Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Müsahibə ::: Deputat Flora Qasımova: “Bəzi nazirliklərə müraciət edirsən, cavab vermirlər...” 29 Mart 2015 :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Müsahibə

Deputat Flora Qasımova: “Bəzi nazirliklərə müraciət edirsən, cavab vermirlər...”
29 Mart 2015

Bu il Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək.

Virtualaz.org saytı seçkiyə qədərki müddətdə Milli Məclisin üzvləri ilə həmsöhbət olmağa, deputatların geridə qalan 4 ildən çox bir vaxtda gördüyü işlərin nədən ibarət olduğunu, növbəti parlament seçkilərində iştirak edib-etməyəcəyini öyrənməyə çalışacaq.

Saytımızın budəfəki qonağı 122 saylı Xankəndi seçki dairəsindən 2010-cu ildə millət vəkili seçilən Flora Qasımovadır.

Parlamentin İnsan Haqları Komitəsinin üzvü olan Flora Qasımova Milli Məclisdə az çıxış edən, mətbuatda müsahibə və açıqlamaları çox az yer alan deputatlardandır. Bu səbəbdən də belə deputatlar bəzən mətbuata qapalı deputat kimi tanınır.

Xanım deputat haqda hətta internetdən də yetərli məlumat əldə etmək mümkün deyil. Vikipediyada deputat haqda sadəcə millət vəkili və Milli Qəhrəman, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşı olması haqda məlumat var.

Bunları nəzərə alaraq Flora Qasımova ilə müsahibəni təqdim etməzdən əvvəl onun haqda elə özünün təqdim etdiyi qısa məlumatı verək.

Flora Qasımova 1947-ci ildə Xankəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Pedaqoji İnstitutun riyaziyyat fakültəsini qəbul olub. İnstitutu bitirəndən sonra Xankəndinə təyinat alan F.Qasımova orada riyaziyyat müəllimi işləyib. Bir müddət məktəbin tədris hissə müdiri vəzifəsində çalışan F.Qasımova Xankəndi Şəhər Partiya Komitəsinə təyinat alıb və burada təlimatçı işləyib. Ardınca isə vilayət sovetinə deputat seçilib.

Ailə həyatı qurandan sonra yoldaşı hərbçi olduğuna görə təyinata uyğun olaraq İrəvana, daha sonra isə Bakıya köçüblər. Bakıda bir neçə orta məktəbdə dərs deyib. 1994-cü ildən isə Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsində ümumi şöbənin rəhbəri olub. 2006-cı ildə yaşa görə pensiyaya çıxıb. Millət vəkili seçilənədək pensiyaçı olub.

İki övladı var. Qızı Xarici Dillər Universtetinin ingilis dili fakültəsini bitirib. Hazırda İqtisad Universitetində dərs deyir. Oğlu isə Türkiyədə Polis Akademiyasını bitirib və indi DİN-də çalışır.

-Flora xanım, 4 ildən çoxdur ki, millət vəkili kimi fəaliyyət göstərirsiniz. Bu illər ərzndə qarşılaşdığınız problemlər nələr olub?

-122 saylı Xankəndi seçki dairəsindən deputat seçilmişəm. Xankəndi Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olub. Xankəndində 10 mindən çox azərbaycanlı yaşayırdı. Xankəndi inkişaf etdikcə, sənaye müəssisələri, fabriklər açıldıqca qonşu Azərbaycan rayonlarından da işçi qüvvəsi gəlirdi. Azərbaycanlıların sayının getdikcə artması erməniləri narahat edirdi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistana birləşdirmək istəyirdilər. Ermənilər bu məqsədlə aksiyalar da keçirirdi. Xankəndində yaşayan azərbaycanlıların sayı ermənilər tərəfindən bilərəkdən az göstərilirdi. Xankəndinə işləməyə gələn azərbaycanlıları qeydiyyata almırdılar.

