut bağını keçdik. Silos quyusunun yanında maşınlar dayandırıldı. Erməni zabiti arxada gedən “Ural” maşınına yaxınlaşıb 10 nəfərin düşməsini tələb etdi və yaxınlaşıb arxa bortu açdı. Mən arxada oturduğumdan birinci düşdüm. Mənim arxamca da 10-15 nəfər cavan döyüşçülər düşdülər. Bizi nəyə görə düşürdükləri aydın idi. Ona görə də hamımız sinəmizi açıb qışqırırdıq: “Güllələyin əclaflar, onsuz da qanımız yerdə qalmayacaq! Sizi it kimi qovacaqlar!” Bu sözləri eşidən 10-15 nəfər erməni əsgər və zabitləri avtomatlarını sinələrinə qaldırıb atəş açmağa hazırlaşırdılar. Mən yolun sağ tərəf kənarında dayanmışdım. Ermənilər isə sol tərəfdə maşının arxa hissəsinə yaxın bir yerə toplaşmışdılar. Ölumə sinə gərən oğullar mənim sağ tərəfimdə düzülmüşdü. Ən axırıncı bizə tərəf Telman Tağıyev gəlirdi. O, mənim yanıma çatar-çatmaz qəfil ermənilərə tərəf döndu. 3-5 metr irəliləyib əlindəki qumbaranı onların ortasına atdı. Ermənilər qaçmağa maçal tapmamış qumbara partladı. Partlayışın təsirindən mən yolun kənarındakı qalın kolluqla örtülü arxa düşdüm. Aldığım qəlpə yarasından və zərbənin təsirindən huşumu itirdim. Bu hadisə təxminən saat 14-00 - 15-00 radələrində baş vermişdi. Mən ayılanda gördüm ki, hava qaranlıqlaşıb, özum də qan içindəyəm. Ağlım başıma gəldikcə başıma gələnləri və harada olduğumu muəyyənləşdirə bildim. Gecə yarı yerimdən durub meşələrin içi ilə Ağdamın Abdal Gulablı kəndinə gəlib çıxdım. Sonradan öyrəndim ki, həmin hadisə olan yerdə sağ qalan ermənilər bizim maşında olan silahsız adamları avtomat atəşinə tutmuş, 33 nəfəri qətlə yetirmişlər.”
Hadisənin digər canlı şahidi Telman Tağıyevin atası Aslan Tağıyev ermənilər tərəfindən Xankəndinə aparılarkən yolda oğlu Telmanın qəhrəmanlığının şahidi olmuş və 2 ay erməni əsirliyində qaldıqdan sonar qaytarılmışdır. Aslan Tağiyev hadisələri belə xatırlayır:
“Fevral ayının 14-də ermənilər kəndimizi hər tərəfdən mühasirəyə alıb artilleriya atəişnə tutmuşdular. Bu zaman kənddə 120-dən çox mudafiəçi var idi. 90 nəfərə yaxın gənc və cəsur oğlanlar gecə-gündüz səngərlərdə dayanıb erməni hücumlarının qarşısını alırdılar. Oğlum Telman 15 nəfərlə Qağarza istiqamətindəki 3 saylı postda vuruşurdu. Onların qəhrəmanlıqla vuruşduğunu ondan bilirəm ki, bizi əsr aparan erməni döyüşçüsü deyirdi: “Ara, sənin oğlun olan postun uşaqları bizdən 64 nəfəri öldurub”. Telman hərbiçi idi. O, çox dəqiq və sərrast atəş açırdı. Onun çox təsadufi hallarda gülləsi boşa çıxa bilərdi. Döyüşlərin 3-cü günü, yəni fevralın 16-da patron qurtarmaq üzrə idi. Qərargahda isə ehtiyat patron qalmamışdı. Axşam saat 20.00 radələrində döyüşün komandiri Ədalət Məmmədov butun postlarda olan döyüşçülərin qərargaha yığışmasını əmr etdi. Mudafiəçilər bir-bir geri çəkilib qərargaha yığışdılar. Telman da qərargaha gəldi. Bundan sonar qərargahın həyətinə gəlib çıxmış erməni quvvələri ilə mudafiəçilər arasında qızğın döyüş başladı. Döyüş səhərə qədər davam etdi. Mudafiəçilər son patronlarını işlədirdilər. Bunu hiss edən ermənilər qərargahın həyətinə doluşmuşdular. Fevralın 17-si səhər saat 10- 00 -a qədər döyüş davam etdi. Daha biz tərəfdən atəş açmağa imkan qalmamışdı. Həyətdən erməni komandirləri azərbaycanca və rusça: “Çölə çıxın, təslim