azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Müsahibə

Ramil Usubov: "İkimiz də İncəsənət İnstitutuna sənəd verdik, ancaq qəbul imtahanlarından kəsildik" 21 İyun 2013

“Mən düzlüyü də, təmizliyi də, haqq-ədalətə münasibəti də ondan öyrənmişəm”

Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin vəfatından 21 il ötür. Onunla orta məktəb yoldaşı, dost olmuş daxili işlər naziri, general-polkovnik Ramil Usubov müsahibə verib və xatirələrini bölüşüb.

Modern.az saytı nazirin müsahibəni təqdim edir.

- Cənab nazir, Şirin Mirzəyevlə ilk tanışlığınız haradan başlayıb?

- Mən onunla ilk dəfə 1969-cü ildə tanış oldum. O vaxt Xocalıda 11 illik orta məktəb yox idi. Buna görə də 8-ci sinifi bitərəndən sonra təhsilimi Xankəndindəki Nizami adına Beynəlmiləl məktəbdə davam etdirdim. Həmin məktəbdə oxuyan Şirin Mirzəyevlə münasibətlərimiz də elə o vaxtdan başladı.

- Bəs sonradan bu münasibətin yaxın dostluğa çevrilməsinə səbəb nə oldu? Axı Şirin Mirzəyev sizdən bir sinif yuxarıda oxuyurdu?

- Şirin Mirzəyevin də, mənim də ədəbiyyat və tarix fənninə böyük həvəsimiz var idi. Bu həvəs bizi məktəbimizdə özfəaliyyət dərnəyinin fəal üzvinə çevirmişdi. Yaxşı yadımdadır, Şirin Mirzəyev o vaxt Cəfər Cabbarlının “1905-ci ildə” əsərini tamaşaya hazırlayanda mənə də Aram rolunu oynamağı təklif etdi. Bundan sonra əlaqələrimiz daha da genişləndi. Biri-birimizlə sıx ünsiyyət saxladıq. Ürəyimizdəki oxşar arzular bizi doğmalaşdırdı.

- Şirin Mirzəyev məhz “1905-ci ildə” əsərini tamaşaya hazırlaması təsadüfi xarakter daşımırdı ki?

- Qətiyyən yox. O, həmişə xalqlar arasında dostluğun, mehribanlığın tərəfdarı idi. Buna görə də təkcə Azərbaycanın deyil, digər millətlərin də ədəbiyyatına, tarixinə böyük həvəs göstərərdi. Qısa bir müddət ərzində ermənicə yazmağı və oxumağı öyrənsə də Şirin Mirzəyev bədxah qonşularımızın ürəyinə hakim kəsilmiş qatı millətçilik hissini daim kəskin tənqid atəşinə tuturdu. Çünki o, millətçi deyildi. İnsanlara da milli mənsubiyyətinə görə yox, xarakterinə görə qiymət verirdi. Şirin Mirzəyev hansı ruhda tərbiyə almışdısa, başqalarını da o ruhda tərbiyə etməyə çalışırdı. Elə “1905-ci ildə” əsərini tamaşaya hazırlaması da onun bu niyyətindən irəli gəlirdi. Biz o vaxt uşaq olsaq da, bir yerdə oturub həmişə fikirləşirdik ki, xalqımıza harada daha çox xeyir verə bilərik. İkimiz də imkansız ailədə doğlumuşduq. 60-ci illərdə də həyatın öz çətinlikləri var idi və biz bu çətinliklərlə tez-tez üzləşirdik. Ona görəö də cəmiyyətdə rastlaşdığımız neqativ hallara qarşı mübarizə aparmaq həvəsi ürəyimizi heç vaxt tərk etmirdi. Təsadüfi deyildi ki, orta məktəbi bitirəndən sonra bu həvəs bizi Azərbaycan Dövlət İncəsənət İnstitutuna gətirdi. Ancaq qəbul imtahanlarında uğur qaza bilmədik və hər ikimiz hərbi xidmətə yollandıq.

- Cənab nazir, parta arxasında əyləşən Şirin Mirzəyev eyni məktəbdə təhsil almış bir şagird kimi onu başqalarından fərqləndirən cəhətlər haqqında nə deyə bilərsiniz?