Azərbaycanda hazırda respublika xaricində yaşayanları nəzərə almasaq, 10 mindən çox xankəndili yaşayır. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv ediləndən sonra Xankəndi ilə bağlı icra strukturu yaradılmadı. Xankəndinin icra strukturu niyə yaradılmadı - bilmirəm. 10 min nəfər də az deyil. Onların birlikdə tabe olduğu, birləşdiyi icra strukturu olmalı idi. Necə ki, digər rayon və şəhərlərdə var. Mən 2010-cu ildə deputat seçiləndə heç Xankəndinin şəhid ailələri haqda dəqiq məlumat da əldə edə bilmirdim. Xankəndi respublika tabeli şəhərdir. Bir də Kərkicahan qəsəbəsi var. Kərkicahan əvvəl kənd olub. Sonra yeni evlər tikildikdən, əhalisinin sayı artdıqdan sonra 1991-ci ildə qəsəbə status aldı. Xankəndinin seçki dairəsi 2005-ci ildə cənab prezident tərəfindən yaradıldı. İcra strukturu isə nədənsə gecikdi. Xankəndindən olan bəzi sakinlər ayrı-ayrı rayonlara daimi qeydiyyata düşdülər. Qalanlarının sosial məsələlərinin həlli isə Xocalı Rayon İcra Hakimiyyətinin tabeliyinə verildi.

-Millət vəkilliyinə namizəd olarkən qarşınıza hansı məqsədi qoymuşdunuz?

-Deputat seçilərkən bəzi məqsədlərim var idi. Deputat seçilməmişdən də Xankəndindən olanlar məni bir ziyalı kimi tədbirlərə dəvət edir, orada da icra strukturu yaratmağın vacibliyindən danışırdılar. Xankəndindən olanları arasında bağlılıq yaratmaq lazım idi. Onlar 18-dən çox rayonda məskunlaşıb. Onların arasında əlaqəni möhkəmləndirmək lazım idi. Xankəndindən olan bəzi insanlar Ağdam, Şuşa köçkünü kimi qeydiyyata alınıb. Təkcə Şuşa rayonunda 880-dən çox Xankəndi köçkünü qeydiyyata alınıb. Ermənilər bütün dünyanı yığır Xankəndinə, bütün dünyaya deməyə çalışırlar ki, onlar burada yaşayırlar. Amma bizdə Xankəndindən olanların niyə səsi çıxmır, onlar niyə yoxdur? Bu məsələni qarşıma məqsəd qoymuşdum - Xankəndindən olanları bir araya gətirmək.

Xankəndində məktəb, Tibb Texnikumu, Pedaqoji İnstitut, musiqi məktəbləri olub. Xankəndi işğal ediləndən sonra heç biri onun adı ilə adlandırılmayıb. Xankəndinin adı ilə bağlı heç bir qurum da fəaliyyət göstərmirdi.

Qarşıma məqsəd qoymuşdum ki, heç olmasa məktəbləri bərpa edim. Bu təklifim razılıqla qarşılandı. 2012-ci ilin sonunda cənab prezidentin göstərişi ilə Xankəndi orta məktəbi bərpa edildi. Bu, 24 il sonra mümkün oldu. Nizami adına Xankəndi tam orta məktəbi hazırda Ramanada fəaliyyət göstərir. Bu məkətbin heç adı da yox idi. Xankəndindən çıxanda bu məktəbin 700 şagirdi var idi. 3 il bu məsələni araşdırdıq. Arxiv sənədlərini tapdıq. Müvafiq qurumlara müraciət edəndən sonra nəticə əldə edə bildik. Hazırda bu məktəbdə Xankəndindən və digər rayonlardan olan məcburi köçkün uşaqları təhsil alır. Məktəbin direktoru, tədris hissə müdiri və bir çox müəllimləri Xankəndindəndir.