olun” - deyə əmr etdilər. Mən Telmanın dayandığı yerə gəldim. O, hərbi formada, başını dik tutub vuqarla dayanmışdı. Düşündüm ki, onun hərbi paltarı ermənıləri qızışdıra bilər. Odur ki, cəld hərəkətlə dəri gödəkçəmi və köhnə şalvarımı soyunub Telmana uzatdım və paltarını dəyişməsini tələb etdim. O, mənə tabe olub hərbi formasını mənə verdı və mənim verdiyim paltarları geyindi. Bu zaman mən onun paltarın altında qranat gizlətdiyini gördüm. Dedim ki, oğlum, üst-başımızı axtaranda onu səndə tapsalar axırına az qalar. Onu bir kənara at. Telman kövrək səslə dedi: “Yox! Ata, o mənə lazım olacaq. Hələ döyüş dayanmayıb. Onsuz da ermənilər bilirlər mən kiməm”
Bayırdan ermənilər öz tələblərini tez-tez və daha qəzəbli səslə təkrar edirdilər. Komandirimiz Ədalət Məmmədov ermənilərlə danışıqdan qayıtdı. Beş dəqiqəlik məsləhətləşmədən sonra çölə çıxmaq qərara alındı. Bir-bir çölə çıxır, sılahlarımızı qapı ağzında yerə atır sıraya düzülürdük. Yenidən əmr verildi ki, kimdə silah, sənəd, pul və qiymətli əşya varsa yerə töksun. Pul və sənədlərdən böyuk bir qalaq alınmışdı. Arxada dayananlardan başlayaraq bizim adamların üst-başlarını əlləri ilə yoxlamağa başladılar. Təxminən 15 nəfər yoxlandı, onlardan heç nə tapılmadı. Telmana növbə çatmamış yoxlamanı davam etdirməyı lazım bilmədilər. Ürəyim bir az sakitləşdi.
Qərargahın həyətində “Ural” və KAMAZ markalı iki yuk maşını dayanmışdı. Əmr etdilər ki, cavanlar “Ural” maşınına, qocalar və qadınlar isə KAMAZ maşınına otursunlar. Mən, Telmanı da KAMAZ maşınına mindirmək istədim. Erməni zabiti etiraz etdi. Turkcə danışan başqa bir erməni zabiti mənə yaxınlaşıb dedi ki, onda gödəkçəni mənə ver. Soyunub verdim və onun köhnəsini əynimə geydim. Bundan sonra o yenə Telmana o biri maşına oturmağı əmr etdi. Mən yenidən ona yaxınlaşıb yalvarmaq istədim. Onda Telman: “Ata, yalvarma, lazım deyil”, - deyib “Ural” maşınına mindi. Hamı maşınlara oturmuşdu. Yaralılarımız yerdə çabalayırdılar. Onlara fikir verən yox idi. Maşınlara hərəkət əmri verildi. Heç 100 metr getməmişdik ki, qonşu kəndlərindən gələn adamların tələbi ilə maşınları saxladılar. Hər maşından bir nəfər düşürüb hamının gözü qarşısında güllələdilər.
Maşınlar yenidən hərəkətə gəldi. Qarşıda Tut Bağı deyilən yerdə çoxlu erməni qadın və kişilər toplaşmışdı. Onlara çatanda, Silos quyularının yanında, yenə də maşınlar saxlanıldı. Biz cavanlar gələn maşından 20 metr irəlidə idik. Erməni komandirlərinin səsi gəldi: “Kim öz vətənində ölmək istəyirsə maşından düşsün”. Eyni zamanda iki nəfər erməni avtomatlardan cavanlar olan maşına atəş açdı. Onda cavanlardan bir neçəsi maşından düşdü. Mən Telmanın da düşdüyünü gördüm. O, maşından düşüb mənə tərəf baxdı. Nə demək istədiyini bilmədim. Camaatı süzdü. Birdən ermənilərin yığcam dayandığı yerə tərəf qaçdı. Bir göz qırpımında o ermənilərə çırpıldı və dərhal da partlayış baş verdi. Gözlərimiz qarşısında 10 erməni yaraqlısı parça-parça oldu. Daha bir neçə erməni də yaralanıb yerə sərildi. Telman özü də aldığı qəlpə yarasından yerindəcə öldü. Sağ qalan ermənilər özlərinə gələn kimi həmin yerdə 33 nəfəri güllələdilər. İgidlərimizin “Yaşasın Azərbaycan”, “Allahu Əkbər” deyə qışqırtısı indi də qulaqlarımdan getmir.
