azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Müsahibə

Nadir Rəşidov : “ Məktəbimizdə bomba həyəcanı olsa da....” 20 Noyabr 2012

Dağlıq Qarabağın əsas mərkəzlərindən biri olan Xankəndi daim önəmli strateji mövqeyə sahib olmuş, sovet dövründə bu xüsusilə özünü göstərmişdir. Əsl adı Xankəndi olsa da, sovet dövründə “26 Bakı komissarları”ndan biri, əslən erməni olan Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılmış, Azərbaycan müstəqillik əldə edənə kimi rəsmi olaraq bu adla tanınmışdır. SSRİ-nin son illərində Ermənistan-Azərbaycan münaqişəsinin başlanması və hərbi müstəviyə keçməsində ermənilərin Xankəndində başladıqları etiraz aksiyaları mühüm rol oynadı. Bu baxımdan Xankəndində baş verən ictimai-siyasi proseslər, eləcə də burada yaşayan azərbaycanlı əhalinin güzəran və çətinlikləri, ermənilər tərəfindən onlara qarşı edilən hücum və etirazlar vəziyyəti getdikcə dözülməz həddə çatdırdı. Müharibədən illər keçsə də, müharibə ərəfəsində və müharibə dövründə Xankəndində yaşamış azərbaycanlı əhalinin üzləşdikləri çətinliklər, o dövrdə şahidi olduqları hadisələr çoxları üçün qaranlıq qalır. Bu baxımdan bu rubrika altında Xankəndindən didərgin düşmüş soydaşlarımızın həyat hekayələri, acılı-irinli müharibə xatirələrini təqdim edirik. Rubrikamızın ilk həmsöhbəti Xankəndinin Kosalar kəndində anadan olmuş Nadir Rəşidovdur. Ömrünün böyük bir hissəsini müəllim kimi uşaqların təlim-tərbiyəsinə həsr edib. Qarabağda baş verən qanlı olaylar bir çoxları kimi onun da müəllimlik peşəsinə və ailəsinə təsir edib. 1955-ci il mayın 31-də Xankəndinin Kosalar kəndində dünyaya gəlib. Xankəndində Nizami Gəncəvi adına 4 saylı onillik məktəbi bitirib. 1972-ci ildə Xankəndi Pedaqoji İnstitutuna qəbul olunub. Bu institutu bitirəndən sonra riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.

─ Nadir müəllim, Sovet dövründə Xankəndində həyat şəraiti necə idi?

─ Xankəndi Qarabağda sayılıb seçilən bir şəhər idi. Burada əsasən azərbaycanlılar yaşayıb, erməni əhali olmayıb. Sonrakı dövrlərdə Xankəndində müxtəlif sənaye obyektləri tikilməyə başlamış, şəhər sürətlə inkişaf etmişdir. Ayaqqabı fabrikinin tikilməsi, yağ-pendir zavodunun işə başlaması, quru süd qurutmaq üçün sexin açılışı, yeni təhsil müəssisələrinin meydana gəlməsi ətraf rayonlardan şəhərə axını daha da sürətləndirdi. Belə olan halda azərbaycanlı əhali ilə yanaşı ətraf rayonlardan ermənilər də Xankəndinə gəlib məskunlaşırdılar. Burada əhali işləyir, güzəranını yaxşılaşdırır, evlə təmin olunurdu. Buna görə də ətraf rayon və şəhərlərdən axın böyük idi. Məsələn: bizim məhəllədə Laçından, Qubadlıdan köçən ailələr vardı. Şəhərdə müxtəlifyönümlü təhsil ocaqları; Kənd Təsərrüfatı Texnikumu, sürücülük məktəbi, texniki peşə məktəbi, Tibb texnikumu və başqaları fəaliyyət göstərirdi. Xankəndi rayon mərkəzi kimi inkişaf etmiş bir şəhər idi.

─ Sovet dövründə imperiya daxilində xalqlar arasında daima “qardaşlıq” və “dostluq” şüarları təbliğ edilir, səsləndirilirdi. Bəs necə oldu ki, birdən-birə bölgədəki ermənilərin azərbaycanlılara qarşı etiraz və hücumları, torpaq iddiaları başladı?

