azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

İslam Konfransı Təşkilatı

Ermənistan və Azərbaycan arasında münaqişə üzrə qətnamə
Kasablanka, 13-14 dekabr 1994-cü il

İKT ölkələrinin dövlət başçılarının Mərakeş Krallığının Kasablanka şəhərində hicri tarixi ilə 1415-ci il rəcəb ayının 11-12-də, miladi tarixi ilə 1994-cü il dekabrın 13-14-də keçirilən VII zirvə konfransı İKT Bəyannaməsinin məqsəd və prinsiplərindən çıxış edərək;
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində hərbi münaqişənin kəskinləşməsi və Azərbaycan ərazisinin 20 faizdən artığının işğalından dərindən narahat olaraq;
Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın vəziyyətinə düşməsi və humanitar problemlərin dözülməzliyindən təsirlənərək;
1992-ci ilin iyun ayında İstanbulda keçirilmiş V və 1994-cü ilin sentyabrında İslamabadda keçirilən İKT Xarici İşlər Nazirlərinin VII fövqəladə konfransının prinsipial mövqeyini yada salaraq;
1993-cü il aprelin 25-29-da Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən İKT Xarici İşlər Nazirlərinin XXI konfransında qəbul edilən qətnamənin müddəalarını bir daha təsdiq edərək;
həmçinin İKT-nin 23 sentyabr 1992-ci ildə və 3 oktyabr 1994-cü ildə keçirilmiş İKT Xarici İşlər Nazirlərinin koordinasiya iclasının yekun sənədlərinin müvafiq bəndlərini yada salaraq;
qonşu ölkələr və regional dövlətlərin, xüsusilə İran və Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində etdikləri cəhdləri nəzərə alaraq;
Ermənistan Respublikasının təcavüzünün beynəlxalq sülh və təhlükəsizlik üçün maneə yaratdığını dərk edərək;
BMT Nizamnaməsinin və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin dönmədən yerinə yetirilməsini bir daha təsdiq edərək;
Ermənistan Respublikasının davam edən təcavüzkar siyasətinin ATƏM çərçivəsində aparılan sülh prosesinə dağıdıcı təsir edə biləcəyindən xəbərdar olaraq:
1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü kəskin şəkildə pisləyir;
2. Təcavüz nəticəsində Azərbaycan ərazisində mülki Azərbaycan vətəndaşlarına qarşı edilən hərəkətləri bəşəriyyətə qarşı törədilən cinayət kimi qiymətləndirir;
3. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin dönmədən yerinə yetirilməsini, Ermənistan Respublikası silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən, o cümlədən Laçın və Şuşa rayonlarından dərhal, tamamilə və şərtsiz çıxarılmasını qəti surətdə tələb edir.
Ermənistandan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət bəsləməsini tələb edir;
4. Təhlükəsizlik Şurası tərəfindən Azərbaycana qarşı edilən təcavüzün etiraf edilməsinə; BMT Nizamnaməsinin 7-ci fəslinə uyğun olaraq öz qətnamələrinin yerinə yetirilməsinin təminatı üçün lazımi addımlar atılmasına; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı olan təcavüzü pisləyərək təcavüzə son qoyulmasına çağırır və bu məqsədlə BMT-də koordinasiyalı fəaliyyətdə olmağı qərara alır;
5. Bir daha təsdiq edir ki, ərazinin zor işlətməklə əldə edilməsi tanına bilməz;
6. Ermənistan və Azərbaycan arasındakı münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin pozulmazlığı prinsiplərinə hörmət əsasında ədalətlə və sülh yolu ilə həllinə çağırır;
7. Həm Ermənistan, həm də Azərbaycandan ATƏM-in sülh prosesində iştirak etməsi və problemin sülh yolu ilə həllini çətinləşdirə biləcək hər bir əməldən çəkinməsini tələb edir;
8. Azərbaycan hökuməti və xalqının ölkəsinin müdafiəsi üçün etdiyi cəhdləri bütünlüklə dəstəklədiyini və onlara tam həmrəy olduğunu bir daha təsdiq edir;
9. Yaşayış yerlərini tərk etmişlərin öz evlərinə təhlükəsiz, hörmət və şərəflə dönmələri üçün imkan yaratmağa çağırır;
10. Azərbaycan Respublikası ərazisində 1 milyondan artıq qaçqın və köçkünün olması ilə əlaqədar humanitar vəziyyətin kəskinləşməsindən təşviş keçirir və üzv ölkələr İslam İnkişaf Bankı və digər islam institutlarından Azərbaycan Respublikasına təcili maliyyə və humanitar yardım etmələrini xahiş edir;
11. Baş katibdən bu qətnamənin yerinə yetirilməsinə nəzarət və bu barədə İKT Xarici İşlər Nazirlərinin XXIII konfransına məruzə təqdim etməsini xahiş edir.

(E. Abdullayev, Dağlıq Qarabağ problemi beynəlxalq hüquq
müstəvisində, Bakı, 2004, səh. 181-183)