Başqa bir məktəb də 6 saylı Xocalı-Kərkicahan məktəbidir. Bu məktəbin də adında “Xankəndi” sözü yox idi. Nazirlər Kabinetinə və Təhsil Nazirliynə müraciət etdik. Bir neçə ay çalışandan sonra məktəbin adına “Xankəndi” sözünü əlavə edə bildik. Axı biz Xankəndinin adını hər yerdən silə bilmərik. Xankəndindən olanlar bunu bilməlidir. Artıq yaşlılar dünyasını dəyişir. Bəs gənclər? Onların heç olmasa sənədlərində Xankəndinin adı olmalıdır. Axı biz ora qayıdacağıq. İllər uzandıqca bu hadisələrin şahidləri dünyasını dəyişir. Biz gənclərə, yeni doğulanlara nə deyəcəyik? Mən Xankəndindən olanlara deyirəm ki, yaşadığınız küçənin, evin, məhəllənin adını öyrənin, unutmayın, unutdurmayın...

-Görünən budur ki, ən əsas məsələ sizin də bir neçə dəfə gündəmə gətirdiyiniz, lakin həlli hələ də mümkün olmayan Xankəndi Şəhər İcra Hakimiyyətinin yaradılmasıdır...

-Xankəndinin öz icra hakimiyyətinin olması mütləqdir. Bu, siyasi məsələdir. Beynəlxalq təşkilatlarda təmsil olunan ermənilər iddia edirlər ki, Xankəndində azərbaycanlılar yaşamayıb. Bu haqda bəzi erməni deputatlar da fikirlər səsləndirir. Onlar deyir ki, biz Xankəndindən köçkünlərimizin olması haqda əsassız məlumatlar yayırıq. Halbuki bizim Xankəndində 4 qəbiristanlığımız olub.

Azərbaycanlılar 1988-ci ildə Xankəndindən çıxsa da Kərkicahanda kompakt şəkildə yaşayıblar.

-Xankəndindən olanlar müxtəlif yerlərdə məskunlaşıb. Deputat seçildikdən sonra olanları bir araya toplaya bildinizmi? Bunun üçün nə etdiniz?

-Fikirləşdik ki, bir QHT yaradaq, sayt açaq. Bəlkə insanları bir araya gətirə, gəncləri bir araya yığa bildik. Bir ildən azdır ki, Xankəndi Məcburi Köçkünlərinə Dəstək İctimai Birliyini yaratmışıq. Təşkilat aktivdir. Özüm QHT-nin fəaliyyətində tam olaraq iştirak etməsəm də yaxından dəstək oluram, məsləhətlərimi verirəm. Təşkilatımız QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən fəaliyyətinə görə mükafatlandırılan 23 təşkilatdan biri olub.

Xankəndi ilə bağlı ali məktəblərdə tanışlıq sərgiləri keçirdik. İnsanlar Xankəndi haqda çox az məlumata malikdir. Mən özüm Bakıda təhsil almışam. O vaxt tələbələr bir-birindən soruşurdular ki, hardansan. Mən deyəndə ki Stepanakertdənəm, deyirdilər Ermənistandansanmı. Bilmirdilər ki, Stepanakert Azərbaycanındır.

Şuşaya gedənlər Xankəndinin yanından keçib gedirdi. Amma Xankəndi haqda məlumatsız idilər. Xankəndində ermənilər çoxluq təşkil edirdi. Onlar rahat yaşayırdı, biz isə sıxılırdıq. Tək-tük azərbaycanlı Xankəndində vəzifədə idi.

Hazırda Xankəndi haqda film üzərində işləyirik. Ssenarisi hazırdır. Xankəndi deyəndə çox insan elə adi kənd kimi fikirləşir. Bunların hamısı məlumatsızlıqdandır. Tarix dərsliklərində də Xankəndi haqda az məlumat verilir. Hazırladığımız filmin tarix dərsliklərində şagirdlərə təqdim olunmasını təklif etmişik. Xankəndi hər şeyin başlanğıcıdır. Elə ermənilər oradan başladılar dünyaya meydan oxumağa, bu yalanlarını yaymağa. Niyə də olmasın, biz niyə Xankəndi haqda dəqiq məlumatları Azərbaycan ictimaiyyətinə, dünyaya niyə çatdırmayaq?