─ Bölgədə sakitlik və dinclik hökm sürürdü. Lakin buna baxmayaraq, ermənilər fürsət düşdükcə öz çirkin niyyətlərini həyata keçirirdilər. 1968-ci ildə bir erməni uşağının qətlə yetirilməsi bölgədə vəziyyəti daha da gərginləşdirdi. Ermənilər buna görə azərbaycanlıları günahlandırırdılar. Bu cinayət işi ilə bağlı Ərşad müəllim başda olmaqla heç bir günahı olmayan üç nəfər azərbaycanlı həbs edildi. Sonradan məhkəmə zalından çıxarkən ermənilər onları vəhşicəsinə yandırmışdılar. Sonralar məlum oldu ki, ermənilər özləri həmin uşağı qəsdən öldürmüş, bununla da günahı azərbaycanlıların üzərinə yıxaraq bizim barəmizdə mənfi rəy yaratmağa çalışmışlar. Bu hadisə bölgədə çox böyük gərginlik yaratdı. Erməni hücumlarından ehtiyat edən bəzi azərbaycanlı ailələr Xankəndindən ətraf rayonlara köçdü. Günahkarlar həbs edildikdən sonra bölgədə nisbi sakitlik yarandı, şəhərdən köçən azərbaycanlı ailələrin bəzisi geri qayıtdı. 1986-cı ildə azərbaycanlıların Xankəndinə qeydiyyatı dayandırıldı. Dayım oğlu hərbi xidmətdən qayıdandan sonra nə qədər çalışdıqsa, onu şəhərə qeydiyyata almadılar. Halbuki dayım oğlunun 30 kvadratmetr sahəlik evi vardı, ailəli idi. O dövrdə yaşayış sahəsini nəzərə alaraq qeydiyyata götürürdülər. Ona görə də “Domkom (Evlər idarəsi)” adlanan qurumda işləyən erməni mənimlə söhbət edərkən dedi ki, onu qeydiyyata ala bilmərəm, yuxarıdan tapşırıq var. Halbuki kənardan gələn erməni əhali üçün heç bir məhdudiyyət yox idi, onlar çox asan şəhərə qeydiyyata düşürdülər. Bu azərbaycanlılara qarşı həyata keçirilən ayrıseçkiliyin ən bariz nümunəsi idi. Ümumiyyətlə, o dövrdə ən vacib rəhbər işçilər əsasən ermənilər idi. Onlar da hər vəchlə şəhərdə erməni əhalinin sayını artırmaq üçün dəridən qabıqdan çıxırdılar.

─Ermənilərin açıq-aşkar etirazlarından öncə bəzi azərbaycanlıların müəmmalı “ölüm”ləri barədə nə deyə bilərsiz?

─ Hərdən olurdu ki, kimsə yoxa çıxır, bir müddət sonra tənha bir yerdə həmin azərbaycanlının meyiti tapılırdı. Bir dəfə ermənilər şəhərdə xof yaratmaq məqsədi ilə Elçin adlı bir gənci öldürərək cəsədini Malıbəyli körpüsünün altına atdılar. Onun ölümü ilə bağlı şayiə yayıldı ki, guya arxda qıcolması tutub, ölüb. Halbuki həmin gənc daxili işlər orqanlarına işə qəbul ərəfəsində idi. Bir azərbaycanlının vəzifəyə getməsindən narahat olan ermənilər o gəncin həyatına son qoydular. Belə hadisələr çox olurdu. 1987-ci ilin oktyabrında dərs vaxtı azərbaycanlıların oxuduğu məktəbdə bomba olması barədə şayiə yayıldı. Bu, uşaqların və valideynlərin böyük həyəcanına səbəb oldu. Uzun müddət şagirdlər dərsə gəlmədilər. Biz, müəllim heyəti və rəhbərlik olaraq hadisənin araşdırılması üçün şəhər daxili işlər və təhlükəsizlik orqanlarına müraciət etdik. Onlar gələrək məktəbi bütünlükdə yoxladılar. Məlum oldu ki, “bomba həyəcanı” əsassızdır, ermənilərin uydurmasıdır. Valideyn iclası çağırdıq və bunun bir erməni yalanı olduğunu, məktəbdə heç bir bomba olmadığını qətiyyətlə söylədik. İclasdakıları inandıra bildik ki, belə şayiələrin məqsədi azərbaycanlıların təhsil aldığı orta məktəbdə dərsə davamiyyəti pozmaqdan başqa bir şey deyil. Bu yığıncaqdan sonra ikinci rübün axırına yaxın şagirdləri yenidən dərsə cəlb edə bildik. 1988-ci il oktyabrın 13-ü idi. Dərs vaxtı idi. Birdən qışqırıq səsləri eşidildi. Sinfin pəncərəsindən küçəyə baxanda gördük ki, Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin binasının qabağında gurultulu izdiham var. Bir qrup erməni etirazını bildirir, mitinq keçirirdi. İndiyə kimi biz belə hadisələri kinolarda görmüşdük. Əgər əvvəllər ermənilər iş yerlərində gizli olaraq siyahıya alınaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı imzatoplama kampaniyası keçirilirdisə, indi artıq yeni addım atılmışdı –etiraz mitinqlərində bu niyyətlərini açıq-aşkar səsləndirirdilər. İş yerlərində ermənilərin gizli siyahı tərtibi ilə bağlı dəfələrlə qurumlara məlumat versək də bir nəticəsi olmadı.