- Hər şeydən qabaq Şirin Mirzəyev dostluqda son dərəcə sədaqətli bir insan idi. Düzlüyü, təmizliyi sevərdi. Yalan danışan adamlardan həmişə uzaq qaçardı. Yaxşını da, pisi də yoldaşlarının üzünə deyərdi. Öz hərəkəti və davranışı ilə tay-tuşlarını əyri yollardan çəkindirməyə çalışardı. Başqalarının çatışmayan cəhətlərini elə deyərdi ki, heç kəsin xətrinə dəyməsin. Mən onunla eyni məktəbdə üç il təhsil aldım. Hiss edirdik ki, Şirin Mirzəyev doğma vətənini canından çox sevən bir gənc kimi yetişir. Bu mənada onun inşa yazıları üçün həmişə sərbəst mövzuları seçməsi də təsadüfi deyildi. Həmin mövzuların əsas qəyasini Vətənə məhəbbət hissi, doğma yurdun tərənnümü təşkil edirdi. Onun əla qələmi, zəngin yaradıcılıq istedadı var idi, yaxşı rəsmlər çəkərdi. Doğma yurdumuzun ecazkar gözəlliklərini ağ vərəqlərə köçürməkdən zövq alardı. Qızılgül şəklini çəkməyi isə daha çox xoşlayardı. Mən onların Xankəndinəki evlərinə tez-tez gedərdim. Şirin Mirzəyevin çəkdiyi rəsmlər, ən çox isə qızılgüllər bu evdə xüsusi yer tuturdu.

O, ədəbiyyatla yanaşı, dəqiq elmlərə də böyük maraq göstərirdi. Xüsusilə, həndəsə və astronomiyanı çox yaxşı bilirdi. İndiki kimi yadımdadır, həndəsədən keçidiyimiz mövzuları başa düşməyəndə kağızda müxtəlif fiqurlar kəsib gətirir, bizim üçün qaranlıq qalan məqamları həmin fiqurların köməyi ilə izah edərdi. Xankəndində yay axşamları tez-tez şəhərin kənarına çıxar, ulduzları saatlarla seyr etməkdən doymazdıq. Belə anlarda astronomiya elmi ilə bağlı bəzi məsələləri, məsələn, Böyük Ay bürcü kimi anlyaışları mənə başa salar, ulduzların mənasını mənə açıqlayardı. Bununla belə, Şirin Mirzəyev öz savadı və istedadı ilə nəinki heç vaxt lovğalanmazdı, əskinə, biliklərini dostları və yaxınlara bölüşməyə çalışardı.

O vaxt biz-Xocalı, Malıbəyli və Kosalardan gəlmiş 20 nəfər uşaq Xankəndidəki yataqxanada qalırdıq. Şirin Mirzəyev dərsə gecikməyək deyə, hər səhər tezdən gəlib bizi yuxudan oyadar, özü ilə imkanı daxilində sovqat gətirməyi unutmazdı. Sözümün canı odur ki, Şirin Mirzəyev təkcə mənə qarşı deyil, təmasda olduğu bütün yaşıdlara qarşı həssas və mehriban idi. Buna görə də bizim aramızda ona hörmət bəsləməyən bir nəfər də məktəbli tapa bilməzdin. O, yaşıdlarının hamısı üçün əsil örnək idi. Şəxsən mən düzlüyü də, təmizliyi də, haqq-ədalətə münasibəti də ondan öyrənmişəm. Xarakterimdəki əksər müsbət cəhətlərin formalaşmasında uşaqlıq və gənclik dostum Şirin Mirzəyevin əvəzsiz rolunu qiymətləndirməyə bilmərəm.

O, əsl insan idi. Təmizliyini, düzgünlüyünü, Vətənə məhəbbətini ömrünün son gününə kimi qoruyub saxladı.

- Cənab nazir, bəs orta məktəbi bitirəndən sonra necə, bir-birinizlə əlaqə saxlayırdınız?

- O vaxt tale elə gətirdi ki, biz ayrıldıq. Şirin Mirəzyev Leninqraddakı Ali Siyasi Hərbi Məktəbə daxil oldu. Mən əsgrəliyə yollandım. Xidmətimi başa vurub geri qayıdandan sonra isə Bakı Milis Məktəbində təhsil aldım. Bu müddət ərzində bir-birimizlə tez-tez məktublaşır, sıx əlaqə saxlayırdıq. Yaxşı yadımdadır, 1966-67-ci illərdə mən Ballıca kəndinəki orta məktəbdə bir il dərs deməli oldum. Şirin Mirəzyev az qala hər ay 8-10 km yolu piyada mənim yanıma gələrək vəziyyətimlə maraqlanardı. Dediyim kimi dostluğa sədaqətlilik hissi hədsiz dərəcədə böyük idi. Bu hiss bizi bir-bizimilə daha yaxınlaşdırır, tez-tez görüşdürürdü.