Parlament seçkilərindən sonra Xankəndindən olanlarla görüş təşkil etdim. İnanın ki, cəmi 30-40 nəfər insan gəlmişdi. Kənardan baxanlar deyirdilər ki, axı bunlar neçə nəfərdir ki... Amma keçirdiyimiz görüşlərdən, mövcud paroblemlərin həll edilməsindən sonra yavaş-yavaş yığılırlar, sayımız artır. Gəncləri yığmaq çox çətindir. İki dəfə gəncləri yığmaq istədik. 9-10 nəfər gəldi. Bəs hanı bu gənclər? Sabah biz Xankəndinə qayıtsaq, ora üçün kimləri hazırlamışıq? Biz Xankəndi üçün hazırlaşmalıyıq. Mütəxəssislərimiz olmalıdır. Görüləcək iş çoxdur. Amma bunları edə bilmədim, çatdıra bilmədim.

-Bəs yığılan gənclər? Onlar necə oldu?

-Bir neçə nəfər yığdıq. Hətta gənclər təşkilatına sədr də seçdik. Amma çox passiv oldular. İndi fəaliyyət göstərən təşkilatlara baxıram. Orada bir nəfər də olsun Xankəndindən olan gənc yoxdur. İstəyirəm ki, bir nəfər Xankəndindən gənc olsun, ona hər cür dəstək olum. Beynəlxalq tədbirlərdə iştirak etsin, Xankəndini təmsil etsin, Xankəndi ilə bağlı həqiqətləri dünyaya çatdıra bilsin. Amma yoxdur, tapa bilmirəm.

Təşkilatda olan gənclərə dəstək oluram. Sədr mənim şagirdimdir. Onlar üçün əlimdən gələni edirəm, yol göstərirəm.

-Bəs seçicilərinizlə harda görüşürsünüz? Onları necə bir araya yığırsınız?

-Seçicilərimin çoxu Gəncədə, Ağcakənddə və Bakıda məskunlaşıb. Ağcabədi, Bərdə, Kürdəmir və Mingəçevirdə də görüşlər keçirmişəm. Bakıda təşkilatın ofisində görüşürük. Başqa seçicilərimlə görüşməyə yerim yoxdur. O biri deputatların rayonlarda yerləri var, köməkçiləri var. Mənim yerim yoxdur.

-Bəs şikayətə gələnlərlə harada görüşürsünüz?

-Milli Məclisdə. Köməkçim də Milli Məclisdə olur. Problemləri olanlar tək-tək parlamentin qəbul otağına gəlirlər. Orada qəbul edirəm. Seçicilərimdən qaçmıram.

-Onlar əsasən hansı məsələlərlə bağlı müraciət edir?

-İşlə bağlı müraciətlər çox olur. Sosial məsələlərin həlli ilə bağlı istəklər olur. Əlimdən gələn qədər kömək edirəm. Edə bilməyəndə də yol göstərirəm. Əlaqədar qurumlara yönləndirirəm. Amma həll edilib-edilmədiyini deyə bilmərəm.

Elə müraciətlər olur ki, görəndə təəccüblənirsən. İnsanlar rayonlardan durub Bakıya gəlirlər. Amma gəl ki, bunun həlli rayonlarda, yerlərdə də mümkündür. Bunu həll etmək istəmirlər. Bəzi rayon icra hakimiyyətləri müraciətlərə baxmır.

Bir dəfə vətəndaşlardan birinin müraciəti ilə bağlı icra başçısının müavininə zəng etmişdim. Deyirəm ki, bəs, filan vətəndaş şikayətçidir, problemi var, deyir özümü öldürmək istəyirəm. Deyirəm bəs siz bunu qəbul edib dinləmisinizmi ki, problemi nədir...

İcra başçısının müavini qayıdıb mənə dedi ki, “mən anket doldurmuram, vətəndaşın dərdini onun özündən soruşun”.

Bax, bu adama nə deyəsən?! Millət vəkili ilə belə danışan adam vətəndaşla görün necə danışır. Cənab prezident məmurlara həmişə deyir ki, xalqın arasına gedin, vətəndaşların problemləri ilə maraqlanın. Amma bəzən belə hallar da olur. Bu, bizim böyük çətinliyimizdir.

Deputat işə götürən deyil, maddi yardım edən deyil. Bəlkə də icra hakimiyyətlərinin belə imkanı var. Amma deputatın bu imkanı yoxdur. Bəzən bölgələrdə icra hakimiyyətləri vətəndaşın kiçik problemini həll etmir. Baxırsan elə müraciətlə gəlirlər ki, təəccüblənirsən. Bir az mərhəmət lazımdır, vətəndaşı dinləmək lazımdır. Mərhəmətli olmaq insan olmaq deməkdir. İnsanlıq elə mərhəmətli olmaqdan başlayır. Mərhəmətli deyilsənsə, deməli, insan deyilsən.

-Xocalı Rayon İcra Hakimiyyəti ilə əməkdaşlığınız, əlaqəniz necədir? Xankəndindən olanların problemini necə həll edirsiniz?

-Bütün Xankəndi sakinləri ilə bağlı məsələlər Xocalı Rayon İcra Hakimiyyətinin səlahiyyətindədir. Xocalıdan olanları da nəzərə alsaq, bu qədər insanın problemi ilə maraqlanmaq çətindir. Amma bilmirəm tam olaraq necə olur. Onlarla görüşə bilirlərmi, ya yox? Mən bu günədək Xankəndindən cəmi iki nəfərə - bir şəhid ailəsinə, bir də əsir düşən şəxsə mənzil alması üçün kömək etmişəm.

Çalışıram mən də şəhid ailələri ilə görüşüm, onlara dəstək olum. İlk araşdırma aparanda deyirdilər ki, Xankəndindən 13, Kərkicahandan da 13 nəfər şəhid var. Amma sonradan məlum oldu ki, 70-dən çox şəhidimiz var. 25 nəfər hər iki valideynini itirən Xankəndindən olan insan var.

-Həll edilməli çox problem var deyəsən...

-Bəli. Amma icra hakimiyyəti yaradılsa, xeyli problemin öhdəsindən qısa zamanda gəlmək olar.

-Milli Məclisdə az çıxış edirsiniz. Məsələn, elə bu problemi yenidən gündəmə gətirmək olar...

-Bu məsələ haqda danışmışam. Təklif irəli sürmüşəm. Sədr Oqtay Əsədov da bu təklifi müsət qiymətləndirib. Prezident Administrasiyasına da iki dəfə müraciət etmişəm. Bu işi heç olmasa nümayəndəlik səviyyəsində görmək olar. Bilmirəm, bəlkə də daha gecdir...

-2010-cu il parlament seçkilərindən danışaq. Seçkilər necə oldu? Rəqibləriniz kimlər idi? Seçki təbliğatı aparmaq çətin oldumu?

-Mən özüm 23 yaşımda vilayət sovetinin deputatı seçilmişəm. Birinci dəfə deyil ki, deputat seçilmişəm. Bir gəncliyimdə, bir də indi.

2010-cu ildə seçildiyim dairədən 16 nəfər namizdəliyini irəli sürmüşdü. Bu namizədlərdən 5-i Xankəndindən idi. İkisi elə öz şagirdim idi. Heç biri də namizədliyini geri götürmədi. Biri gəlib dedi ki, müəllimə, nə edim. Dedim axıra qədər get, namizədliyini geri götürmə. Mən şagirdlərimlə fəxr etmişəm. Gənclərə yol göstərmək lazımdır.

Seçkilərdə şagirdlərimin çoxu mənə dəstək oldu. Hər rayondan zəng edib deyirdilər ki, müəllimə, biz sənin yanındayıq, narahat olma. Şagirdlərinin sevgisini qazanmaq böyük xoşbəxtlikdir.