─ Bəs işlədiyiniz 4 saylı məktəbdə baş verən ictimai hadisələrə münasibət, ab-hava necə idi?

─ Məktəbimizdə müəllim heyəti əsasən azərbaycanlılardan ibarət olsa da, xarici dilləri erməni müəllimlər tədris edirdilər. Hər həftənin sonu biz ölkədə və SSRİ-də baş verən ictimai-siyasi xəbərlərin icmalını müəllimlərə çatdırırdıq. Hər həftə bir müəllimin növbəsi olurdu. Böyük tənəffüsdə bu yeniliklərdən bir-birimizi xəbərdar edir, fikir mübadiləsi aparırdıq. Ermənilərin etiraz aksiyaları, haqsız iddialarından söhbət düşəndə mübahisələr olur, erməni müəllimlər bunu boyunlarına almırdılar. Heç yadımdan çıxmaz, bir dəfə yenilikləri çatdırmaq erməni həmkarımızın bəxtinə düşmüşdü. Bu o ərəfə idi ki, ulu öndər Heydər Əliyev Moskvada Sov.İKP MK-nın Siyasi Bürosunda tutduğu vəzifədən uzaqlaşdırılmışdı. Erməni müəllimə bu xəbəri xüsusi intonasiya, ikrah və sevinclə, gülə-gülə çatdırdı. Onun simasındakı bu gizli sevinc və nifrət hissi biz azərbaycanlı müəllimlərin təəssüf və qəzəbinə səbəb olsa da təmkinimizi qorumağa çalışdıq. Böyük mübahisəmiz oldu. Əslində ermənilər Heydər Əliyev kimi dahi və uzaqgörən siyasətçinin Sovet rəhbərliyindən uzaqlaşdırılmasına ona görə sevinirdilər ki, ermənilər artıq öz çirkin planlarını rahat şəkildə, heç bir maneə və əngəl olmadan həyata keçirə biləcəkdilər. Çünki onun ölkəyə rəhbərliyi dövründə ermənilər azərbaycanlılara qarşı açıq-aşkar çıxış etməkdən, bu xarizmatik şəxsiyyətin gücündən çəkinirdilər. 1988-ci ilin fevralında Xankəndində başlanan etiraz mitinqləri daimi xarakter alaraq etiraz dalğası getdikcə güclənməyə başladı. Mitinqdən bir neçə gün sonra Bakıdan bir qrup polis əməkdaşı göndərildi. Onlar mitinq keçirilən ərazinin kənarında dayanır, müşahidə edir, ətrafa nəzarət edirdilər. Azərbaycanlı polislərin Bakıdan gəlməsi ilə şəhərin erməni sakinləri bir qədər sakitləşdi. Onlar hətta küçələrə çıxmağa da ehtiyat edirdilər. Lakin bu uzun çəkmədi. Polislərin Bakıya göndərilməsi ilə mitinqlər şiddətləndi. Onlar “Miatsum”, “Miatsum” (ermənicə “Birləşmə”) deyə qışqıraraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edirdilər. Azərbaycanlılara qarşı ittihamlar irəli sürülürdü ki, guya onlara burada yaşamağa imkan vermirik. Halbuki ən yaxşı və məsul vəzifələrdə ermənilər işləyir, gözəl güzəranla yaşayırdılar. 1988-ci ildəki Sumqayıt hadisələrindən sonra Xankəndində ermənilərin etiraz dalğası daha da gücləndi. Azərbaycanlı əhaliyə psixoloji təzyiq edilir, hücumlar olur, xəsarət yetirirdilər. Ermənilər bununla azərbaycanlı əhalinin könüllü olaraq şəhəri tərk etməsinə çalışırdılar. Lakin heç kim öz yurd-yuvasını tərk etmək niyyətində deyildi. 1988-ci il oktyabrın 18-i, 19-u və 20-i gecəsi ermənilər azərbaycanlıların yaşadığı bir qrup ev yandırıldı. Həmin gecə qonşudan bu hadisənin şahidi olduq. Üç gün sonra şəhərə komendant göndərildi və komendant saatı elan edildi. Təyin edilmiş komendant ciddi adam olduğundan ermənilər özbaşınalıqlarını davam etdirə bilmirdilər. Yanğınların qarşısı alınmışdı. Ona görə də ermənilər min-bir hiylə ilə onu da bölgədən uzaqlaşdırdılar.

─ Azərbaycanlı əhali bu təhlükələrdən özünü necə qoruyurdu?

─ Hər an təhlükə içində yaşamaq çətin idi. rus əsgərləri bir-bir azərbaycanlı evləri gəzir, bütün əşyaları alt-üst edir, silah axtarırdılar. Hətta quş tüfəngi görəndə belə onu zorla alırdılar. Əsgərlər mənim də evimə hücum çəkmiş, heç nə tapmayıb geri qayıtmışdılar. Ermənilər şayiə yaymışdılar ki, azərbaycanlılar onları incidir, hücum edir və s. Halbuki hər şey əksinə idi. Şuşaya gedən magistral yol Xankəndinin içindən keçirdi. Ermənilər həm piyadaların, həm də maşınların hərəkətinə əngəl törədirdi. Onlar yollarda barrikadalar qurmuşdular.

─ Müharibədə qohumlarınızdan kimləri itirmisiniz?

─ Qardaşım Adil Rəşidov ailəsi ilə Xocalıda məskunlaşmışdı. Fevralın 25-dən 26-na keçən gecə Xankəndində yerləşən 336-cı motoatıcı alayın hücumu zamanı qətlə yetirildi. Qardaşım oğlu Nazim Rəşidov da Xocalı soyqırımınının qurbanı oldu. Neft Akademiyasında təhsil alırdı.

─ Xankəndində ailənizlə necə yaşayırdınız?

─ Xankəndində valideynlərim və ailəmlə xoşbəxt və gözəl bir həyatımız vardı. Ermənilərin şəhərdə azərbaycanlılara qarşı azğınlaşmış hərəkətlərinə dözə bilmirdik. Hadisələrin təhlükəli hal almasından sonra Şuşaya köçməli olduq. Gecələr evimizdə rahat yata bilmirdik, odur ki, cavanlar və kişilər erməni hücumlarının qarşısını almaq üçün küçə və məhəllələrdə postlar yaradır, keşik çəkirdik. Çünki ermənilər evlərə qəfil hücum edərək yandırırdılar. Uşaqlarım onda körpə idi. Onların həyatına görə daim narahatlıq keçirirdim. Hər kəs belə idi. Odur ki, qaranlıqda uşaqlarımı və həyat yoldaşımı meşə yolu ilə Kərkicahana apardım. Şəhərin başından Kərkicahana 40-50 dəqiqəlik yol idi. Ancaq biz gecə meşədə gizlənə-gizlənə gəldiyimizdən qohumumuzgilə bir neçə saata çatdıq. Uşaqlar yolda xəstələndilər. Mən Xankəndinə qayıtdım. Ermənilər artıq evləri işıqsaçan güllələrdən atəşə tuturdular. Son günlər vəziyyət pisləşmişdi. Odur ki, azərbaycanlı əhali şəhəri tərk etməli oldu. Sonrakı dövrdə biz Şuşada məskunlaşdıq. Şuşanın işğalından sonra isə Bakıya pənah gətirdik. Uşaqlarım artıq böyüyüb. Ancaq az da olsa, oralar böyük oğlumun yaddaşında qalıb. Onlar da nə vaxtsa evimizə dönəcəyimiz günü gözləyirlər...

Söhbətləşdi: Əfsanə Bayramqızı