Nəhayət maşınlar Xankəndinə tərəf yenidən hərəkətə başladı. 2 ay Xankəndində girovluqda qaldım. Ermənilər əsirlikdə igid oğullarımızı işgəncələrlə məhv etdilər. 48 nəfər qadın, qoca və şikəst uşaqlar isə iki ay müddətində girovluqdan azad olundular. Meyidləri isə öldurülən yerdə köhnə silos quyularında basdırıb üstlərini torpaqlamışdılar. Sonralar biz 14 meyidi həmin quyulardan çıxarıb dəfn edə bildik. Hamısının basdırıldığı yerləri bilirəm. Qarabağ azad olan kimi sümüklərini çıxarıb layiqincə dəfn etdirəcəyəm. Sağlıq olsun. İgidlərimiz sağ olsun. Biz qalib gələcəyik.”
Hadisələrin digər canlı şahidi Həqiqət Hüseynova əvvəlcə rabitəçi vəzifəsini yerinə yetirirdi. Son iki gündə isə rabitə əlaqəsi kəsilmiş və kömək gəlməsinə ümid azalmışdı. Bundan sonra H. Hüseynova beşatılan tüfəng götürərək, əri İmran Hüseynovla çiyin-çiyinə düşmənə qarşı döyüşlərdə bilavasitə iştirak etmişdir. Həqiqət Hüseynova hadisələr barədə bunları deyir:
“İki aya yaxın idi ki, 100 nəfərdən çox kişiyə qulluq edirdik. Biz qadınların işı kişilərinkindən çox idi. Elə gün olurdu ki, 12 dəfə təndir qalayır, çörək bişirirdim. O qədər paltarı əllə yumaq asan iş deyil ki. Hələ cırılan-sökülən yerləri də tikmək lazım idi. Əsas işim isə rabitə idi. Mən güllə yağışı altında gəzir, ratsiya ilə döyüş meydanından postlar arasında əlaqə yaradır, kənara məlumat verirdim. Bütün Türk dunyasına üz tutub yalvarırdım ki, bizə kömək etsinlər. Ümidimi heç vaxt üzmürdüm. Nəhayət, 5 gün qanlı döyüşdən sonar döyüşçülərin patronları azalmışdı. Hərənin 5-6 patronu qalırdı. Komandir Ədalət Məmmədov göstəriş verdi ki yavaş-yavaş qərargaha yığışın. Fevralın 16-da axşam hamı qərargaha toplaşdı. Səhərə qədər də atışıb erməniləri yaxına buraxmadıq. Fevralın 17-də səhər tezdən ermənilər qərargahın həyətinə doluşdular. Onlar danışıq üçün numayəndə tələb etdilər. Mən dedim cavab verməyin, barışıq-zad baş tutan iş deyil. Buna baxmayaraq Ədalətlə Alik danışıq üçün çölə çıxıb ermənilərin yanına getdilər. 10-15 dəqiqədən sonra Ədalət qanı qara halda qayıtdı. Dedi ki, bizi Xocavənddən ötürməyə, Ağdama yola salmağa söz verirlər. Mən dedim ki, yalandır, erməni sözunə inanmaq olmaz. Hər döyüşçü özü üçün bir patron saxlamışdı. Hamısı özunu vurmağa hazır idi. Onda Alik gəldi. O da dedi ki, ermənilər bizi Ağdama öturəcəklərinə çox möhkəm söz verirlər. Gördüm hamı razılaşır. Onda etiraz etdim ki, ermənilərin sözunə inanmayın. Ağdam polislərinin komandirinin qollarından tutub yalvardım ki, təslim oluruqsa, məni güllə ilə vur, əsirlikdə qalmaq istəmirəm. O tərəddüd elədi. Dedim ki, əgər ananın düşmən əlinə düşməsini istəmirsənsə, qeyrətli bir oğul kimi çəkinmə, vur məni. Qolundan tutub silkələdim, avtomatını yuxarı qaldırıb lüləsini sinəmə dayadım. Onun barmaqları tətikdə idi. Tətiyi çəkmək istəyirdi ki, həyat yoldaşım İmran yaxınlaşıb dedi: “Oğlum, mənim gözüm önundə Həqiqətə güllə vurma”. Hamısını söyub təhqir etdim. Yerdən beşatılan tufəngimi götürub ayağa qalxdım. Döyüşə hazır vəziyyətdə dayanıb dedim: “Onda ölənə qədər döyüşəcəyik”.