- Bu görüşlər zamanı söhbətinizin məğzini hansı mövzular təşkil edirdi? Şirin Mirəzyevlə son görüşünüzü necə xatırlayırsınız?

- Şirin Mirəzyev Ali Hərbi Məktəbə yalnız bir məqsədlə daxil olmuşdu: gəncləri yurda layiq övlad kimi yetişdirmək və onları əsl vətənpərvər ruhda formalaşdırmaq. Zənnimcə xidmət etdiyi 25 ildən artıq müddət ərzində o, bu vəzifənin öhdəsindən layiqincə gələ bildi. Hələ keçmiş SSRİ dövründə Daxili Qoşunlar Alayında xidməti borcunu yerinə yetirirərkən Şirin Mirəzyev tez-tez yanıma gələrdi. O vaxt mən Respublika Cinayət Axtarış İdarəsinin rəisi vəzifəisndə çalışırdım. Təzə-təzə qızışan münaqişənin vaxtında sülh yolu ilə həll etmək, baş verə biləcək ağır hadisələrin qarşısını almaq üçün erməni təcavüzünün ilkin mərhələsində Azərbaycanın dövlət nümayəndələri Dağlıq Qarabağa, daha dəqiq desək, Xankəndinə göndərilirdi. Ancaq bəzi rəhbər işçilər ora getməkdən, məsuliyyəti öz çiyinlərinə götürməkdən boyun qaçırırdılar. Vaxtı ilə xidməti vəzifəmlə əlaqədar 14 il vilayətin daxili işlər orqanlarında xidmət etdiyimə görə Dağlıq Qarabağın əməliyyat şəraitini yaxşı bilirdim. Mütəmadi şəkildə Xankəndinə ezam olunurdum. Hələ həmyerlilərimiz doğma od-ocaqlarından çıxarılmamışdı. Ancaq əhalinin vəziyyəti həddindən artıq gərgin və ağır idi. Belə bir vaxtda Şirin Mirəzyev tez-tez mənim yanıma gələr, Qarabağa göndərilməsindən ötrü ona köməklik göstərməsini xahiş edərdi. Deyərdi ki, səksəkə içində yaşayan əhaliyə bəlkə də, hardasa xeyri dəydi. Bu məqsədlə o vaxt Xankəndidə oturan Azərbaycanın ikinci katibi Viktor Polyaniçkoya 2-3 dəfə Şirin Mirəzyev, bir dəfə də şəxsən özüm müraciət etdim. Dedi, baxaram. Ancaq təəssüf ki, niyyətimiz baş tutmadı. Müəyyən səbəblər üzündən Şirin Mirzəyevin Qarabağda xidmət etməsinə imkan vermədilər. Ən əsas bəhanələri də bu oldu ki, azərbayucanlı komandirin Xankəndinə gəlişi ermənilər tərəfindən yaxşı qarşılanmayacaq. 88-ci ilin sentyabrından yurddaşlarımız vilayət paytaxtından qovulmağa başlayanda isə Şirin Mirəzyev isə dözə bilmədi. Torpaqlarımızı müdafiə etmək məqsədilə azad sürətdə yeni qüvvələr toplamaq üçün qəti qərara gəldi. Bu dövrdə biz təqribən həri iki aydan bir görüşürdük. Söhbətlərimizin əsasında yeni yaradılan Azərbaycan ordusunun mövcud vəziyyəti və xüsusilə də müdafiə məsələləri dayanırdı. Şirin Mirzəyev nizam-intizamın aşağı səviyyədə olmasından və ordudakı özbaşınalıqdan, həmçinin rəhbər vəzifədə çalışan bəzi adamların xəynaətkar siyasətindən ürək ağrısı ilə gileylənərdi. Rəhim Qazıyevin Şuşadan Xankəndinə, Xankəndidən Ağdama gəlmək kimi mənasız vədlərinə həmişə rişxəndlə yanaşırdı. Ermənilər Ağdamın kəndlərinə hücum edəndə onun yeni yaratdığı taborun hərbi səviyyəsi çox aşağı idi. Şirin Mirzəyev buna görə həddindən artıq əziyyət çəkirdi və tableyindəki əsgərlərə qısa bir müddət ərzində döyüş taktikasını öyrətməyə çalışardı. Vaxtın azalığından gileylənə-gileylənə ürək ağrısı ilə deyərdi ki, uşaqların ölümünə əsas səbəb onların səriştəzisliyidir. Şirin Mirzəyev həm də yuxarıdakı hərc-mərcliyin, çəkişmələrin düşmənimizə nə qədər xeyir verməsini də xüsusi ilə vurğulayaraq, ordumuzun müvəffəqiyyətsizliyə uğramasının əsas səbəbini bunda görərdi. Arada isə əhalinin hansısa bir kəndi qoyub qaçmasında bəzən ayrı-ayrı adamların şəxsi marağı olduğunu qeyd edər, talançılıq faktlarından danışardı.