Seçkilər zamanı Xankəndindən olanlar seçki məntəqələrinə gəlmək istəmirdi. Mən onlara səslənib deyirdim ki, seçki məntəqələrinə gəlin, kimə səs verməyinizdən asılı olmayaraq. Gəlin ki, sizi görsünlər. Xankəndililər yoxa çıxmışıdı. Mən onları seçkilərə belə səsləmişəm. Heç vaxt “mənə səs verin” deməmişəm.

Seçki təbliğatını aparmaq çətin olmadı. Xankəndindən olanlar məni, ailəmi yaxşı tanıyırdılar. Anam uzun illər müəllimə işləyib. Şəhid olmuş həyat yoldaşım Şirin Mirzəyev Milli Qəhrəmandır.

-Deyəsən, millət vəkili olmaq sizin üçün çətin olub...

-Bəli. Çox çətin oldu. Ən çətini də müraciət edən vətəndaşa imkanların xaricində olduğu üçün yardım edə bilməməkdir. Bilirsən ki, bu vətəndaşın yardıma ehtiyacı var, amma edə bilmirsən. Hansısa məmurun, nazirin qəbuluna düşə bilməyən insanlar var. Onlara kömək eləməyimi xahiş edirlər.

Mən özüm uzun müddət Daxili İşlər Nazirliyində işləmişəm. O zaman nazirliyə deputatlardan gələn müraciətlər nazirin imzası ilə dərkənar yazılırdı və nəzarətə götürülürdü. İcra müddəti 15 gün yazılırdı. Elə bilirdim ki, deputatların müraciətlərinə belə asanlıqla baxılır. Amma indi gördüm ki, belə deyil. Bəzi nazirliklərə müraciət edirsən, cavab vermirlər. Təsəvvür edin, deputatın müraciətinə cavab verilmir. Bakıda, rayonlarda bu qədər inkişaf var. Bunların hamısı vətəndaşlar üçün edilib. Dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Görülən bütün işlər xalq üçündür. Vətəndaş burada özünü niyə rahat hiss eləməsin? Dövlət vətəndaş üçün hər cür şərait yaradır. Məmurlar da yerlərdə, bölgələrdə buna əməl etməlidir.

-Bu qədər çətinlikdən sonra növbəti parlament seçkilərində iştirak etmək fikriniz varmı?

-Hələ qərar verməmişəm. İndidən desəm, o qədər namizəd olacaq ki... (gülür). Mən istəyərəm yeni namizəd gənc olsun. Xarici dilləri yaxşı bilsin, tariximizi bilsin, ermənini susdura bilsin, bizi beynəlxalq tədbirlərdə layiqincə təmsil etsin. Belə gənclər istəyirəm.

Belə gənclərimiz var. Ermənilər elə düşünürdülər ki, Dağlıq Qarabağda doğulan uşaqlar vaxt uzandıqca bu torpaqları unudacaqlar, onu istəməyəcəklər, onun uğrunda mübarizə aparmayacaqlar. Amma geridə qalan illər bunun tamamilə əksini göstərdi. “Xocalıya ədalət” kampaniyası çərçivəsində başda Leyla xanım Əliyeva olmaqla minlərlə gəncimiz Xocalı, Qarabağ məsələsini dünya ictimaiyyətinə çatdırır. Dünyanın əksər ölkələrində “Xocalıya ədalət” deyilir. Yaxud İngiltərədə Tale Heydərovun, Amerikada Anar Məmmədovun gördüyü işlər. Onlar da Azərbaycanı layiqincə təmsil edirlər. Yəni vətənpərvər gənclərimiz çoxdur. Bu cür işlər bir daha göstərir ki, Azərbaycan xalqı torpaq itkisi ilə barışmayacaq.

-Yəni belə gənclərlə yerinizi dəyişməyə hazırsınız...

-Əlbəttə. Belə gənclərlə yerimi dəyişməyə məmnuniyyətlə razıyam. Özüm bu məsələni diqqətdə saxlayıram. Əgər belə bir gənc varsa, özüm ona hər cür dəstək olacam.

İlkin Muradov

Fotolar Vüsalə Abdullayevanındır

Virtualaz.org