Nəhayət, bir-bir çölə çıxmalı olduq. Çölə çıxanda erməni komandirləri əmr etdilər ki, silahları tökun. Onda tam yəqinlik hiss etdim ki, bizi ermənilər Ağdama yola salmayacaqlar. Mən çiynimdə beşatılan, belimdə patron qatarı çıxmışdım. Ermənilərin qəzəbli baxışlarını veçimə də almadım. Döyüşçülərdən Ərəstun silahı təhvil vermədi. Avtomatını divara vurub sındırdı və kənara atdı. Dedi ki, mən erməniyə silah vermərəm. Başqa cavanlardan da belə edənlər oldu. Beləliklə 118 nəfər Qaradağlı mudafiəçiləri əsir edildi. Ermənilər qocaları və qadınları bir, cavanları isə başqa bir maşına mindirdilər. Maşınlar hərəkətə gəldi. Yol uzunu bizi aparan hərbiçilər maşını saxlayır, yol kənarına yığışmış erməni əhalisinin gözü qarşısında cavanlarımızı güllələyirdilər. Oğullarımızdan Ərəstun, Nəbi, Nahid və İbiş ölumu mərdliklə qəbul etdilər. Onlar sinələrini açıb “əçlaflar, vurun, qoy qanım torpağıma tökülsün”, “İt kimi burdan qovulacaqsız” deyərək qışqırır, güllə qabağına gedirdilər.”
Digər canlı şahid Qaradağlı sakini, hadisələrin şahidi İlqar Əliyevin açıqlaması: “İlqar Qardaşxan oğlu Hüseynov, 1958-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. Qaradağlı kənd özünümüdafiə taburunun tərkibində öz kəndlərinin müdafiəsi zamanı ermənilər tərəfindən əsir götürülüb. O, həmin hadisələri belə xatırlayır:
“Xocavənddə cəmi 5 azərbaycanlı kəndi var idi. Onlardan da biri 41 erməni kəndinin əhatəsində olan Qaradağlı kəndi idi və ən yaxın azərbaycanlı kəndindən 13 km aralı idi. Bu kəndlər isə 1991-ci ilin noyabr ayında ermənilər tərəfindən işğal olunmuşdu və Qaradağlı blokadada qalmışdı. Ermənilər Qaradağlını tutandan sonar əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər. Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini kənd yaxınlığındakı Bəylik bağı adlanan yerdə “silos” quyusuna töküb, üzərini torpaqladılar. Ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular. Mənimlə birlikdə yüzdən artıq Qaradağlı kənd sakini girov götürülmüşdü. Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndində gətirdilər. Orada üç nəfəri, Malıbəylidə isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan töküb, piyada Xankəndinə qədər apardılar. Yol boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq. Xankəndidə yerləşən həbsxanada 8 Qaradağlı sakininin acından öldü. Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndidə həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Səhəri gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi”.
Qaradağlı sakini Oruc Əliyev də kənd işğal olunduqdan sonra şahidi olduğu hadisələri belə xatırlayır:
“Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndidəki həbsxanada isə dişlərimi zorla çəkdilər. Hər gün ermənilər tərəfindən döyülür, işgəncəyə məruz qalırdım. Həmin il martın 17-də Allahverdi Bağırovun köməkliyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri həmin günə qədər bir dəfə də olsun xəstəxanaya gəlmədilər. Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım ermənilər mənə demişdi”.
O. Əliyevin sözlərinə görə, Qaradağlının alınması əməliyyatına və orada baş verən qətliamlara Ermənistan prezidenti Robert Köçəryan rəhbərlik edib. O, bunu Əsgəranda xəstəxanada yatarkən eşitdiyini söyləyib.
Qaradağlı faciəsində ölən, yaralanan, əsir düşənlər haqqında müxtəlif məlumatlar var. Məlumatların birində 54 nəfər dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi, 50 nəfərin əsir götürülməsi, 42 ailə başçısının itirməsi, 140 uşağın yetim qalması, ümumiyyətlə, kənd sakinlərinin hər 10 nəfərindən birinin şəhid olması göstərilir (12). Digər məlumatda 90 nəfərin şəhid olması, 6 nəfərin itkin düşməsi və 9 nəfərin əsir götürülməsi bildirilir.