- Şirin Mirzəyev ürəyinin diktəsinə qulaq asır, özünü odun-alovun üstünə atmışdı. O, ali bir məqsəd uğrunda mübarizə aparırdı. Ancaq təəssüflə qeyd etməliyik ki, bu yolda Şirin Mirzəyevə maneçilik törədənlər, onun arzularının qarşısına sipər çəkməyə çalışanlar da yox deyildilər...

- Mən, ümumiyyətlə, Şirin Mirzəyev haqqında həyacansız danışa bilmirəm. O, torpaqlarımızın bütövlüyü naminə öz canını qurban verdi. Vətəninə bağlı insan üçün bundan özgə yol varmı? Yurdumuzun yağı təcavüzünə məruz qaldığı bir vaxtda o hadisələrə kənardan baxa bilməzdi. Vucdanı, amalı buna imkan vermirdi. Hələ o vaxt Şirin Mirzəyev öz qohum-qardaşlarını Xankəndidən hamıdan sonra çıxarmış və Ağdamın kəndlərində yerləşdirmişdi ki, doğma ocaqdan uzaq düşməsin, dədə-baba yurdunun ətrini duysun və nəhayət, özgələrinə nümunə olsun. Bu mənada Şirin Mirzəyevin xalqını sevənlər tərəfindən həmişə yüksək qiymətləndirilməsinə şəxsən mən heç vaxt şübhə ilə yanaşmamışam. Əlbəttə, son illər baş verən hadisələrdən öz şəxsi mənafeyi üçün istifadə edən adamlar az deyildi. Belələri, təbii ki, Şirin Mirzəyevə düşmən kimi baxmaya bilməzdi. Çünki o, ağlı kəsəndən naqis hərəkətə yol verməzi, Vətən, el-oba qarşısında günah işlədənləri bağışlamazdı.

- Haqq nazilər, ancaq üzülməz. Şirin Mirəzyevin hələ sağlığında qazandığı ada ölümündən xeyli sonra ölkə başçısı tərəfindən layiq görülıməsi bizi ürəkdən sevindirdi.

- Şirin Mirzəyev çox sadə və qətiyyətli bir insan idi. Şan-şöhrət kimi ucuz hisslərə qapılmırdı. Ad, rütbə həvəsi ilə yaşamırdı. Ancaq onu tanıyanlar istəyirdilər ki, bu vətən oğlunun qəhrəmanlığına qiymət verilsin. Ona görə də bu xeyirxah arzunu həyata keçirdiyi üçün Respublikamızın prezidenti Heydər Əliyevə dərin minnətdarlığımızı bildiririk. Qəhrəmanlıq heç vaxt unudulmur. Heç vaxt yaddan çıxmır. Elə ona görə də mənim bir insan kimi formalaşmağımda müstəsna rol oynayan Şirin Mirzəyevin ölümünə inanmıram. Şirin Mirzəyev mənim ürəyimdə və işıqlı xatirələrimdə həmişə yaşayacaq!..

P.S. Qeyd edək ki, general-polkovnik Ramil Usubovun bu müsahibəsi Milli Qəhrəman Şirin Mirzəyev haqqında işıq üzü görən “Sərkərdə” kitabında dərc olunub.

Modern.az