Fikrimizcə faciənin miqyası çox geniş olduğundan, faktların əsasən şifahi mənbələrə əsaslandığından və rəsmi araşdımalar aparılmadığından belə fərqli məlumatlar mövcuddur. Buna görə də bu sahədə rəsmi araşdırmaların aparılmasına ciddi ehtiyac var.
Aşağıda Qaradağlı faciəsində şəhid olan, gorov götürülərək əzab və işgəncə ilə qətlə yetirilənlər və taleyi indiyədək naməlum şəxslərin bir qisminin ad və soyadları qeyd olunub:. Qaradağlı şəhidləri - Tağıyev Bakir, Məmmədov Tohid, Şirinov İltifat, Şirinova Qaragöz, Hüseynova Səbiqa, Hüseynova Məxmər, Quliyev Əloğlan, Quliyev Gündüz, Quliyeva Nazənim, Hüseynova Rahilə, Hüseynova Rəxşəndə, Hüseynova Qənirə, Hüseynova Gülzəndə, Babayeva Validə, Zeynalov Nobil, Hüseynov Xanalı, Həsənov Altay, Dadaşov Manaf, Hüseynov Əsgər, Bayramov Rəşid, Rüstəmova Zivər, Bayramov Arif, Dadaşov Eldar, Hüseynov Şahmurad, Hüseynov Dəmir, Hüseynov Fədail, Kərimov Əliqismət, Doluxanov Rəhim, Tağıyev Telman, Abbasov Səlvər, Bayramov Elmidar, Kazımov Səlim, Tağıyev Elsevər, Süleymanov Elçin, Əzizov İltifat.
Girovluqda olarkən ermənilər tərəfindən əzab və işgəncə verilərək amansızlıqla qətlə yetirilənlər - Hüseynov İmran, Şirinov Böyükkişi, Tağıyev Kamil, Vəldiyev Fazil, Quliyev Əlaslan, Hüseynov Şura, Nəzərov Şura, Quliyev Kamal
Əsirlikdən azad olunduqdan sonra işgəncələrə məruz qaldıqlarına görə müxtəlif vaxtlarda vəfat edənlər: Şirinov Familət, Hüseynov Zülümxan, Quliyev Yusif, Əmirxanova Minayə, Hüseynova Sitarə, Həsənov Məhəmməd, Xəlilov Vaqif, Məmmədov Şəmil, Tağıyev Sərdar, Tağıyev Əvəz, Hüseynova Mirvari, Tağıyeva Güllər, Babayev Cavanşir, Babayev İsa, Sadıqova Mina Taleyi indiyədək naməlum olanlar - Əliyev Vətən, Axundov Hafiz, Dadaşov Mikayıl, Hüseynov Əbülfət, Vəliyev Füzuli
Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayan Qaradağlılar ata-babalarının ruhu dolaşan müqəddəs torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Azərbaycan Respublikasının iqtisadi yüksəlişi, güclü Milli Ordu onların qələbəyə inamını daha da artırır. Qaradağlıların qələbəyə inamını iki şəhid anası Sevil Əzizovanın aşağıdakı sözləri bir daha təsdiq edir: “Tezliklə Qaradağlı, eləcə də işğal altında olan digər torpaqlarımız düşməndən təmizlənəcək. Çünki bunu etməyə qadir Azərbaycan ordusu var. Bilirəm ki, bu ordu getdikcə düşmənin canına daha böyük qorxu salmaqdadır”.
XX əsrin sonunda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda yerli azərbaycanlılara qarşı törədilən cinayətlərdən biri olan Qaradağlı faciəsi haqqından bundan sonra da tədqiqatların daha da genişləndirilməsinə, yeni – yeni kitabların yazılmasına ehtiyac var. Fikrimizcə bu, ictimaiyyətə hələ də məlum olmayan çoxlu faktların, həqiqətlərin ortaya çıxmasına imkan verər. Bu tədqiqatlar həmçinin düşmənə qarşı mərdliklə vuruşmuş, lakin hələ də əksəriyyətə naməlum qalan Telman Tağıyev kimi qəhrəmanların üzə çıxarılmasına kömək edə blər. Fikrimizcə Telman Tağıyev və bir çox digər Qaradağlı şəhidlərinin göstərdiyi qəhrəmanlıqlar gec də olsa dövlət tərəfindən qiymətləndirilməlidir. Bu gənc nəslin vətənvərvərlik tərbiyəsində və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında mühüm rol oynaya bilər.

DAĞLIQ QARABAĞDA ERMƏNİ TERRORU
QARADAĞLI FACİƏSI
17 fevral 1992-ci il

Müəllif: tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı